Modern.az

"Neftin qiymətinin qalxması büdcəyə əlavə gəlir gətirəcək"

"Neftin qiymətinin qalxması büdcəyə əlavə gəlir gətirəcək"

İqtisadiyyat

9 Mart 2016, 12:07


Mart ayının 7-dən etibarən dünya bazarında Brent markalı neftin qiyməti 40 dolları ötüb.  Martın 9-da isə ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar azalaraq 39,52 dollarda qərarlaşıb.

Növbəti günlərdə neftin qiymətinin müəyyən qədər artımı istisna edilmir. Neftin qiymətinin bahalaşması davam edəcəyi təqdirdə Azərbaycanın dəqiqləşdirilmiş büdcəsinə yenidən baxmağa ehtiyac olacaqmı?

Modern.az saytına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov neftin qiymətinin bahalaşmasının problemlərin həllində müsbət rol oynayacağını deyib:

“Hazırda neftin qiyməti 40 dollara yaxındır. Amma gözləmək lazımdır ki, görək bu qiymətlər uzunmüddətlidir yoxsa yox... Hər halda prosesi izləmək lazımdır. Çünki, danışıqlar gedir. İran nefti dünya bazarlarına yeni çıxıb, martın sonunda toplantı da gözlənilir”.

V.Əhmədov neftin qiymətinin artması fonunda büdcəyə yenidən baxılıb-baxılmamasının hər hansı problem yaratmayacağını bildirib:

“Neftin qiymətinin artımı əlbəttə, Azərbaycanın dövlət büdcəsinə, Dövlət Neft Fonduna əlavə vəsait toplanmasına gətirib çıxaracaq. Büdcənin 25 dollardan hesablanması, hazırda neftin 40 dollar olmasının yalnız müsbət tərəfləri ola bilər.

Mən hesab edirəm ki, neftin qiymətinin qalxması fonunda dövlət büdcəsinə yenidən baxılmaması elə bir problem yaratmaz. Amma izləmək lazımdır. Hazırda proqnoz vermək çox çətindir. Əslində neftin qiymətinin kəskin artımını gözləmirəm,amma hər halda prosesi izləmək lazımdır”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...