Modern.az

Azərbaycanda bu qanun ləğv edilir

Azərbaycanda bu qanun ləğv edilir

İqtisadiyyat

3 Mart 2016, 14:55

“Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun ləğv edilir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında komitənin sədri Əhliman Əmiraslanov məlumat verib. Qanunun ləğv edilməsi ilə bağlı layihə parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.

***

Səhiyyə komitəsinin bugünkü iclasında "Azərbaycanda vərəmlə mübarizə haqqında" qanuna dəyişiklik edilməsi təklif də irəli sürülüb.

Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyənlər icbari qaydada sığorta ediləcəklər.

Dəyişikliyə görə, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcək.
Qanuna təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

Vərəm xəstəliyi ilə bağlı parlamentdə dinləmələr təşkil olunacaq. Bu haqda deputat Məlahət İbrahimqızı parlamentin Səhiyyə komitəsinin bu günkü iclasında təkliflə çıxış edib.

Deputat söyləyib ki, parlament və onun komitələri tərəfindən bu və ya digər məsələlərlə bağlı mütəmadi dinləmələr keçirilir: “Ona görə istərdim ki, növbəti dinləmələrdən biri də vərəm xəstəliyi ilə bağlı olsun".

Onun təklifi həmçinin komitə sədri Əhliman Əmiraslanov tərəfindən də dəstəklənib:

"Vərəm xəstəliyi bu gün dünyanın çox ciddi tibbi problemlərindədir. Qabaqlar bəzən belə fikirlər səslənirdi ki, bu xəstəliyə yoluxanların sayı azalıb, o zamanlar bu fikirlərdə haradasa həqiqət vardı. Düzdür, bu xəstəliyə qarşı mübarizə ilə bağlı tibb aləmində yeniliklər çoxdur, amma bu, o, demək deyil ki, bu xəstəlik digər xəstəliklərlə müqayisədə geridə qalır. Bu xəstəliyə yoluxanların sayı heç də azalmayıb və o, çox ciddi problem olaraq qalır. Ona görə mən də belə hesab edirəm ki, bu yöndə dinləmələrin keçirilməsi məqsədəuyğun olar”.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...