Etibar Cəbrayıloğlu
Dünənin, bu günün və sözsüz ki, həm də sabahın böyük şairi Ramiz Rövşən hər birimizin ürəyindən keçən duyğuları necə də gözəl ifadə edib:
...Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik.
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...
Belə analardan birinin-anam Rəisə xanımın bu gün 75 yaşı tamam olur. Mətbuatda çalışdığım uzun illər ərzində dost-tanışlarımın ad günləri, yubileyləri ilə bağlı bəs deyincə yazı yazmışam, bu adətimdən əl çəkmək fikrində də deyiləm. Dost da yazmasa, kim yazacaq? Amma valideynlərim, ailə üzvlərimiz barədə yazı birinci dəfədir. Sözün açığı, heç bilmirəm niyə belə alınıb...
Bəlkə də düşünmüşəm ki, üz-üzə, göz-gözə oturub söhbətləşmək, səmimi fikirləri bölüşmək imkanı varsa, bunu mətbuata çıxarmağa, ictimailəşdirməyə nə ehtiyac? Amma anamın yubileyində epistolyar janrdan yararlanmaq qərarına gəldim. Dostum, dəyərli publisistimiz Loğman Rəşidzadə demişkən, görünür anaya məhəbbətin böyük səmimiyyətini yalnız məktubda göstərmək olar.
Ana! 75 yaşın tamam olur. Bu gün gəlib səni ziyarət edib əllərini öpəcəm. Şad günündə bir neçə saatlıq da olsa, nəfəsini daha yaxından hiss edəcək, ağappaq saçlarına sığal çəkəcəm. Gözlərinin içinə baxıb ürəyimdən keçən xoş sözləri deməyə görən gücüm çatacaqmı? Bəlkə günahkarlar kimi heç nə danışmayıb sussam yaxşıdı.
Təpədən dırnağa şair olan Vaqif Bəhmənli keçirdiyim hissləri illər öncə şeirlərinin birində təsvir edib:
Ömrümün sarayı ovuldu daş-daş
Cənnət çeşmələri axmadı məndən.
Nə bir fərli oğul, nə fərli qardaş,
Nə bir fərli ata çıxmadı məndən.
Yəqin ki, bütün uşaqlar atalarını dünyanın ən güclüsü, analarını dünyanın ən gözəli sayır. Sən də dünyanın ən gözəl anasısan. Bu öz yerində, amma sən həm də ən iddiasız, dünya malında gözü olmayan bir anasan. Bircə anasan. Biz övladların göz açandan səni həmişə belə gördük, belə sevdik. Bizi də belə öyrətməyə çalışdın.
Böyük bazarda, Sabir küçəsində babamın bizə ayırdığı birotaqlı balaca bir evimiz vardı. Dörd övladını həmin darısqal otaqda böyütdün, bütün çətinliklərə rəğmən, heç vaxt dilindən şikayət, narazılıq eşidən olmadı. Sonra bizə ikinci mikrorayonda dörd otaqlı mənzil verdilər. Bu genişlik də səni dəyişmədi.
Ailənin yeyib-içməyini vaxtında hazırlamaq, üst-başımızı təmiz saxlamaq üçün ağır vedrələrlə suyu beşinci mərtəbəyə daşıyanda da gileyləndiyini görən, eşidən olmadı.
Böyük övladının qəfil itkisi, həyat yoldaşının vəfatı ürəyinə çarpaz dağlar çəksə də, bu dərdə mərdanə dözdün. Nələr çəkdiyini bir özün bildin, bir də Allah...
Ana! Bu gün 75 yaşın tamam olur. Övladların, gəlinlərin, nəvə və nəticələrin yubiley günündə sənin başına toplaşacaq. Dünyanın ən gözəl, ən iddiasız, ən gözütox anası.
Süd verib övladlarını boya-başa çatdırdın, nəfəs ver bizi yaşat!