Modern.az

Bələdiyyələrə nəzarət orqanının yaradılması təklif olunur

Bələdiyyələrə nəzarət orqanının yaradılması təklif olunur

4 Mart 2016, 10:56


Azərbaycanda bələdiyyələrə nəzarət üzrə yeni orqanın yaradılması təklif olunur. Modern.az xəbər verir ki, bu təkliflə “Bələdiyyələrin fəaliyyətinin təbliği”  İctimai birliyi çıxış edib. Qurum bildirir ki, bu təcrübə Avropa ölkələrinin əksəriyyətində var.

Belə ki, Avropa Şurasına daxil olan ölkələrdən 12-də yerli özünüidarəetmə  siyasəti ayrıca yaradılmış   hökumət sturkturu-nazirlik və ya komitə tərəfindən aparılır.

Macarıstanda Yerli Özünüidarəetmə Nazirliyi,  Böyük Britaniyada Yerli Hökumət Nazirliyi, Latviyada Regional İnkişaf və Yerli Hökumət Nazilriyi, Norveçdə Yerli özünüidarə və Regional İnkişaf Nazirliyi, Portuqaliyada Yerli Özünüidarə üzrə Dövlət Katibliyi, Ruminyada İnzibatçılıq və Yerli Məsələlər  Nazirliyi,  Makedoniyada  Yerli Özünüidarə üzrə Nazirlik, İslandiyada Yerli Hökumət  Nazirliyi,  Serbiyada Dövlət İdarəçiliyi və Yerli özünüidarə üzrə Nazirlik,  Xorvatiyada İctimai İdarəçilik Nazirliyi,  Sloveniyada Regional Siyasət və Yerli özünüidarə üzrə Nazirlik, İsveçdə Yerli hökumət və maliyyə bazarları Nazirliyi  fəaliyyətdədir.  

Adıçəkilən nazirlik və komitələr əsasən bələdiyyələrin sosial-iqtisadi proqramların hazırlanmasını, müzakirəsini və təsdiq olunmasından sonra onun icrasıyla bağlı monitorinqlərin aparılmasını, habelə koordinasiyasını həyata keçirir. Dövlət tərəfindən verilmiş  səlahiyyətlərin maliyyələşməsi və icrası ilə bağlı məqamların müəyyən edilməsi də məhz adıçəkilən struktur tərəfindən icra olunur. İnzibati nəzarətin tətbiqi ilə bağlı proqramların müəyyən edilməsi və əlaqələndirilməsi bu strukturun səlahiyyətindədir.

Ümumiyyətlə  bələdiyyələrin büdcə vəziyyətinin təhlili, həmçinin bələdiyyələrə  dotasiya, subvensiya və ssudaların verilməsi də nazirlik tərəfindən icra olunur.

Qeyd edək ki, sözügedən səlahiyyəti  ölkəmizdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi icra edir.

Bu gün ölkəmizdə  bələdiyyələrin fəaliyyətini və idarəçiliyini təkmilləşdirmək, bu  istiqamətdə dövlət  siyasətinin vahid mərkəzdən idarə oluması üçün müvafiq mərkəzi dövlət orqanının yaradılmasına ehtiyac vardır. Yaradılacaq qurumun nazirlik, komitə və ya dövlət agentliyi  qismində Ədliyyə  Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin bazasında olması məqsədəuyğun ola bilər.  Böyük təcrübəyə malik olduğundan bu orqan həm yerli özünidarəetmə sahəsində dövlət siyasətinin icrasına nəzarət edər, yerli özünidraəetmə orqanları ilə digər dövlət orqanları arasında əlaqələndirmə funksiyasını həyata keçirər, həm də dövlətin ayırdığı dotasiyanın daha səmərəli icrası üçün layihələrin həyata keçirilməsinə yardımçı olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...