Yazının başlığı sizi təəcübləndirməsin. Gec-tez mən bunu yazmalıydım. Və ona deyə bilmədiklərimi yazmaq üçün düşündüm ki, bü gün əsl məqamdır. Çünki bu gün onun doğum günüdür. Yəqin ki, ovqatının bu xoş vaxtında yazdıqlarımı səmimiyyətlə qarşılayacaq. Hər halda buna ona görə inanıram ki, bu xanım olduqca səmimi insandır. Söhbət "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin redaksiya müdiri, əməkdar jurnalist Sevda Mehrəliyevadan gedir. Bəli, çoxlarınızın yaxşı tanıdığınız Sevda xanımdan.
Sevda xanımın xarakterini təkcə səmimiyyəti ilə ölçmək istəməzdim. Çünki o, həm də sabit düşüncəli, dəyişməz xarakterli, sözünü deməyi və sübut etməyi bacaran, işində mükəmməl olan bir xanımdır. Həm də bir az sərtdir. Deyəsən sərt ifadəsini mən özüm də bir az sərt işlətdim. Amma bunun şahidiyəm...
İki il öncə Modern.az saytına dünyanın tanınmış görkəmli siyasi xadimləri ilə bağlı silsilə yazılar təqdim edirdim. Növbəti yazım adı tarixə "Amerikanın atası" kimi düşmüş Corc Vaşinqton haqqında idi. Yazı sayta qoyulduqdan yarım saat sonra sosial şəbəkələrin birində ünvanıma çox sərt, şərhlərilə birgə bir neçə sual yönləndirilmişdi. Məhz Sevda Mehrəliyeva tərəfindən. Yazıda Corc Vaşinqtonun Amerikanın hərbi quruculuğu sahəsindəki fəaliyyətindən də bəhs olunurdu. Bu bölmədə kiçik bir xətaya yol vermişdim. Hərbi dəniz qüvvələrinin əvəzinə, hərbi hava qüvvələri yazmışdım. Və bu xətaya görə Sevda xanıma cavab verməli idim. Açığını deyim ki, hamı üçün açıq olan bu sosial şəbəkədə buraxdığım səhvin ortaya qoyulmasından bir az da pərt olmuşdum. Sualların sərtliyindən isə özümü otuz üç il bundan əvvəl Tibb İnstitutunun Anatomiya kafedrasının müdiri professor Hacıyevin qarşısında əyləşmiş kimi hiss edirdim. (O rəhmətlik də həmişə sualları çox kəskin və sərt qoyurdu).
Sözsüz ki, çox təmkinlə və Sevda xanımı qane edəcək dərəcədə sualları cavablandırdım. Amma həmin arada beynimdən məşhur bir məsəl də keçdi: "Sevda xanım Vaşinqtonun əmisi qızıdır, yoxsa mənim?". Özlüyümdə cavabını da tapdım ki, bu xanım Corcun əmisi qızıdır. Çünki ən azından buraxdığım səhvi heç olmasa "inbox" vasitəsilə mənə çatdırmaq olardı.
Ancaq etiraf edim ki, qısa bir müddətdən sonra yazıda buraxdığım səhvə, Corc Vaşinqtonun yaratdığı hərbi dəniz qüvvələrinə, yarada bilmədiyi hərbi hava qüvvələrinə minnətdar oldum. Məhz onların sayəsində Sevda xanımı tanıdım, kəşf etdim.
Sevda Mehrəliyeva zəngin dünyagörüşünə malik dəyərli ziyalıdır. Onunla istənilən mövzu ətrafında fikir mübadiləsi aparmaq maraqlıdır. Cərəyan edən hadisələrə özünəməxsus yanaşma tərzi var. Vətənpərvərdir, millətinə, torpağına üzdən yox, kökündən bağlı olan insandır.
Döğum günündə Sevda xanımın təqvim yaşı haqqında hansısa bir rəqəmi yazmağı mənasız sayıram. Çünki yaşanan illərin özü mənalıdır və belə olan halda rəqəmlər adiləşir.
Sevda xanımı ona görə xoşbəxt saymaq olar ki, o arxada qoyduğu illəri ləyaqətlə, şərəflə yaşayıb, həyatda bütün əldə etdiklərini zəhməti hesabına qazanıb. Elə ötən il Azərbaycan prezidenti tərəfindən "Əməkdar jurnalist" fəxri adına layiq görülməsi də onun halal haqqı, illərlə çəkdiyi zəhmətin bəhrəsidir.
Sevda xanım beş ildir ki, ata yoxluğunun acısını, kədər yükünü daşıyır ürəyində. Bəlkə də barışa bilmədiyi bu itki həyatda onu daha da mübariz edib. Təsəlliverici hal isə odur ki, onun həyatda atdığı mükəmməl addımlar, cəmiyyədəki mövqeyi, əsl Azərbaycan xanımına xas olan şərəfi atasının ruhuna şadlıq aparır.
Doğum günün mübarək Sevda xanım. Ömrün uzun, aydın və mənalı olsun.
100 illiyində Abşeron bağlarında qollu budaqlı bir tut ağacının kölgəsində Corc "əmioğlunu" yenidən "ələk-vələk" etmək arzusu ilə bir daha təbriklər...
İlham Cəmiloğlu