Namidə BİNGÖL
İnsanın əlsiz-ayaqsız olması günah deyil. Burda qəbahətli heç nə yoxdu. Fiziki qüsurlu insanlar cəmiyyətin yararsız üzvləri deyil. Onlara qüsurlarına görə kobud davranmağa gəlincə...
Həftənin hesabatını təqdim edirəm.
Yorğanına görə ayağını uzadanlar
Uzun müddətdir ki, Azərbaycanda xeyir-şər mərasimlərinin dəbdəbəli keçirilməsi məsələsi gündəmdədir. İllərdir dünyasını dəyişən insanların ruhuna hörmət əlaməti olaraq yas süfrəsini elə formada açırlar ki, sonda dirilər üçün ölü də yaddan çıxır. Yəni yas məclislərini VİP səviyyəsində təşkil edən ev yiyəsi yasa görə borca girib çəkdiyi xərci qaytarmağın yollarını axtarmağa başlayır.
Toy mərasimlərimiz də eyni vəziyyətdədir. Maddi imkanı aşağı olanlar da dəbdəbəli toy etməyə üstünlük verir. Görünən odur ki, mərasimlər ətrafında fikirlər səslənsə də çoxları öz bildiyini edir.
Yola saldığımız həftə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda “Xeyir və Şər adətləri” adlı qanun layihəsinin hazırlandığını deyib. Həmin layihədə yas mərasimləri zamanı VİP çadırların qurulması qadağan ediləcək. Bu qanun layihəsinin hazırlanmasında əsas məqsəd əhalinin yas mərasimlərini bərabər şəkildə keçirməsidir. Təki elə olsun. Maddi imkanı aşağı olanlar varlı qonşusuna baxıb köks ötürməsin ki, “filankəs anasının yasında dovğa, banan verib. Gərək mən də verim”.
Nazirlərin “başı” olmaq asan deyil
Yola saldığımız həftə maliyyə naziri Samir Şərifov haqqında sensassiya doğuracaq informasiya mətbuat səhifələrini bəzədi. ABŞ-da maliyyə analitiki qismində çalışan keçmiş “KQB” əməkdaşı Yuri Şvetsin “Qordon” nəşrində Samir Şərifovun 3 ölkənin agenti olması barədə iddiaları Azərbaycanda ciddi rezonans doğurdu.
Özü də maliyyə nazirinin ABŞ-a səfər etdiyi bir vaxtda bu cür məlumatların ortaya çıxması bəzi məqsədlərin olmasından xəbər verirdi. Axı nə baş verir?! Maliyyə nazirinə qarşı bu cür təxribat xarakterli informasiyaların ildırım sürətilə yayılmasında kimlər və nəyə görə maraqlıdır?! Dəqiq versiyalar olmasa da təxmini fikirlər var. Yerli mətbuatın yazdığına görə, Azərbaycanda baş nazir postu uğrunda gizli şəkildə qapalı mübarizə gedir.
Deyilənlərə görə Samir Şərifovun baş nazir olması məsələsi gündəmdə dolaşmaqdadır. Görünür, baş nazirlik postuna iddialı olanlar var. Bu iddialı olanların kimliyi isə sual altındadır. Deyirəm işə bax ha! Kim ki hansı yerə iddialıdırsa başqasının adının hallanmasına belə imkan verməz. Bəzi ekspertlər deyir ki, maliyyə naziri Samir Şərifov da kimlərinsə qurduğu oyunun baş rol ifaçısına çevrilib.
Savaşda ayaqlarını itirən əsgərdən dilənçi “düzəltmək” olmur
Cəmiyyətin ən böyük problemlərindən biri də hansısa bir orqanını itirən insanlara yazıq, bədbəxt, çarəsiz kimi nəzər yetirməkdir. Bir çox hallarda nəzər nöqtələri kobud davranış qaydaları ilə əvəzlənir. İstehzalı gülüşləri ilə kinayəli yanaşma sərgiləyənlər bütöv orqanlarının olması ilə öyünürlər. Müraciət formalarının özü belə etik çərçivələri aşır. Nə yazıq ki, cəmiyyətin aşağı zümrəsindən tutmuş yuxarı eşalonda kreslo zəbt edənlərə qədər, heç kəs yaranmış situasiyaya uyğun enmə zolağını müəyyənləşdirə bilmir.
Sərxan vətən yolunda bizlərin uğrunda iki ayağını itirib. Deməli, həm də azadlığını itirib. Azadlığını itirən Sərxan ümidlərini, arzularını itirməyib. İndi o, qollarını çırmayıb halal zəhmətilə çörək qazanmaq istəyir.
Sərxanın iş üçün müraciət etdiyi deputat Rüfət Quliyevin ona “seçicim deyil” deməsi məsələni bir az da qəlizləşdirib. Üstəlik Sərxanın dediyinə görə deputat yerimək imkanları məhdud ola-ola ona “yanıma gəl” deyərək müraciət edib.
Düzdür, Sərxan Rüfət Quliyevin və yaxud da digər deputatın seçicisi olmaya bilər. Amma hər şeydən öncə bu ölkənin vətəndaşıdır. Belə bir vəziyyətdə olan birinin müraciətini qapısını bağlamaq, ya da cibinə 5-10 manat qoymaqla yola salmaq olmaz.
Axı Sərxan əli-ayağı yerində olan, fiziki iş qabiliyyətinə malik bəzilərindən fərqli olaraq “ver yeyim, ört yatım gözlə, canım çıxmasın” demir. Sərxan bədəninin bir hissəsini müharibənin qəlpəsinə təhvil verib. Müharibəni də, müharbədə yaralanmağı da yaxşı bilir. Biz də durub ona mədəni şəkildə dilənməyin yollarını öyrədirik.
Heç savaşda güllə yarası alan əsgər dilənçi olmaq istəyərmi?! Əlbəttə, yox. Bəs o zaman bizlər niyə görə əbədi yaralı həyat yaşamağa məhkum olan Sərxana 3-5 manat verib dilənçi kökünə salmağa çalışırıq?! İndi onun hansısa sahədə çalışmaq istəyi dilənçilik kimi yozulmalıdır?!
O kiminlərinsə 5-10 manatı ilə yaşamaq istəmir. Bu, lap yaxşı. Özümüz də rüşvətsiz cəmiyyət arzulayırıq. Əgər birinin işləmək sevdasını 3-5 manatla boğub onda ələbaxımlılıq vərdişi formalaşdırırıqsa mübarizənin özü absurddur.
Birdəki insan müxtəlif şəraitdə gözünü də, əlini də, ayağını da itirə bilər. Axı həyatın yazılmamış qanunları var! Mütləq deyil ki, fiziki gücünü hansısa orqanın olmaması ilə itirən insan vicdanını da itirməlidir. Əgər fiziki qüsurlu olan hər kimsə dilənçi kimi yaşamaq istəmirsə buna da sevinməliyik.
Çoxumuz isti yatağımızda mışıl-mışıl uyuyanda, səhərlər çörəyimizin üstünə yağ, pendir, bal çəkib iştahla yeyəndə günümüzü özümüzəməxsus tərzdə başa vuranda Sərxan düşmənlə ölüm-qalım mübarizəsi aparırdı.
Sonradan itirdiyi ayaqlarına görə o, nə çarəsizdi, nə bədbəxtdi, nə də yazıq. İndi o, ayaqlarını itirməsinə baxmayaraq ayaqları üzərində dayanmağa çalışır.