Modern.az

“Araz” kursundan şok etiraf: “Şagirdlərə orta məktəblərdən fərqli bir şey vermirik, sadəcə..."

“Araz” kursundan şok etiraf: “Şagirdlərə orta məktəblərdən fərqli bir şey vermirik, sadəcə..."

Qarabağ

17 Dekabr 2010, 14:09

Ali məktəblərə hazırlaşan abituriyentlərin ən çox üz tutduğu hazırlıq kurslarından biri “Araz ”dır. Amma bu hazırlıq kursuna üz tutan və sonradan ondan narazı qalanlar da var. Modern.az ötən günlərdə “Araz” hazırlıq kursundan redaksiyamıza daxil olan şikayətlərlə əlqədar məlumat vermişdi. Məsələ barədə məlumatlı olan kurs rəhbərliyi əməkdaşlarımızı “Araz”ın baş idərəsinə dəvət edib.
Elə əməkdaşlarımız da dərslərin səsli - küylü kecməsi, şagirdlərin dərsə telefon gətirməsi, kursda dərs deyən müəllim heyətinin əsasən cavan və təcrübəsiz kadrlardan ibarət olması, ən əsası isə kursun yüksək nəticə göstərən şagirdləri nəzarətə götürməsi, digərləri ilə ciddi məşğul olmaması və əhalidən gələn  başqa şikayətlərin hansı dərəcədə əsaslı olduğunu öyrənmək məqsədilə dəvəti qəbul edib.

“Əlimizdə sehrli çubuq yoxdu ki, orta məktəbdə bazası zəif olan şagirdin nəticəsini birdən-birə 700 bala çatdıraq...”

Öncə ədəbiyyat üzrə metodisti Səbuhi Hüseynovla söhbətləşdik. Deyəsən bundan öncəki yazılarımız sarı simə toxunmuşdu. Bunu metodistin açıqlamasından da görmək olar:

“D qrupları ilə daha çox məşğul oluruq, digərləri ilə yox” kimi səslənən bu fikir doğru deyil. Valideynlərin bu cür fikirləşməsi yalnışdı. Hər bir şagirdin müəyyən orta məktəb bazası olmalıdır. Kursda isə uşaqlara orta məktəb bazası əsasında testlə işləmək qaydaları öyrədilir. Bizim əlimizdə sehrli çubuq yoxdu ki, orta məktəbdə bazası zəif olan şagirdin nəticəsini birdən-birə 700 bala çatdıraq”.

Bu məqamda “Araz” rəhbərliyinin valideynlərlə imzaladığı müqavilə yada düşür. Düzdür, orada 700 bal məsələsi yoxdur. Amma öhdəlik var. Nədənsə “Araz”da bu məsələnin üstündən sükutla keçdilər...  

“Yüksək bal toplayan şagirdlərimiz elə "Araz"a yüksək balla qəbul olunanlardır”

Qayıdaq yenə S.Hüseynovun dediklərinə... O, bildirdi ki, “Araz”ın ancaq 700 bal toplamağa qadir abituriyentlərlə daha ciddi məşğul olması barədə deyilənlərlə razı deyil:
“Sizə şikayət edildiyi kimi olsa, onda bizə şagird gəlməzki...”.
S.Hüseynovun sözlərinə görə, “Araz”da tədris eyni sistemlə və eyni müəllimlər tərəfindən kecirilir.
Ədəbiyyat üzrə metodist Səbuhi Hüseynovun sözlərinə görə, şagirdlərin qruplara ayrılmasında məqsəd güclü və zəifləri ayırmaq deyil:

“Güclü və zəif şagird bir sinifdə təhsil aldığı zaman onların ikisinin də yüksək nəticə qazanması mümkün deyil, mən məcburən ya 300 ballıq şagirdlə, ya da  600 ballıq şagirdlə ayaqlaşmalıyam. Ya da iki şagirddən biri narahat olmalıdır. Sinif bölgülərində məqsəd  budur”.

Bu halda şagirdlərin qruplara bölünməsində digər bir məsələ ortaya çıxır: sınaqlarda 200 bal toplayan abituriyentlərin səviyyəsini 500 – 600 bala yığa bilənlərin səviyyəsinə çatdırmaqdan ötrü hansı işlər görülür?

S.Hüseynov bildirdi ki, “Araz” kursunda dərslər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təsdiq etdiyi proqram əsasında  tədris edilir. “Biz hansısa 150 ballıq səviyyəsi olan şagirdi qəbul etdiyimiz zaman zəmanət vermirik ki, onu 600 ballıq səviyyəyə çatdıracağıq”.

Onda belə çıxır ki, məhz bu son cümlə ilə metodist valideynləri “Araz” barədə bir daha düşünməyə vadar edir.

Metodist deyir ki, onlar dərslərini kecirlər və valideynlərlə mütəmadi əlaqə saxlayırlar:

“Sınaq imtahanları keciririk, nəticələrlə valideynlər də tanış olur. Nəticələrdən uşaqların və valideynlərin xəbəri olur. Heç vaxt deməmişik şagirdi 100 bal göstərici ilə qəbul edib sonra onun səviyyəsini 700 bala catdıracağıq. Deyə bilərəm ki, əksər hallarda bizim yüksək bal toplayan şagirdlərimiz “Araz”a elə yüksək balla qəbul olunanlardır”.

Təlim-tərbiyənin önəmli olduğunu bildirən Baş idarənin rəis müavini Tayyib Oral “Araz” kursunda dərslərin səs-küylü kecməsi, uşaqların dərsə telefon gətirməsi məsələsinə münasibət bildirdi:
“Bura gələn uşaqlar pul ödədikləri üçün məsuliyyətlidir. Nizam-intizam qaydalarını pozan uşaqların valideynlərini çağırırıq, onlara xəbərdarlıq edirik, nəticəsi olmasa, ödədiyi pul geri verilir və həmin şagird kursdan uzaqlaşdırılır”.
 
Amma rəis müavini indiyədək hansısa səbəbdən neçə şagirdin “Araz” kursundan kənarlaşdırıldığını açıqlamadı. T.Oral qeyd etdi ki, onlar mobil telefonu olan şagirdlərə tələb qoyublar. Şagird dərsə girdiyi vaxt telefonu söndürür, dərsdən sonra açır.

Biz rəis müavininə xatırlatdıq ki, Modern.az-a daxil olan şikayətlərə görə, bəzi şagirdlər dərslərdə telefonla danışırlar və onlar sinifdən çıxarılmır.

T.Oralın sözlərinə görə, indiyədək “Araz” kurslarında ən yüksək göstərici Qax rayonunda qeydə alınıb: “Bu rayonda 95 %, Lənkəranda 80-85 % təşkil edir. Ümumiyyətlə isə abituriyentlərimizin 90-91 %-i ali məktəblərə qəbul olunur. 2009-cu ildə 800 şagirddən 163 nəfər 600-dən yuxarı bal toplayıb, 22 nəfər isə Prezident təqaüdü qazanıb”.

”Müəllimlərimizə təcrübəsiz deyənlər uşaqlarını niyə “Araz”a gətirirlər?”

Ədəbiyyat üzrə metodist S.Hüseynov bizimlə söhbətdə “Araz” kursunda təcrübəsiz müəllimlərin çalışmaşı fikrinə toxunub: “Kursda Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işcisi elan olunan müəllimlər də çalışır. Hər kəsin ilk işə başladlğı illər olur, onlara təcrübəsiz demək doğru deyil. Azərbaycanda test sistemi 1992-ci ildən tətbiq olunur. Bizim də işimiz testlə bağlıdır. Üstünlüyümüz ondan ibarətdir ki, biz Türkiyə ilə qarşılıqlı işlədiyimizdən, testi öyrətmək baxımından daha qabağa gedə bilmişik. O ki, qaldı cavan kadr məsələsinə, buna  yalnız mənfi tərəfdən baxılmamalıdır. Valideyn özü gətirib  uşağını “Araz” kursuna qoyur, digər tərəfdən deyir müəllim təcrübəsizdi. Bu zaman bir sual ortaya cıxır, təcrübəsizdir, niyə gətirmişdin? Hər il “Abituriyent” jurnalında qəbul modelli testlər olur. Həmin testlərdə ayrı-ayrı müəlliflərin qəbul imtahanın modelinə uyğun testləri cap olunur. Bizim müəllimlərin hər birinin adı demək olar ki, orada olur. Bizim əsas istiqamətimiz test üsulu ilə abuturyent hazırlamaqdır”.
 
Tayyip Oralın sözlərinə görə “Araz” kursuna gələn şagirdin  başarılı ola bilməsi ücün mütləq orta məktəb bazası olmalıdır: “Biz burda sadəcə istiqamət veririk və test həlletmə bacığını sürətləndiririk. Şagirdlərə orta məktəblərdən fərqli bir şey vermirik, sadəcə test metodikası öyrədirik”.

Sədaqət Süleymanova
Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi