Hər cür əcayib reklamlar görmüşdük, acı təəssüflər ki, beləsini də görmək qismət oldu. Düzü, reklam savadsızlığı, naşılığı ilə bağlı əlimdə xeyli “material” olsa da, bu barədə ayrıca bir yazı hazırlamağa vaxt tapa bilmirəm. Ancaq bugünlərdə 5 N-li avtobusda gedərkən onun şüşəsinə yapışdırılmış bu reklam məni lap hövsələdən çıxartdı. Axı, belə də savadsız yazılmış, xidmət personalını təhqir edən reklam olarmı: “YASƏMƏN restoranı. Yeni təmirdən çıxmış yeni personalı ilə yolunuzu gözləyirik. 300-350 AZN”?
Bu nə deməkdir? İnanmaq olmur ki, belə bir qüsurlu, təhqiramiz bir mətni azərbaycanlı yazıb. Necə yəni - “Yeni təmirdən çıxmış yeni personalı ilə...” Məgər personalı da təmir eləyərlər? Personal attestasiyadan keçə bilər, sağlamlığı yoxlana bilər və s. Ancaq “personalın təmiri” -? Reklamı hazırlayanlar bununla nə demək istəyib? Ola bilməz ki, restoran rəhbərliyi öz personalına hörmətsizlik ifadə edən belə bir reklama razılıq vermiş olsun. Bəlkə bu, həmin restorana, onun rəhbərliyinə qarşı kiminsə qərəzi, antireklamdır? Hər halda ayıbdır, utandırıcı bir şeydir.
Hər dəfə bu cür primitiv, savadsız şəkildə yazılmış reklamları gördükdə yenə də çoxdankı fikrimə qayıdıram ki, şəhərdə reklamların tərtibatına, onların mətnlərinin düzgün yazılışına nəzarət edən kimsə, nəsə olmalıdır. Yoxsa belə biabırçı reklamlarla hələ çox rastlaşmalı olacağıq.
Yeri gəlmişkən, daha bir məqama diqqət yetirmək istəyirəm. Guya Azərbaycan manatını ifadə edən bu “AZN” əlavəsi axı, nə vaxtacan davam edəcək? Axı, milli valyutamız benzin növü (uzaq-uzaq!) deyildir ki, onu AZN-lə işarə edirik? Molla Nəsrəddinin sözü olmasın, bilənlər bilir, bilməyənlər də bilsin ki, AZN ilk dəfə olaraq “Elçibəy manatı”ndan indiki manata keçid dövründə işlənilməyə başlanmışdı. Bu manatı o biri manatdan fərqləndirmək üçün. Axı, qardaş, 20 il ötüb o vaxtdan. O biri manatın artıq tamamilə unudulduğu, o vaxt dünyaya gəlmiş nəslin artıq 19-20 yaşı olduğu, “o biri” manatı heç görmədikləri bir zamanda yenə də bu fərqləndirici AZN-ə ehtiyac varmı? “Manat” (qısaca - “man.”) yazılması kifayət deyilmi? Bəlkə də, Orta Asiya respublikalarında olarkən, onların nümayəndələri ilə maliyyə söhbətləri apararkən (onlarda da “manat” işlənir“, “tengi” də var) AZN sözünü işlətmək olar, ancaq fikrimcə Azərbaycanda buna daha heç bir lüzum yoxdur. Sadəcə - 100 man., 500 man. və s. yazılması kifayətdir.
Rəhman ORXAN