Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib. Modern.az saytı xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib.
Əkrəm Həsənovun sözlərinə görə, bu gün ləğv edilməkdə olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupun sədri Rüfət Aslanlı “Antikollektor” şirkətinin ofisinə gəlib: “Burada özünü əməkdaşımıza borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri barədə maraqlanıb. Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Qiymət siyasətimiz haqda da soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim “Antikollektor” haqda fikrini dəyişib”.
Vəkil daha sonra rəhbərlik etdiyi şirkət barədə səsləndirilən fikirlərə münasibət bildirib: “Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin 2 şərtlə:
1) qanun çərçivəsində;
2) imkan daxilində.
1. Qanun çərçivəsində! Yəni borc müqavilənin qanuna uyğun olan şərtləri daxilində qaytarılmalıdır. Əgər müqavilədə qanun pozuntuları varsa, borc məbləği şişirdilibsə, qanunsuz cərimələr və s. tutulubsa, təbii, boclu ödəyəcəyi məbləğin azaldılmasını tələb etməkdə haqlıdır! Deməli, borclunu bu işdə müdafiə etmək lazımdır. Bunu kim edə bilər? Təbii, vəkillər, hüquqşünaslar. Antikollektor da qanuni yaradılmış hüquq şirkətidir və bu işi görəcək. Buna kimin qanuni iradı ola bilər?
2. İmkan daxilində! Yəni borclunun imkanı yoxdursa, borcu da qaytarmayacaq. Haradan qaytarsın? Buna görə onu qorxutmaq, qanunsuz həbs etmək, intihar həddinə çatdırmaq olmaz. Amma təəssüf ki, banklar bu hərəkətlərin arxasında durur. İnsanları bu haqsızlıqlardan kim qorumalıdır? Təbii, vəkillər, hüquqşünaslar. “Antikollektor” da qanuni yaradılmış hüquq şirkətidir və bu işi görəcək. Buna kimin qanuni iradı ola bilər? Məgər bağlanan banklarda batmış əmanətlərinə görə bank sahiblərinə nəsə edirlərmi? Xeyr! Bəs onda borclulara nə edə bilərlər? Heç nə! Ümumiyyətlə, məgər Azərbaycanda hüquqi xidmət göstərmək qadağandır? Nə vaxtdan? Məlumat üçün deyim ki, borcluları yalnız “Antikollektor” müdafiə etmir. Digər hüquq firmaları, vəkillər və hüquqşünaslar da edir. İndi nə edək? Hamısına yasaq edək peşə fəaliyyətini göstərməyə? Necə olur ki, Azərbaycanda neçə ildir ki, kollektor şirkətləri fəaliyyət göstərir, əhaliyə qan utdurur, qorxudur, dəng edir və s., buna heç bir dövlət orqanı münasibət bildirmir, amma 3 gün fəaliyyət göstərən “Antikollektor”a belə münasibət göstərilir? Deməli, insanların hüquqlarını pozan haqda susmaq, amma insanları müdafiə etmək istəyənin üzərinə getmək lazımdır?”.
Vəkilin sözlərinə görə, bu fikirlərin arxasında banklar durur: “Antikollektor”un 3 günlük fəaliyyəti kifayət etdi ki, onlar qanunsuz əməllərinin kütləvi ifşasından qorxsunlar. Haqsız olduqlarını bildikləri üçün “Antikollektor”u beşiyində boğmaq istəyirlər. “Antikollektor”la qanun çərçivəsində məhkəmə çəkişmələrinə çıxmqdan qorxdular. Buna görə də cənab Rüfət Aslanlıya yanlış məlumat verərək onun əsassız ittihamlarla çıxış etməsinə səbəb oldular. Çox heyif! Əlbəttə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilk növbədə bankları qorumalıdır. Bu baxımdan cənab Rüfət Aslanlını başa düşürəm. Lakin unutmaq olmaz ki, vətəndaşlarının hüquqları qorunmayan ölkədə bankların normal və səmərəli fəaliyyəti mümkün olmayacaq. Xalqımız olmadan kimə lazımdır banklar?!”.
Vəkil sonda banklara müraciət edib: “Banklara isə deyirəm: boş ümidlərlə, xülyalarla yaşamayın! Ötən il Konstitusiya Məhkəməsinə təzyiq altında qərar qəbul etdirdiz, axırı nə oldu? Qayıtdı kreditləriniz? Xeyr! “Antikollektor”u da məhv etsəniz belə, problemləriniz azalmaq əvəzinə yalnız artacaq. Odur ki, xalqla danışığa gedin, ciddi güzəştlər edin, qanun pozuntularına son qoyun! Banklar insanlarımızı inandırmaq istəyir ki, qanun və məhkəmələr onları deyil, bankları qoruyur. Mən isə deyirəm: bu dövlətə xəyanətdir! Azərbaycanı Suriyaya çevirmək cəhdidir. Qanun və məhkəmələr əhalini müdafiə edəcək!”.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı maliyyə sektoru, yəni banklar öhdəliyini icra etmək üçün verdiyi kreditləri yığmalı olduğunu vurğulayıb: “Yaranmış vəziyyət qapalı dairəni xatırladır. Mən bura (iclasa - red.) gələrkən çox ciddi bir halla rastlaşdım. Deməli, Puşkin küçəsində üzərində "Antikollektor" yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər. Mən qayıdanda o şirkətlə məşğul olacağam”.
Modern.az