Modern.az

Azərbaycanlığımız və Türklüyümüz: I yazı

Azərbaycanlığımız və Türklüyümüz: I yazı

6 Mart 2016, 10:36

Bu gün tariximizin, ədəbiyatımızın, fəlsəfəmizin, mədəniyətimizin konsepsiyasının olması ya da olmaması haqqında birmənalı fikir bildirmək çox çətindir. Buna başlıca səbəblərdən biri, bəlkə də birincisi həmin məsələlər üzərindən Sovet-Rus, İran-Fars bütövlükdə Avropa-Qərb konsepsiyasının təsirinin davam etməsidir. Yəni prinsipial olaraq yad amillərdən kınarda müstəqil konsepsiya formalaşdırmaq yolunda çətinliklər olduğu üçün də tariximizin, ədəbiyatımızın, fəlsəfəmizin, mədəniyətimizin hansı adla adlandırılmasından tutmuş onun dərinliklərinə qədər bir çox məsələlər açıq qalmaqdadır. Deməli, bu sahələrdəki çatışmazlıqlar, yarımçılıqlar ilk növbədə yad təsirlərdən kənarda müstəqil konsepsiyanın olmamasıyla bağlıdır. Bizcə, ötən 25 il ərzində müstəqil konsepsiya formalaşdırmaq əvəzinə Sovet-Rus, İran-Fars bütövlükdə Avropa-Qərb konsepsiyasının uzantılarına əsaslanan hansısa işlərin görülməsi görüntüsü ortaya qoyulmaqdadır. Şübhəsiz,  yadelli konsepsiyanın uzantılarına əsaslanan nəzəriyyələr, düşüncələr isə Azərbaycanlığımız və Türklüyümüz haqqında toplumda nəinki doğru-dürüst bilik verir, əksinə ortada olan bəlli aydınlaşdırıcı bilgiləri də dumanlaşdırır.

Bizlər, yəni Turan-Oğuz-Türk ruhlu sistemi bərpa edərək müstəqil konsepsiya ortaya qoymaq istəyənlər də (mən də daxil olmaqla), bunu etmək əvəzinə daha çox yadelli konsepsiyalra cavab verməklə məşğuldurlar. Hesab edirik ki, əgər yadelli konsepsiyalara tutarlı arqumentlərlə cavab verə bilsək, o zaman həqiqət ortaya çıxacaq, bununla da hər şey öz həllini tapmış olacaqdır. Burada istək doğru olsa da, amma prinsip etibarilə əsas məsələ bu olmamalıdır. Yəni bizlər üçün önəmli olan milli metodologiyadan çıxış edərək Turan-Oğuz-Türk ruhlu konsepsiyanı sadəcə ortaya qoymaq olmalıdır. Bu zaman da yadelli konsepsiyaların metodologiyasından yan qaçılmalı, milli konsepsiyamız Turan-Oğuz-Türk ruhuna əsasən yazılmalıdır.

Bizcə, milli metodologiyaya əsaslanan müstəqil konsepsiya formalaşdırmaq yolunda vacib məsələlərdən biri tarix, ədəbiyyat, mədəniyyət, fəlsəfə kitablarımızın hansı isimlə (“Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfəsi tarixi”, “Azərbaycan ədəbiyyatı tarixi” və s.) adlandırılması da çox mühümdür. İlk baxışda “ad” deyil, məna və mahiyyət önəmlidir. Ancaq biz o fikrin tərəfindəyik ki, “ad” nə qədər zahiri xarakter daşısa da,o bütün hallarda “mahiyyət”lə bağlı olmayanda çox ciddi problemler ortaya çıxır. Bu anlamda “ad” və “mahiyyət”in birbirini tamamlaması çox önəmlidir. Məsələn,  “Azərbaycan tarixi” adlı kitab varsa, onun mahiyyəti də “Turan-Oğuz-Türk ruhlu Azərbaycan”la bağlı olmalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Ancaq “Azərbaycan” anlayışı Oğuz-Türk xalqının tarixini, fəlsəfəsini, mədəniyyətini ifadə etmək üçün yetərli deyilsə, hətta bu zaman sui-istifadələrə yol verilirsə, belə olduğu təqdirdə “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfəsi” yerinə “Azərbaycan xalqının tarixi”, “Azərbaycan xalqının fəlsəfəsi” kəlimələrinə müraciət edilməlidir. Bizcə, sonuncu anlayışların özləri belə çox dəqiq olmasa da,  mövcud olanlarla müqayisədə daha məntiqəuyğundur. Hər halda “Azərbaycan” kəliməsiylə nisbətdə “Azərbaycan xalqı” anlayışında sui-istifadə halları xeyli dərəcədə azalır. “Azərbaycan xalqı” milli kimliyi dəqiq ifadə etməsə də, hansı milli kimliyi daşıdığı məsələsində dəqiqlik tələb edir. Məsələn, “Azərbaycan xalqı”nın ədəbiyyatından söhbət gedəndə bu gün “Azərbaycan dili” adı altında da olsa, artıq Türk dilində yazılmış əsərlər nəzərdə tutulur, Dədə Qorquda, İzzəddin Həsənoğluna, Nəsimiyə, Füzuliyə və başqalarına müraciət   olunur. Bu anlamda “Azərbaycan xalqının tarixi”, “Azərbaycan xalqının fəlsəfəsi” və s. anlayışları da “Azərbaycan türk xalqı”nın tarixi, fəlsəfəsi, ədəbiyyatı, mədəniyyəti əsasında formalaşmışdır.


Sadəcə, son əsrdə “Sovet Azərbaycanı”nda və “İran Azərbaycanı”nda “Turan-Türk-Oğuz-Xəzər” anlayışlarına olan qadağalar təbii şəkildə ifadə olunan “Azərbaycan türk xalqı”, “Türk dili”, “Türk tarixi” kəlimələrinin sıradan çıxarılmasıyla, onun yerinə işlədilən “Azərbaycan xalqı”, “Azərbaycan dili”, “Azərbaycan milləti”, “Azəri”, “Azəri dili” anlamları Azərbaycan-Oğuz türklərinin şüurunda yarımçıqlığa, natamamlığa səbəb olmuşdur. Hətta, iş o dərəcəyə gəlib çatmışdır ki, uzaq və yaxın tarixdə bir çox mütəfəkkirlərimizin, tədqiqatçılarımızın (İ.Həsənoğlu, Ş.İ.Xətayi, Füzuli, Nəsimi, A.A.Bakıxanlı, S.Ə.Şirvani, H.Cavid, B.Vahabzadə, Z.Bünyadov və b.) öz əlləriylə yazdığı “Türk dili”, “Azərbaycan türk xalqı”, “Türk milləti”, “Türk tarixi” heç bir əsas olmadan “Azərbaycan dili”, “Azərbaycan milləti”, “Azərbaycan xalqı”, “Azəri dili”, “Azəri” kimi dəyişdirilmişdir. Belə ki, A.A.Bakıxanlı “Gülüstani-İrəm”də “Qanuni-Qüdisi” əsərini türk dilində yazdığını açıq şəkildə yazdığı halda, Sovetlər Birliyi dönəmində “Türk dili” “Azərbaycan dili”nə çevrilmişdir. Bununla da, “Sovet Azərbaycanı”nda və “İran Azərbaycanı”nda “Azərbaycan”, “Azərbaycan xalqı” ifadələri altında yazılan tarix, fəlsəfə, ədəbiyyat kitabları da əsasən kosmopolit, beynəlmiləlçi mahiyyət daşımışdır.

Çox yazıqlar olsun ki, bu “ənənə” müstəqil Azərbaycanda da əsasən davam etməkdədir. Hətta, “ənənə”yə sadiqlik müstəqil Azərbaycan dövründə yazılmış əsərlərdə belə saxtakarlığa əl atmağa sövq etmişdir. Bircə misal deyək ki, 1994-cü ildə nəşr olunan «Azərbaycan tarixi»nin (redaktorları: akad. Z.Bünyadov və prof. Yusif Yusifov­) “Ön söz”ündə akademik Ziya Bünyadovun işlətdiyi «Azərbaycan türk xalqı» ifadəsi həmin kitabən 2005 və 2007-ci il tarixli latın qrafikasındakı təkrar nəşrlərində «Azərbaycan xalqı» kimi təhrif edilmişdir. Burada açıq-aşkar Türklüyümüzün Azərbaycanlığımızdan ayrılması kimi sistematik düşmənçilik elementi özünün büruzə verir. Çünki Ziya Bünyadov “Ön söz”də Azərbaycan türk xalqıyla digər azsaylı etnosların etnik kimliklərini fərqləndirmək üçün tutarlı, məntiqi, təbii anlayışlara müraciət etmişdir. Yəni bu kitabı oxuyan hər bir oxucu, tələbə anlayacaq ki, “Azərbaycan tarixi” dedikdə, burada əsas nüvə kimi Azərbaycan türk xalqının tarixindən gedir, amma “dərslikdə, qaynaqların imkan verdiyi imkan daxilində, bu etnik azlıqarın da  erkən tarixinə nəzər yetirilmişdir”. Deməli, Z.Bünyadov açıq şəkildə “Azərbaycan xalqı”nın “Azərbaycan türk xalqı” olduğunu, türk olmayan etnik azlıqları da ötən əsrlər, minillər ərzində “öz ətrafında toplanması” müddəasını müdafiə etmişdir.

Bizcə, bununla da akademik “Azərbaycan”, “Azərbaycan xalqı” anlayışlarının Türk nüvəsi olmadan mövcudluğunun mənasızlığını ifadə etmişdir. Açıq şəkildə görünür ki, Ziya Bünyadovun Oğuz-Türk ruhlu “Azərbaycan” konsepsiyanını ruhuna uyğun bircə kəliməsi - “Azərbaycan türk xalqı” ifadəsi belə, yadelli konsepsiyaları müdafiə edən üçün böyük zərbə hesab olunmuşdur. Ona görə də, “Azərbaycan türk xalqı” ifadəsinin öz təsdiqini tapmaması üçün sistemli çalışan “antitürkçü məktəb”in təmsilçiləri, hansıki onlar bir çox hallarda bunu gizlətmirlər də, müstəqil Azərbaycan tarixində belə saxtakarlıq etməkdən çəkinməmişlər. Çünki “antitürkçü məktəb” üçün bu gün keçərli olan “Azərbaycan türk xalqı”nın tarixi, fəlsəfəsi, ədəbiyyatı deyil, naməlum ya da Hind-İran-Avropa ruhlu “Azərbaycan” və “Azərbaycan xalqı” adı altındakı kitablar uyğundur.

Bizcə, “Azərbaycan” kəliməsi son əsrlərdə özünün türklük, oğuzluq, xəzərlik anlamındakı mahiyyətindən kəskin şəkildə uzaqlaşdırlmasaydı, o zaman “Azərbaycan tarixi”, “Azərbaycan xalqının tarixi” (fəlsəfə, ədəbiyyat, mədəniyyət və s.) anlayışları adı altında “Sovet Azərbaycanı”nda, “İran Azərbaycanı”nda və müstəqil Azərbaycanda bu qədər saxtakarlıqlar baş verə bilməz, bu gün “antitürk ənənələr” açıq şəkildə davam etdirilməzdi. Bu anlamda  etiraf etmliyik ki, ən azı son iki əsrdə “ad” dəyişiklikləri fonunda “mahiyyət”in saxtalaşdırılması çox sürətlə aparılmışdır. Ona görə də bu gün “Azərbaycan (xalqının) tarixi”, “Azərbaycan (xalqının) fəlsəfəsi tarixi”, “Azərbaycan (xalqının) ədəbiyyatı tarixi” dedikdə, ilk növbədə “Azərbaycan” adlı çoğrafiyada ya da ölkədə yaşamış məlum və naməlum xalqların tarixi, fəlsəfəsi, mədəniyyəti gözümüz önündə canlandırılmağa çalışımışdır. Bunun da nəticəsində müstəqil Azərbaycanda tarix, fəlsəfə, mədəniyyət yazanların əksəriyyəti “Azərbaycan”ın eyniliyi kimi Turandan-Oğuzdan-Xəzərdən başlayıb Türklüklə davam edən  konsepsiyanı ya doğrudan anlamırlar, ya da Hind-İran-Avropa konsepsiyası baxımından bilərəkdən yaxına buraxmırlar.

Özəlliklə Hind-Avropa-İran konsepsiyasından çıxış edənlərə görə, “Azərbaycan” anlayşı “Oğuz”, “Xəzər”, “Turan”, “Türk” kəlimələri istisna olmaqla digər istənilən etnik kimliklərlə bağlı ola bilər. Bu anlamda onlarca “Azərbaycan” İran-Hind-Avropa mənşəli “Atropatena”dan gələn ya bir nəsli, ya da zərdüştliyi, odlar ölkəsini, odun qoruyucusunu və bu kimi anlayışları ifadə edir. Deməli, İran-Hind-Avropa ruhlu anlamlar daşıyan “Azərbaycan” Türklüyə, Oğuzluğa yaddır!!! Əgər “Azərbaycan” Türklüyə, Oğuzluğa, Xəzərliyə yaddırsa, o zaman “Azərbaycan” adı altındakı tarix, ədəbiyyat, mədəniyyət, fəlsəfənin mahiyyəti də başqa yerlərdə axtarılmalıdır. Şübhəsiz, “Azərbaycan” kəliməsinin bu cür yozumu, özəlliklə Türk ruhundan uzaq “Azərbaycan” anlamında tarix, fəlsəfə, ədəbiyyat ortaya qoymaq Sovet-Rus, İran-Fars, “Avropa-Qərb” konsepsiyasına uyğundur. Bu anlamda “Azərbaycan” və “Türk” kəlimələrinin zahiri ayrılığını əsaslandırmaq, məhz onların mahiyyətini dəyişdirmək məqsədi güdmüşdür. Beləliklə, əsas nüvə olan Azərbaycanlığımız və Türklüyümüzün birbirinə qarşı qoyulmasıyla, özəlliklə Türklüyümüz inkarı fonunda Azərbaycanlığımızın iranlılaşdırılması, avropalaşdırılması prosesi baş vermişdir.

Deməli, bugünkü “Azərbaycan” adını daşıyan tarix, fəlsəfə, ədəbiyyat, mədəniyyət turan-xəzər-oğuz-türk ruhundan uzaqlaşdırıldıqdan sonra Sovet-Rus, İran-Fars, “Avropa-Qərb” konsepsiyasına uyğunlaşdırılmağa çalışılmışdır. Vahid millət olan Turan-Oğuz-Türk ulusunun tarixi, ədəbiyyatı, fəlsəfəsi “Sovet Azərbaycanı”nda və “İran Azərbaycanı”nda inkar edilərək onun yerində hər iki Azərbaycanda “çoxsaylı xalqlar”, “çoxsaylı millətlər” tarixi, fəlsəfəsi, ədəbiyyatı ortaya atılmış, bu gün d həmin proses aşağı-yuxarı davam etməkdədir. Halbiki biz, “Sovet Azərbaycanı” və “İran Azərbaycanı”na qədər “çoxsaylı xalqlar”, “çoxsaylı millətlər” tarixinə, fəlsəfəsinə, ədəbiyyatına rast gəlmirik.

“Azərbaycan tarixi” adlı ilk əsərin 12-ci əsrdə təbrizli Fəxrəddin Ebul-Fəzl İsmail tərəfindən farsca yazıldığı iddia olunur ki, bizə gəlib çatmayan bu kitabda “Azərbaycan” haqqında hansı anlamda bəhs olunduğu bəlli deyildir. Yəni “Azərbaycan tarixi”ndə konkret coğrafiyanınmı, xalqınmı, ölkəninmi tarixini nəzərdə tutduğunu bilmirik. Bizcə, Fəxrəddin “Azərbaycan tarixi” dedikdə, “oğuzlar, türklər ölkəsi Azərbaycanın tarixi”ni nəzərdə tutmuşdur. Əslində Fəxrəddinin “Azərbaycan tarixi” altında yaza biləcəyini Dədə Qorqud boyları, Xaqani, Nizami Gəncəlinin əsərləri, eləcə də Yunan, Assur, Ərəb, Fars, Suriyani  qaynaqlarda bu və ya digər mənada təsdiq edirlər.

Dədə Qorqud boylarında açıq şəkildə “Azərbaycan” anlamında Oğuz-Türküstan dövlətindən bəhs olunur. Oğuz-Türküstan dövləti tarixi mənbələrdə bəhs olunan İşquz-Oğuz və Midiya-Turan dövlətləridir. Deməli, “Azərbaycan” adının formalaşması İşquz-Oğuz və Midiya-Turan dövlətləriylı bağlıdır. Sonralar “Azərbaycan” adında formulə olunmuş İşquz-Oğuz və Midiya-Turan dövlətləri miladdan öncə 1-ci minilliyin ilk yarısında mövcudluğunu nəzərə alsaq, o zaman deyə bilərik ki, “Azərbaycan” e.ə. 10-6-cı əsrlərdə meydana çıxmışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu