Modern.az

Gömrükdə YENİLİK: məcburi sertifikatlaşdırılan mallar azaldılır

Gömrükdə YENİLİK: məcburi sertifikatlaşdırılan mallar azaldılır

İqtisadiyyat

5 Mart 2016, 15:12


Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrində respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə yayılan məlumatlara aydınlıq gətirməsi müzakirələrə son qoymadı.

Bu isə səbəbsiz deyil. Məsələn, rəsmi məlumatda 080232 kodu ilə 4.25 manata rəsmiləşdirilən qabığı təmizlənmiş qozun bazarlarda satış qiymətinin 10-15 manat arasında dəyişdiyi göstərilir. Bazar-dükana gedənlər isə yaxşı bilir ki, bu gün satışdakı qoz ləpəsinin 1 kiloqramı ən yaxşı halda 17 manatdan başlayır və 38 manata qədər dəyişir...

Həmçinin, rəqəmlərə inansaq, 080212 kodu ilə rəsmiləşdirilən qabığı təmizlənmiş badam ləpəsinin idxal dəyəri 28 manat göstərildiyi halda, bazarlarda satış qiyməti 18-23 manat arasında dəyişib. Azərbaycan reallığı üçün rəqəmlər tamamilə absurd görünür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına hazırda gömrük sistemində əsaslı dönüş yaradacaq islahatların aparıldığını bildirib:

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam böyük dəyişikliklərin olacağından xəbər verir. İlk növbədə məcburi sertifikatlaşdırılmalı olan malların siyahısı azaldılacaq. Bununla əlaqədar  Nazirlər Kabineti iki ay müddətində yeni siyahı hazırlamalıdır.

Bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu iki ay müddətinə təmin olunmalıdır. Qısa idxal bəyannaməsinin tətbiqi də çox mühüm yenilik olmaqla idxal prosedurlarını sadələşdirəcək.

Bu yaxınlarda gömrük komitəsinin sədri Aydın Əliyev “ASAN xidmət”in rəhbəri İnam Kərimovla görüşüb, bir sıra məsələləri müzakirə ediblər. Məlumdur ki, bu vaxta qədər gömrük sistemində hansısa özbaşınalıqlar, neqativ hallar qeydə alınıb. Amma ölkə başçısı tərəfindən göstəriş və tapşırıqlar veriləndən sonra açığı belə halların ola biləcəyinə inanmıram”.



V.Əhmədov bildirib ki, mövcud problemlər sərəncam və təlimatlardan sonra öz həllini tapacaq:

“Brokerlərin fəaliyyət göstərdiyi müddətdə neqativ hallar mövcud idi və bu da heç kimə sirr deyildi. Mənim gömrük məntəqələri ilə yaratdığım əlaqələr əsasında aldığım məlumatlara görə əminliklə deyə bilərəm ki, bu gün gömrükdə hansısa neqativ hallar mövcud deyil.

Hazırda mövcud olan problemi diqqətinizə çatdırım. İndi idxal olunan məhsullara 18 faiz ƏDV və 15 faiz rüsum tətbiq edilir. Xidmət haqqı da əlavə olunduqda bu, 35-36 faizə qədər yüksəlir. Əlbəttə, bu, çox yüksək faizdir. Mən parlamentin iclasında da rüsumların faizlərinə baxılmasını diqqətə çatdırmışam. Əvvəllər faiz aşağı idi, məsələ brokerlər tərəfindən həll olunurdu. İndi isə broker yoxdur, əldə edilən faiz gəlirləri birbaşa büdcəyə yönəldiyi üçün bu problem var”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...