Modern.az

Anar yazıçı deyil və ya TƏNHA ANAR

Anar yazıçı deyil və ya TƏNHA ANAR

Ədəbiyyat

6 Mart 2016, 10:09

Günlərin bir günü qapıbir qonşumuz, üç oğul, iki qız atası, nəvə-nəticə sahibi, xalq yazıçısı Bayram Bayramov heç vaxt evlənməyən, üçotaqlı mənzilində tək yaşayan digər bir görkəmli yazıçının evinə qonaq gedir. Oturub çay içirlər, söhbət edirlər. Bu dəm Bayram Bayramov:

- Ay ......., sən bu evdə necə tək yaşayırsan? Adamın sakitlikdən qulağı batır.

- Ay Bayram, bəs sən o cür səs-küydə necə yaşayırsan? Səs-küydən qulağın batmır? – deyə qələm dostu  gülərək cavab verir.

Yazını sonacan oxumadan, sərlövhənin ikinci hissəsinə baxan kimi –  “Mahir, “Anar yazıçı deyil” başlığını hardasa başa düşdük. Sən də yəqin qoşulmusan ağzıgöyçəklərə. Hətta hər yerdə Anarı tərifləyən, onu müdafiə edən, Yazıçılar Birliyinin sədrliyinə namizədliyini irəli sürən  atan Qabilin də əleyhinə gedib, yazırsan ki, “Anar yazıçı deyil”. Nə edək... bu sənin fikrindir. Səhv olsa da... Özü də ki, nəvaxtsa “O dünyadan Anara Qabilin məktubu”nu da  yazmışdın. Amma bu boyda şairin oğlusan. Özü də filoloqsan.  Billmirsən ki, Anarın ailəsi, oğul-uşağı, nəvələri var? Bu nə sözdür yazmısan - “Tənha Anar” –   reaksiyanıza həmən cavab verməkçün bu xatirəni əvvəldən yazdım ki, “Tənha” sözünün mənasını yaxşı bildiyimə əmin olasınız. Tənha –  ailəsi, övladı olmayan insana deyərlər.

“Tənha” sözünün məcazi mənasına isə toxunub zəhlənizi tökmək istəməzdim. Çünki bu yazımda  söhbət tənha sözünün əsl mənasından gedir.

Amma sözümün üstündə dururam: Anar yazıçı deyil. Bununla yanaşı, həm də tənhadır. İstəyirsiniz əsaslandırım da... Onda başladıq.


ANAR VƏ İLAYDA

Bu yaxında 5-ci nəvəm dünyaya gəldi. Növbə adqoyduya çatanda istədilər ki, nənələrindən birinin adını qoysunlar. Onların hər ikisi etiraz etdi.  Onu əsas gətirdilər ki, “düşər-düşməzi olar”. Yəni ki, tez ölə bilərlər.

Məndən də soruşdular. İstədim Asena deyim. Amma sonra qərara aldım ki, gənc ailənin işinə qarışmayım. Çünki öz qızlarım anadan olanda atam ad qoymaq arzumu ürəyimdə dəfn eləmişdi. Birinə anasının, o birinə arvadının, öz diliylə desəm “birinə anasının, o birinə sonasının” adlarını qoymuşdu: Suğra və Bəyim. İkisi də qədim türk və ərəb adları. Ona görə də qarışmadım. “Qızım, nə ad istəyirsinizsə, qoyun. Ad əsas deyil. Bəxti gözəl olsun” dedim. “Bəxti gözəl olsun” sözünü də atamdan eşitmişdim. 50 yaşında başa düşməyə başlamışam ki, nə deməkdir. Qızım da 6 gün fikirləşəndən sonra bir ad dedi: İlayda. Məəttəl qaldım ki, bu nə deməkdir. İnternetə müraciət etdim. Demə İlayda türk dilində “Su pərisi”, ərəbcə “Cənnətə düşən ilk qar danəsi” deməkdir. Bilmirəm yanılıram, ya yox? Deyəsən 5-ci nəvəm, İlayda adıyla Azərbaycanda ilk qız uşağıdır.

Dostum Eldəniz Elgünlə oturub nəvənin dünyaya gəlməsini qeyd edirdik. Ona da ağızucu gileyləndim ki, bəs bu nə addır  e... qoydular  bunlar. Cavab verdi ki, ad insanın taleyində əsas rol oynayan amildir. Düz eləyiblər müasir, heç kimin eşitmədiyi ad qoyublar. Yaşayacaqsan və görəcəksən onu digər nəvələrindən fərqləndirən cəhətlərini. Həmişə yeniliyə, irəliyə can atan övlad olacaq.

“Anar” sözü də ilk dəfə bir isim kimi 1938-ci ilin 14 martında dünyaya gəlib. Rəsul Rza yaradıb bu sözü. Yaratdığı övladına yeni yaratdığı sözü ad qoyub: ANAR. Müasir, özü də yeni ad.

Mən Rəsul Rzanı “Lenin” poemasıyla tanımışam. Atam onun xətrini çox istəyirdi. Həmişə deyirdi ki, “Rəsul müəllimin məndən acığı gəlsə də (şəxsi yox. Sərbəst və heca vəznində yazanların davası baxımından), yüksək tribunadan mənim üç şeirimi poetik kəşf adlandırıb”. Heyf ki, adları mənim yadımda deyil.

O dövrdə Yazıçılar Birliyində qruplaşmaların olması sirr deyildi. Elə hey mübarizə, müharibə aparırdılar. Əllərindəki qılınc isə qələm və yazdıqları əsərlər idi. Rəsul Rzanın öz məktəbi vardı, Səməd Vurğunun öz. Nasirlər, Qazax şair-yazıçıları da öz yerində.



HAŞİYƏ:
70-ci illər olardı. Uşaq idim. Yazıçıların Poliklinikasında dəhlizdə oturub növbəmi gözləyirdim. Bir yaşlı kişi gəlib  oturdu yanımda. Naxçıvan ləhcəsində soruşdu ki, “bala, kimsən?”. Cavab verdim ki, Qabilin oğluyam. Gülümsünüb “atan yaxşı kişidir. Özü də güclü şairdir. İstedadı olmasaydı çoxdan yemişdilər başını”. Anlamadım dediyini. Belə deməsinin səbəbini də soruşmadım. Sözünə davam elədi: “Bilirsən, a bala. Mən də o vaxt yazmağa təzə başlamışdım. Gəldim ərizə verdim ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olam. Girdim Qəbul Komissiyanın iclasına. Başda Səməd Vurğun və digər nəhənglər oturmuşdu. Səməd Vurğunun şəxsi işimə belə, baxmadan birinci sualı belə oldu: “Bala, haralısan?”. Mən də bilirsənmi nə cavab verdim? “Səməd müəllim, Qazaxlı deyiləm”. Kişi uğunub getdi özündən. Day heç bir sual vermədi. Məni İttifaqa qəbul elədilər”. (SON)

Bu qruplar isə öz ətraflarına istedadlı gəncləri toplamaqda çox maraqlı idilər. Qarşı tərəfin qabağına hansısa güclü əsər qoymaq baxımından. Zəncirvari sistem də öz yerində. Onlardan biri vəfat etsə, yerinə digəri keçirdi. Yaşa görə yox. Hansı ədəbi nəslin nümayəndəsi olmaq baxımından. Məsəlçün: İsmayıl Şıxlı, Bayram Bayramov atamdan 7-8 yaş böyük idilər. Amma ədəbiyyata atamdan, Bəxtiyar Vahabzadədən, Nəbi Xəzridən  sonra gəlmişdilər. Müharibə onları geri salmışdı. Heç vaxt illərə bölünməyən bu nəsillərin inkişaf etdiyi, parladığı bir dövrdə, ədəbiyyata yeni bir cərəyan daxil oldu. Özü də nəinki ədəbiyyatda, mədəniyyətin bütün sahələrinə. Heç kim qabaqlarında dura bilmədi. Sovet dövrü olsa da, köhnəliyə meydan oxumağa başladılar. Özlərinə xüsusi ad da qoydular. Azərbaycan sovet ədəbiyyatını hətta iki yerə böldülər. 60-cı ilə qədər, 60-cı ildən sonra. Lap bolşevik menşevik qarşıdurmasına bənzəyirdi. Amma qətlsiz, repressiyasız, qada-balasız. Öz yeni stillərini yaratdılar. Senzuranın gözündən ustalıqla yayındırmaqla yeniliklər etmək. İstedadlı olmaqla yanaşı, həm də arxalı idilər. Yox, “arxalı köpək qurd basar” məsələni bura aid etmək olmaz. Bircə epizodda bununla razılaşıram, o da qismən. Bu barədə danışmaq istəməzdim. 60-cı illər nəsli “ot kökü üstündə bitər”  məsəlinə daha uyğun idi. Heç “arxalı idilər” sözü də yerinə düşmür. Atalar buzqıran gəmi idilər. İrəlidə gedir, onların irəliləməsinə maneə törədəcək hər hansı iri buz parçalarını qırırdılar. Kim idi onlar? Gəlin xatırladım: Rəsul Rza və Nigar Rəfibəylinin oğlu Anar, İlyas Əfəndiyevin oğlu Elçin, Müslüm Maqomayevin nəvəsi Müslüm Maqomayev, Bülbülün oğlu Polad Bülbüloğlu, Sabit Rəhmanın oğlu Emin Sabitoğlu, Tofiq Quliyevin oğlu Eldar Quliyev, Səməd Vurğunun övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğlu, Mehdi Məmmədovun oğlu həm aktyor, həm rəssam Elçin Məmmədov və bu nəslin digər parlaq nümayəndələri rejissorlar Arif və Vasif Babayev qardaşları, Rasim Ocaqov, bəstəkar Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, yazıçı və şairlər İbrahimbəyov qardaşları, Fikrət Qoca, İsa Hüseynov,  Məmməd Araz, Sabir Rüstəmxanlı, İsi Məlikzadə, Fərman Kərimzadə və daha kimlər, kimlər...

Bu öz axarı ilə gələn ədəbi-mədəni nəslə bənzəmirdi. Sanki dağ çaylarından güc alan sel idi.  İnkişaf sürətlə gedirdi. Qarşılarına heç kim çıxa bilmirdi. Mız və  qulp qoymağa öyrəşənlər də səslərini çıxara bilmirdilər. Çünki arxalarında real güclər və adlar vardı: Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Bülbül, Müslüm Maqomayev, Tofiq Quliyev, Sabit Rəhman, Bülbül, Mehdi Məmmədov.



Özü də bu yenilikçilər  bir-birilərini tuturdular. Əgər bir filmin ssenari müəllifi Anar, İbrahimbəyovlar, Elçin... olurdusa, rejissor da həmin nəsildən seçilirdi: Vasif Babayev, Rasim Ocaqov, Eldar Quliyev... Filmin musiqisini də əsasən  o nəsildən olanlar yazırdı: Polad Bülbüloğlu, Emin Sabitoğlu, Müslüm Maqomayev... Mahnıları da əsasən özləri ifa edirdi. Bu bir çevrə idi. Orda başqa nəsil yox idi, ora başqa nəslin nümayəndəsi daxil ola bilmirdi. Orda böyük pullar-qonorarlar vardı. Bu sovet dövründə meydana gələn, amma qazanc baxımından daha çox kapitalizm dövrünün, bazar iqtisadiyyatının tələblərinə cavab verən bir ədəbi nəsil idi. Buna toxunmaq istəməzdim,  başqa bir yazının mövzusudur.

HAŞİYƏ: Bir neçə il əvvəl təsadüfən gənc yazıçılardan birinin kitab təqdimatına qatıldım. Kitabı özləri aldılar. Özləri bir-birilərini təriflədilər. Özləri şeir deyib, özləri də əl çaldılar. Yəqin ki, nəvaxtsa 2000-cilər nəsli deyib, onlarla da fəxr edəcəyik. (SON)

Onlar ətraflarındakılara meydan oxumurdular. Demirdilər ki, “ay Mirzə İbrahimov, bəsdir də “Közərən ocaqlar”, “Böyük dayaq” yazıb ürəyimizi bulandırdın. Süleyman Rəhimov, görəsən sənin “Şamo” trilogiyanı oxuyan olubmu? Olub. Bircə sən özün. Bir balaca “Mehman”ın yaxşıdır”. Demirdilər ki, “Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, siz sovet şairlərisiniz. Kimə lazımdır axı sizin yazdıqlarınız?”. Heç kimə lağ etmirdilər. Sadəcə öz işləriylə məşğul idilər. Yazırdılar, yaradırdılar. Kino, tele-tamaşa, teatr, hekayə, povest, roman, paralel olaraq ictimai işlər, qəzet-jurnal redaktorluğu, opera, simfoniya, kino musiqisi. Bu gün də 60-cı illər nəslinin filmlərinə acgözlüklə baxırıq. “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “İnsan məskən salır”, “Arxadan zərbə”,  “Ad günü”, “Tütək səsi”, “İstintaq”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”,  “Park”, “Ölsəm bağışla”, “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Sevinc buxtası”... və sairə, ilaxır. Ssenari müəllifləri də ki... Anar, Elçin, İbrahimbəyov qardaşları, Yusif Səmədoğlu... Bəstəkarı, rejissoru, rəssamı da əsasən 60-cılar nəsli.

Yox. Anar yazıçı deyil. Sözümün üstündə dururam... durmalıyam. Bəs “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Qəm pəncərəsi” kimi klassik filmləri, əsərləri hara yoxa çıxaraq? Yox. Sözümdən dönən deyiləm. Anar yazıçı deyil. Vəssalam.



70-ci illər idi. Orta məktəbdə oxuyurdum. “Azdrama”da gedən bütün tamaşaların demək olar ki, hamısına baxmışdım. Atamı həmişə ilk ictimai baxışa dəvət edirdilər. Orda müzakirələr aparılırdı. Premyeraya isə müəlliflər bilet göndərirdilər. Mənim də payım öz yerində. Bircə istisna vardı. Mən Anarın “Şəhərin yay günləri” tamaşasına illər sonra baxa bildim. Çünki cəmi iki bilet göndərmişdi. Anamla atama. Baxışdan sonra atamın uçmağa qanadı yox idi. Əsər xoşuna gəlmişdi. Bəlkə indiki baxış bucağından çox sadə və bəsit görünə bilər. Çünki orda olanların on beş qatını indi adi müxalifət qəzeti də dilinə gətirir. Amma o zaman SSRİ-də yaşayırdıq. Bu əsər atamın o qədər xoşuna gəlmişdi ki, dayılarıma, qohum-əqrabaya da car çəkmişdi ki, “gedin baxın. Məsləhətdir”. Hətta ali məktəb müəllimi olan dayım Feyruz tamaşaya baxandan sonra atamdan incimişdi də... “Qabil, sən demisən Anara ki,  ali məktəb müəllimi olan mənfi surətə məhz mənim adımı qoysun?”.

Bu əsər cəmiyyətdə bir partlayışa çevrilmişdi. Axı necə ola bilər ki, rüşvətdən bəhs edən bir əsər yazılsın, özü də tamaşaya qoyulsun. Anşlaq da öz yerində. Anşlaqın olmağını balaca Mahir hardan bildi? Xalam əri Abbasəli Novruzov (indi general) o vaxt Tiflisdə Hərbi dairədə xidmət keçirdi. Məzuniyyətə Bakıya gəlmişdi. Xalamla bizdə qalırdılar. Atam tamaşanı ona da təriflədi. Çox maraqlandı o da. Amma bilet tapa bilmədi. Bu vaxt Anarın “Adamın adamı” klassik ifadəsi köməyə gəldi. Atam zəng etdi tamaşanın rejissoru Tofiq Kazımova. O da Anarın daha bir klassik ifadəsi olan “Uçastkovının payından” (“Evləri köndələn yar” teletamaşasında bazarkomun “şairə uçastkovının payından iki kilo balıq” ifadəsi) iki bilet göndərdi evə.

Atam sevinirdi. İndi başa düşürəm ki, niyə sevinibmiş. Çünki Anar bu cür cəsarətli əsər yazıb, o tamaşaya qoyulub, hər cür senzuraları dəf edib. Amma həm də qorxurdu. Çünki bu uğurdan qısqanmalar baş versəydi, Anarı həbs etməsələr də, imzasına “krest” qoya bilərdilər. Amma bu qorxu, həyəcan uzun çəkmədi. O vaxt Azərbaycanın rəhbəri olan Heydər Əliyev bütün büro üzvləri və aparatıyla tamaşaya baxmağa gəldi. Sonda isə dövlət təltifi – Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülmək. Özü də ki, 40 yaşında. Anar cəsarətdə və şöhrətin zirvəsinə irəliləmək tempində Rəsul Rzanı keçirdi.

Yox. Nə olsun ki, bunları yazıram. Bu, sadəcə xatirədir. Əvvəldə də dedim axı... Anar yazıçı deyil. Vəssalam.



Evimizdəki kitabların əksəriyyəti avtoqrafla bağışlanmış kitablar idi. Günlərin bir günü atam əlində çəhrayı rəngli, qalın cildli bir kitab gətirdi. Anarın idi. Adı da “Adamın adamı”. İçindəkilərin hamısını oxudum. Desəniz ki, danış... danışa bilmərəm. Amma atamın belə bir sözü vardı: “Nizami Gəncəvi beş poema yazıb. Hamısı da tarixdə qalıb. Amma adam da var ki, bircə beyti, bircə misrası qalıb:

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.”

Atam həmişə deyirdi ki, “Nəsimi” poeması ilə qalacaq tarixdə. Mən isə etiraz edirdim. Deyirdim ki, bircə misra ilə qalacaqsan: “Səhv düşəndə yerimiz”. Vəssalam-şüttəmam.

Bəs Anar necə? “Adamın adamı” ifadəsi klassik ifadə deyilmi? Bu ifadəsiz bir günümüz varmı? “Adamın adamı” səhv etmirəmsə pyesdir. Ordakı surətlərin adını qoyuram kənara. Bircə ifadə hamımızın bəsidir: “Adamın adamı”. Bu ifadə Anara məxsusdur.



Yox. Məni yoldan çıxartmayın. Dedim axı, Anar yazıçı deyil. Vəssalam-şüttəmam.

Uşaqlıqdan televiziyanı çox sevmişəm. Ötən ilin son günü isə səhərdən-gecəyəcən otururdum mavi ekranın qabağında. Təzə verilişlər də olurdu. Məsələn, “Mavi işıq” tamamilə yeni səhnəcik və mahnılardan ibarət olurdu. Amma bir əsər o günün daimi qonağı idi. “Ötən ilin son gecəsi” tele-tamaşası. Bu bizim həyatımızın acı mənzərəsi idi. İndi qızlarımı ərə vermişəm. Dekabrın 31-də Yeni ili ər-arvad ikimiz qarşılayırıq. Bəzən o da xəstəxanada növbətçi həkim olur. Onda qalıram tək. Elə Anarın bu əsərindəki oğul-uşaq sahibi olan baş qəhrəman kimi.

Anar şair deyil. Baxmayaraq ki, şeirləri də var. Bəzi əsərlərində mahnılara sözü özü yazıb. Anar nəsr sahəsində parlayıb desəm, yanılmaram. Amma o vaxt şairlərə yaman ilişib. Özü də o ki var, məzələnib. Ona görə də bu gün onun haqqında yazan şairlərə cavab vermir. Niyə? Çünki o vaxt yazıb da...  Gənc şairlərin nazik kitablarını görəndə Anarın dillər əzbəri olan ifadələri yadıma düşür. “Evləri köndələn yar” tele-tamaşasındakı gənc şair surəti, “150 qram”, “fərasətli şairin kitabından əvvəl qəzetdə kitab haqqında yazısı çıxar” (təhrif etdim bir az, bağışlayın) ifadələri bugünümüzün də reallığı deyilmi? Anar elə o vaxt “10-luğ”a vurub.

Amma dediyimdə yenə qalıram: Anar yazıçı deyil.



Vaxt keçdi, il dolandı. Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı, 42 yaşlı Anar yetim qaldı. Əvvəlcə atadan, sonra isə anadan. Özü də ki, necə ata, necə anadan. Özü də ata ilə ananın vəfatı arasında cəmi 3 ay vaxt oldu. Aprelin 1-də Rəsul Rza, iyulun 9-da isə Nigar Rəfibəyli dünyasını dəyişdi. Mən də o yaşda yetim qalmışam. Qabil kimi atadan. Anarı indi başa düşürəm.

Rəsul Rzanı 1-ci Fəxri Xiyabanda basdırdılar. Nigar Rəfibəyli də Xalq şairi idi. Titullarına və xidmətlərinə görə 1-ci Fəxri Xiyabanda basdırılmalıydı. Özü də əri Rəsul Rza ilə yanaşı. Amma mane oldular onların yanaşı basdırılmasına. Kim və niyə? Yadımda deyil. Anar da təqiblərə məruz qalarmış. Yox,  deyəsən öz yazdığını özünə sübut elədilər. Necə? Bir kəlməylə: “Anar, qurtardıq. Adamın adamı yoxdur artıq. Ölüb”.

Nə olsun ki, Adamın Adamları dünyadan köçmüşdü. Amma yazıçı Anar tənha deyildi. Vaqif, Yusif Səmədoğlular, Rasim Ocaqov, Emin Sabitoğlu, Fikrət Qoca, 60-cı illər nəslinin digər parlaq nümayəndələri onunlaydılar. 1944-cü ildə ədəbiyyata gələn Qabil də onun yanındaydı.

Anar da dayanmırdı. Yazırdı, yaradırdı. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri gənclər arasında çox populyar idi. “Dədə Qorqud” haqqında film çəkməklə tariximizi  yaşadırdı. Bu filmdən xoşum gəlirdi. Dastanı oxumamışdım. Bilmirdim ssenaridə nəyi düz, nəyi səhv yazmışdı Anar. Amma bircə şey qaranlıq qalmışdı mən balaca Mahirə. Ədəbiyyat müəllimi olan anam bu dastana çəkilən ilyustrasiyaları göstərəndə, buğaya qalib gələn igidin adının Dədə Qorqud tərəfindən Buğac qoyulmasından danışırdı. Amma bu filmdə buğa və ona qalib gələn igid vardı, amma Buğac yox idi. Yazılan şey yadigardır prinsipindən çıxış etsək, SSRİ məkanında bu ikiseriyalı film, dastan haqqında tam təsəvvür yaradırdı.  Bundan əlavə, Anar bu dastanın uşaqlar üçün də kitab versiyasını  hazırlamışdı. Vladimr Portunovun tərcüməsində Moskvada çap edilmişdi. O da mənim ad günümə gələndə kitabı hədiyyə etmişdi. Lap yadımdan çıxmışdı. Anar kinorejissor idi. “Üzeyir ömrü” filminin həm ssenari müəllifi, həm də rejissoru  özüydü. Bu film həm də o dövrün video-tarixi sayıla bilər. Adı bədii film osa da, sənədli film elementlərinin də əlavə olunması uğurlu alınmışdı. Rejissor tapıntısı idi demək olar. 

Yox. Dedim axı, Anar yazıçı deyil. Vəssalam-şüttəmam!


Nəhayət Anar Yazıçılar Birliyinin sədri seçildi. Yox. Yaman tez keçid verdim ədəbiyyat tariximizin bu anına. Məsələ bu cür olub. İsmayıl Şıxlı sədrlikdən imtina edib. Meydan qalıb boş. Və yazıçılar yığışıblar seçkiyə. Atam Qabil sədrliyə Anarın namizədliyini verir. Başqa biri isə Elçini irəli sürür. Elçin imtina edir. Sonradan bildik ki, vot-vot  “Vətən” cəmiyyəti yaradılıbmış. Anar da dəfələrlə zalda oturanlara müraciət edir ki, bəs başqa irəli sürmək istədiyiniz namizəd varmı? Heç kim dinmir. Bu gün də mənə çox maraqlıdır ki, o cür adlı-sanlı yazıçıların, müxtəlif ədəbi nəsillərin yaşadığı dövrdə kimsə Anara qarşı getməyib. Və Qabilin irəli sürdüyü, layiq gördüyü yeganə namizəd də sədr seçilib. Və bu gün də sədrdir. Növbəti, Prezident Heydər Əliyevin iştirakıyla keçirilən qurultayda da atam lap əvvəldə çıxış edərək, Anarın sədrliyə namizədliyini irəli sürmüşdü. Bunu televiziyada siz də görmüsünüz yəqin. Sonradan bilmişəm ki, iki yazıçımızın bu kürsüdə gözü varmış. Atamın qurultay başlayan kimi  çıxış etməsi, Anarın namizədliyini dəstəkləməsi onların planlarını pozub.

Qayıdaq əvvəlki qurultaya. Atamın dediklərindən: “Anar sədr seçiləndən sonra çıxış etdi. Minnətdarlığını bildirdi. Qeyd etdi ki, mən sədr seçilməklə neçə-neçə yazılacaq əsər arzu olaraq da qaldı”. Təqribən bu mövzuda. Yəni ki, istənilən vəzifə yazıçını yaradıcılıqdan qoyur. Vaxtını alır. Başı başqa işlərə qarışır. Anar deputat da seçildi. Artıq o, yazıçı yox, ictimai-siyasi xadim idi. Bədii dildə desək, Anar Azərbaycan yazıçılarının atası idi. Yusif Səmədoğlu isə 1-ci katib. O, rəhmətə gedəndən sonra isə Fikrət Qoca. Yenə də 60-cılar. İçərilərində bir “çujoy katib” xalq yazıçısı Hüseyn Abbaszadə idi. Onu da sıxışdırıb uzaqlaşdırdılar.

HAŞİYƏ: Artıq sovet dağılırdı. Hərc-mərclik baş alıb-gedirdi. Ölkədən beyin axını başlanmışdı. Ziyalı təbəqə dolana bilmirdi. Bu dövrdə Türkiyə universitetlərinin birindən Anara dərs demək təklifi gəlir. O da razılıq verir. Kapitalizmin qanunlarından xəbərsiz olan Anara həmin ali məktəbdə müvafiq sənədlərə qol çəkdirirlər. İki-üç aydan sonra darıxır. Qayıdır Vətənə. Atam danışırdı:

- Anar qayıdıb. Amma deyir ki, təzədən çağırırlar onu. Mən də dedim ki, getmə. Deyir ki, qayıtmazdı, amma sən demə bunlar ona müqaviləyə qol çəkdiriblər. Ona əsasən də gərək bir il orda çalışsın. İmtina etsə, böyük təzminat ödəməlidir. Pul da ki, yox.

Beləcə Anar ömrünün bir ilini Türkiyəyə həsr etdi. Darıxsa da, istəməsə də belə. Bəlkə də bu səfər olmasaydı Anarın “Otel otağı” adlı əsəri də dünyaya gəlməzdi. (SON)



Azərbaycan müstəqilliyinə doğru irəliləyirdi. Anar ictimai-siyasi hadisələrin mərkəzindəydi. Ünlü ziyalı olaraq. SSRİ-nin, Azərbaycanın deputatı seçilmişdi. Sözü keçərli olmasa da, sayılan şəxslərdən, simalardan idi. Artıq onu  Rəsul Rzanın oğlu kimi yox, Rəsul Rzanı onun atası kimi təqdim etməyə başlamışdılar. 60-cı illər nəslindən olan Anar bu yeni arenada tək idi. Daha doğrusu, meydanda təklənmişdi. Bilmirdi ki, dövlət adamıdır, yoxsa digər həmnəsilçiləri Sabir Rüstəmxanlı, Yusif Səmədoğlu kimi demokrat, yoxsa yazıçı? SSRİ padşahı Mixail Qorbaçov onu danışmağa qoymayıb tribunadan düşürəndə və bunu bütün Azərbaycan xalqı televiziyada görəndə və “danışaydın da... Qorbaçovdan qorxdun?” deyəndə, bilmirdi ki, nə cavab versin. Sadəcə “mən o tərbiyənin yiyəsi deyiləm axı. Ailə tərbiyəsi görmüşəm” cavabını verirdi. Zəmanə isə dəyişirdi. O isə abrını qoyurdu, illər boyu qazandığı hörməti əldən vermək istəmirdi. Azərbaycanın rəhbərlərindən olan Əbdürrəhman Vəzirov Ali Sovetin iclasında, canlı yayımda “Anar, yadındadırmı o gün yanıma gəlmişdin. Bir şəxsi xahişin də vardı. Yerinə yetirdim. Sizinlə o məsələni müzakirə etdik” deyəndə, evlərdə pıqqapıq düşürdü ki, “bəs Anar xalqın bu ağır vaxtında  özüyçün xahişə gedib”. Cəmiyyətdə ziyalıların məqsədli şəkildə hörmətdən salınması istiqamətində gizli proseslər gedirdi. Mən yalnız üçünün adını çəkə bilərəm: Famil Mehdi, Bayram Bayramov və Anar. Bu ictimai-siyasi proseslərdən yalnız Anar qazancla çıxdı. 2005-ci ildə büdrəsə də...

Yazıçıların hörməti qalsa da, Birliyin hörməti getdikcə itirdi. Çünki Birlik mənzil vermirdi, avtomobil növbəsi ləğv olunmuşdu. Yazıçıları yaradıcılıq evlərinə göndərmirdi. Qonorar yox idi. Anar quruca bir təşkilatın sədri idi. Ona görə də Anarda heç kimin işi yox idi. Yazıçılar Birliyinin nəzdində olan  bəzi tikililər özəlləşdirilərək, ələ keçirilmişdi. Sonuncu cəhdin – Yazıçıların Poliklinikasının balansdan çıxarılaraq, Səhiyyə Nazirliyinə verilməsi cəhdinin isə atam qabağını aldı. Hətta səhiyyə naziri Əli İnsanov ondan incimişdi də. 

Atam Xalq yazıçılarını, Xalq şairlərini İttifaqa dəvət edirdi. Deyirdi ki, “gəlin, oturaq, söhbət edək, çay içək, Anara kömək edək, yazıçıların problemlərini öz nüfuzumuzun gücünə həll edək. Mən bacardığım qədər ora-bura zəng edirəm. Siz də burda olsanız, gör nə qədər xeyir olar gənc yazıçılara?”. Onlar isə gəlmirdilər. Küsmüşdülər. Kimdən? Anardan. Niyə? Heç özləri də bilmirdilər. Sanki belə təsəvvür yaranırdı ki, Anar Birliyin yox, Dağılmağın sədridir. Bu görkəmli yazıçılardan da heç biri dilinə də gətirmirdi, yazmırdı ki, Anar çıx, mən olum sənin  yerinə. (Şamo Arifin şıltaqlığından başqa) Söhbət görkəmli yazıçılardan gedir. Sanki onlar üçün Yazıçılar Birliyi adlı müqəddəs bir məkan yox idi. O məkan ki, oranın qapısından ilk dəfə girəndə, üzv seçiləndə özlərini dünyanın xoşbəxti saymışdılar, diqqət-qayğı görmüşdülər. Bu Birliyin təqdimatlarıyla yüksək adlara layiq görülmüşdülər. Birlik isə batırdı.  Yeni qüvvələr, gənclər meydana gəlirdi ki, onlar da özlərinin  karyera  uğursuzluqlarında məhz Anarı təqsirkar bilirdilər. Sanki Anar idi onların əlindən tutub “Axırıncı aşırım”, “Köç”, “1501-ci ildə”, “Aləmdə səsim var”, “Anamın kitabı”, “Məşhər”, “İdeal”, “Qətl günü” kimi əsərlər yaratmağa, dillər əzbəri olan şeirlər, anşlaqlarla müşayiət olunan pyeslər yazmağa qoymayan. Meydanda bir təqsirkar var idi. O da Anar. Əlində də yalnız bir illik müddətə verilən Prezidentin xüsusi təqaüdü. Bir də büdcədən maliyyələşən Birlik, qəzet və jurnallar. Deputat idi. 2005-ci ildə o da əldən getdi. Amma yenə də şöhrətinin pik nöqtəsində qaldı.



Amma dəxli yoxdur. Əvvəldə dedim də... Anar yazıçı deyil.

Görəsən Anar davamçı axtarırmı? İnanmıram. Görəsən bu kürsüdə kim olacaq Anarın davamçısı?  Bunu heç Anar özü də bilmir. Canatanları bilir, amma kim olacaq, bunu bilmir. Məncə, heç bilmək də istəmir.

Anar indi, elə özünün  “Dantenin yubileyi” əsərində yaratdığı Kəbirlinski obrazına bənzəyir. Xaricən onun kimi sakit, mülayim görsənir. Amma daxilən yatmış vulkandır. Kükrəsə...

Atam həmişə Anarı mənə nümunə çəkirdi. Yazdığı “Sizsiz” əsərinə görə. Valideynə layiqli övlad olmaq baxımından. Hətta ata-anasının yas mərasimində ehsan süfrəsinə “Üç bacı” dolmasının verilməsi də atama ləzzət etmişdi. Təkcə mənə nümunə çəkmirdi. Bu onun bütün oğullara müraciəti idi:

Valideynə oğulsansa – Anar ol! 
Sən əbədi məşəl kimi yanar ol! 
Ata-ana məzarının üstündə 
Bir gül olma, gülüstan ol, gülzar ol!

Anar  da bu rübaini cavabsız qoymamışdı:

Hər sənətdə, hər peşədə kamil ol! 
Tarda Bəhram, kamançada Habil ol! 
Ömər Xəyyam çox şairə söylədi: 
Hünərin var rübaidə Qabil ol!

Deyəsən çox danışıb zəhlənizi tökdüm. Siz də hirslənib deyəcəksiniz ki, Mahir, bəsdir də… Qabilin oğlu olduğunu bilirik. Axı sən özün kimsən? Mənmi? Mən də bu ədəbiyyatın partizanıyam. Müharibədən sonra partizanlara ya Sovet İttifaqı Qəhrəmanı adı verirdilər, ya da ki, Sibirə sürgünə göndərirdilər. Ya bəxt…

Amma yenə də fikrimdə qalıram. Anar yazıçı deyil.



Yenə də əsəbləşəcəksiniz. Deyəcəksiniz ki, Anarın az qala bütün yaradıcılığını bu yazında əhatə etdin, tarixi faktlarla qiymət verdin. Bu yazdıqların nədir, “Anar  yazıçı deyil” deməyin nə? Sənə filoloq diplomunu verənin... Yox, söyməyin. Anar özü də o vaxt qurultayda demişdi ki, “mənim sədr keçməyimlə neçə-neçə əsər dünyaya gəlməyəcək”. Gəlmədi də... Ara-sıra yazıları çıxsa da, sədrlikdən əvvəlki  uğuru qazana bilmədi. Çünki Anar yazıçılıqdan uzaqlaşdı. Qələmi də yazmadıqca, korşaldı. Hər gün cızma-qarayla məşğul olanların, həyatda heç nəyə nail ola bilməyənlərin  çox kiçicik qələmi isə cırıldamağa, parıldamağa başladı. Atam Qabil demişkən:

Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korşalıb.
Heyf korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Anar ədəbiyyatımızda yazıçı kimi yüksək nüfuzunu sədrliyə, ictimai-siyasi xadimliyə qurban verdi. Qələmini isə qılınc kimi qınına saldı. Bir  yazıçı kimi özünü öz əliylə sildi.

Anar yazıçı deyil. Amma Anar KLASSİK yazıçıdır. Anarın o vaxt yazdıqları bu gün də müasirdir. Və zaman irəli getdikcə, daha da müasirləşir. Anar o vaxt güclü idi. Çox güclü idi. Çünki bütöv bir nəslin nümayəndəsi idi. Atası, anası ona arxa idi. Bu düz. Bütün atalar, analar övladlarına arxadır. Amma bu gün Rasim Ocaqov, Arif Babayev kimi rejissorlar, Emin Sabitoğlu kimi bəstəkarlar, Vaqif, Yusif Səmədoğlu, Qabil kimi dostlar yoxdur. Bir Fikrət Qoca qalıb. O da ...

HAŞİYƏ: Xalq yazıçısı Çingiz Abdullayevin qələmə aldığı  atamla söhbəti yadıma düşdü:

- Qabil müəllim, siz çox cavansınız, vaxt var.

- Yox, Çingiz, 60-ı keçəndən sonra artıq adam ağsaqqal olur.

- Bəs, Qabil müəllim, bizim elə yazıçı-şairlərimiz var ki, onlar artıq 70-i haqlayıblar.

- Onlar artıq ədəbi nəslimizin patriarxıdır.

- Bəs, Qabil müəllim, 80-i xırdalayanlar?

- Onlar adam deyillər, artıq “Qobustan abidələridir, əfsanədirlər”. (SON)

...artıq 80-i xırdalayır. Digər sağ qalanlar isə korşalıblar. Azərbaycan ədəbiyyatının patriarxı olan Anar isə 78-ə çatır. Anar Rzayev yox, yazıçı Anar tənhadır. Amma deyəsən hardasa yanılıram. Tənha olsaydı bu yazı yazılmazdı.

SON

Nəvəm İlaydayla oynayıram. Qəribə adı var. Hələ dilimə yatmır. Yeni addır. Təki bəxti gözəl olsun. Təki adı uğurlu ad olsun.  Anarın adı kimi...

Fevral, 2016


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu