Modern.az

Nəzir müəllimin “8 Mart” əməliyyatı

Nəzir müəllimin “8 Mart” əməliyyatı

Media

4 Mart 2016, 16:15

 “Olur , olur, belə işlər də olur” silsiləsindən

Yaşıltəpədə, eləcə də ətraf rayonlarda Nəzir müəllimi xeyirxah, əliaçıq, yeyib-içən oğlan kimi tanıyırdılar. Ali məktəbi bitirib doğma yerlərə qayıdandan özünü  təşkilatçı, dostcanlı, ailəsini sevən, qiymətləndirən  birisi kimi tanıda bilmişdi. Yaşıltəpə Ərazi İdarəsində mühüm şöbələrdən birinə rəhbərlik edirdi. Səkkiz işçisindən yeddisi qadın olduğundan Nəzir müəllim daha nəzakətli olmağa, özünü olduğundan da mədəni göstərməyə çalışırdı. Onu çox istəyir, xətrini əziz tuturdular. Hər bir əməkdaşın xeyir-şər işi müdirsiz keçməzdi. Məclislərin başında otururdu həmişə. Amma bayramların birində - konkret desək, martın 8-də  Nəzir müəllimin göstərdiyi bir oyunbazlıq nədənsə fırıldaq kimi yozuldu və onu həmin gündən ciddi adam kimi tanımaq istəmədilər.

Nə baş vermişdi? Fevralın ortalarında Nəzir müəllim Bakıda yaşayan dostlarından birinə qəribə bir xahişlə müraciət etmişdi. Əli hər yerə çatan dostundan istəyi belə olmuşdu.

 - İzzət, qaqaş, bilirəm nəşriyyatlarda çoxlu tanışların işləyir. Mənə bir dörd-beş dənə xüsusi divar təqvimi düzəltdir ki, orada martın 8-i yazılmasın. Eləcə 7-dən 9-na keçilsin. Hörmətindən çıxaram inşallah.

İzzət dostunun xahişini sorğu-sualsız yerinə yetirmişdi. Ona istədiyi formatda beş ədəd divar təqvimi göndərmişdi. Doğrudan da nəşriyyatda təqvimi ustalıqla elə tərtib etmişdilər ki, 8 Mart qeyd olunmamışdı.

 Nəzir də təqvimlərdən birini işdə öz kabinetində, birini əməkdaşların otağında, birini evdə, birini də şəhər kənarında yaşayan sevgilisinin mənzilində elə ehtiyatla, məharətlə asmışdı ki, bunu heç kim hiss eləməmişdi. Martın əvvəllərində isə hər kəsə - evdə həyat yoldaşına, işdə əməkdaşlara, şəhər kənarındakı mənzildə isə sevgilisinə çatdırmışdı ki, diqqətli olsunlar, martın 8-də sübh tezdən ona xatırlatsınlar – çünki başı mühüm işlərə çox qarışıqdır – o da hər kəsi qiymətli, heç kimin ağlına gəlməyən hədiyyələrlə sevindirəcək.

Nəzir müəllimin öz sözünə sadiqliyini əla bilən qadınlar səbrlə martın 8-ni gözləyirdilər. Həmin gün yetişdi və adı çəkilən ünvanlarda təsəvvürəgəlməz fırtına qopdu. Evdə, işdə və şəhər kənarındakı divar təqvimləri qarşısında bir vay-şivən düşdü ki, gəl görəsən. Nəzir müəllim qadınların hər birinə əlahəzrət faktın dili ilə sübut etməyə çalışırdı ki, baxın görün, təqvimdə martın 8-i yazılıbsa, boynum qıldan nazikdir. Əgər yoxdursa, deməli bu il bayram keçirilməsi məsləhət olmayıb. Belə olduğu halda səni niyə təbrik eləməliyəm, anam-bacım. O həyat yoldaşına da hamıya olduğu kimi “anam-bacım” deyirdi. Arvadı da qayıdıb nə desə yaxşıdır – düz deyirsən, neçə illərdir ki, sən mənə elə bacılıq edirsən də...

Bu əhvalat bütün Yaşıltəpəyə yayıldı və Nəzir müəllimi bundan sonra ən bərkgedən fırıldaqçı kimi tanıdılar. Nəzir isə hamıya beləcə səslənirdi həmişə - qardaş, Yaşıltəpədə doqquz  qadını indiki maliyyə durumunda lazımınca sevindirəcək bir kişi tapılsa,  çıxsın qabağıma, hamınızdan üzr istəyim. İnşallah, hər şey düzələr, gələn il təqvimdə martın 8-i  də yazılar də... Anam-bacım, nə istəyirsiniz, üzüqara bacınızdan, yox ey belə, qardaşınızdan...

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi