Bu gün Azərbaycandakı mağaza və marketlərdə satılan məhsulların yeni və keyfiyyətli olmasını sübut edən heç bir fakt yoxdur.
Ekspertlər bildirir ki, süd, qatıq, ayran, şor, kəsmik, pendir kimi ağartı məhsulları, kolbasa və sosiskalar, şirniyyatlar, tortlar, konfetlər istifadə müddəti bitməsinə baxmayaraq alıcılara satılmaqda davam edir.
Bir çox hallarda isə vaxtı bitmiş məhsullar təkrar istehsala göndərilir, təzə məhsulla qarışdırılaraq yeni etiketdə, yeni tarixdə alıcılara təqdim edilir.
Məsələn, niyə istifadə müddətinə hələ 5 gün qalmış qaymaq iy verməyə, acı dadmağa başlayır? Yaxud “təzədir”, “bu gün bişirilib” adı altında satılan qənnadı məhsulları, xüsusilə tortlar niyə köhnə dadır? Çünki, bir çox hallarda 10-15 gün marketdə satılmayıb qalan tortlar başqa marketlərə təzə məhsul adı ilə verilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına belə faktların olduğunu təsdiq edib:
“Hazırda Fərman Zeynalov adlı istehlakçıdan şikayət daxil olub. Onun marketdən aldığı “Pepsi”nin üzərində son yararlılıq tarixi olsa da, istehsal tarixi qeyd edilməyib. Bu məhsulun üzərində nə vaxt buraxıldığına dair məlumat yoxdur. “Yeyinti məhsulları haqqında” Qanunda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda, Nazirlər Kabinetinin 95 saylı Qərarında göstərilir ki, Azərbaycanda istehsal olunan və satılan malların üzərində istehsal və son yararlılıq tarixi qeyd edilməlidir.
Belə olan halda istehlakçı aldığı məhsulun keyfiyyətinə şübhə ilə yanaşır. Bu şübhələr də əsassız deyil”. Hüquq müdafiəçisi bildirib ki, dövlət orqanları mağazalarda vaxtı keçmiş malları müəyyən edəndə onu sadəcə aktla satıcıya təhvil verir:
“Satıcılar da istifadəyə yararsız məhsulları ya regionlara göndərir, ya da təkrar istehsala verir. Onlar da öz növbəsində etiketləri, istehsal və yararlılıq tarixlərini dəyişir. Satıcı malın harasa aparılıb məhv edilməsi kimi uzun prosesdə iştirakdan imtina edir.
O, maraqlı deyil ki, xarab məhsulu aparıb hardasa məhv etsin, onun üçün pul ödəsin, akt gətirsin. Ona görə də, belə sadə yol seçirlər”. Birlik sədri həmin vaxtı keçmiş məhsulun son ünvanın yenə də istehlakçı olduğunu vurğulayıb:
“Mən 20 il ərzində Azərbaycanda 2 dəfə xarab məhsulun məhv edilməsi prosesində iştirak etmişəm.
Əgər sahibkarlar biznesin yaxşı inkişaf etdirilməsini istəyirlərsə, kütləvi informasiya vasitələrinin iştirakı ilə xarab məhsulların məhv edilməsi prosesini təşkil etməlidirlər. Bu ilk növbədə alıcıda müəyyən vəsait müqabilində aldığı məhsulun keyfiyyətinə inam yaradacaq”.
E.Hüseynov deyib ki, xarici ölkələrdə istifadə müddətinə az müddət qalan məhsullar xüsusi dükanlarda satılır: “Mərkəzi Avropa ölkələrində “Audi” adlı dükanlar şəbəkəsi fəaliyyət göstərir. Məhsulun yararlılıq müddəti yarıdan keçdikdən sonra mallar ora göndərilir və ilkin qiymətindən xeyli ucuz satılır. Şəxsən mən özüm də xaricdə olarkən həmin dükanlardan mal almışam.
İlk növbədə ölkədə qida təhlükəsizliyi haqqında qanun qəbul olunmalıdır. İkincisi, dövlət orqanları satışdan çıxartdığı yararsız malı məhvetmə prosedurunu tətbiq etməlidir. Yəni, bunun üçün qaydalar işlənib hazırlanmalıdır.
Üçüncüsü, yeni bir müəssisə yaradılmalıdır ki, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə müəyyən olunan yararsız malları yığıb məhv edilməsini reallaşdırsın.
Bu barədə hazır sənədləri təqdim etsin. Prosesi elə qurmaq lazımdır ki, satıcılar özləri vaxtı keçmiş məhsulların məhv edilməsində maraqlı olsunlar. Satılmayan, məhv edilən mallar vergidən azad olunmalıdır”. O, həmçinin ölkədə satılan mal, məhsulun barkodları ilə bağlı narazılıqların olduğunu da vurğulayıb:
“Xüsusilə yağlarla bağlı bu kimi problemlər yaşanır. Məsələn, marketlərdə satılan Yeni Zelandiya istehsalı olan yağlar bir neçə cürdür. Bəzilərinin xammalı ölkəyə gətirilir, burda qablaşdırılır. Onların barkodu Yeni Zelandiyaya aid olmur. Digər hissə isə sırf Yeni Zelandiya istehsalı olan yağlardır ki, onların barkodu 94-lə başlayır”.
Gülşən RAUFQIZI