Modern.az

Məcburi köçkünlərə güzəştli kreditlər verildi

Məcburi köçkünlərə güzəştli kreditlər verildi

17 Mart 2016, 14:51

Kəlbəcərdən olan məcburi köçkünlərə güzəştli kreditlər verilib. Bu haqda Modern.az saytına İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,  martın 17-də Sahibkarlığa Kömək Milli Fondu Kəlbəcərdən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi qeyd edilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara güzəştli kreditlərin verilməsi və maarifləndirilməsidir.

Qeyd edilib ki, indiyədək 1830 məcburi köçkün sahibkara 38,7 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 3400-dən çox yeni iş yerinin yaradılması mümkün olub. İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Kəlbəcərdən olan 20 məcburi köçkün sahibkara 100 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 20 yeni iş yerinin yaradılmasına imkan verir. Forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb. Tədbir çərçivəsində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarların Yevlax rayonu, Malbinəsi qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal