Modern.az

“Ölkədə istehlak inflyasiyası var”

“Ölkədə istehlak inflyasiyası var”

18 Mart 2016, 17:16

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz yüksəlib.

Ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz bahalaşıb.

İqtisadçı Cəfər İbrahimli Modern.az saytına deyib ki, qiymət artımından əldə edilən gəlirin hamısı pərakəndəçilərin əlində cəmlənib:

“Qiymət artımı iki nöqtədən qaynaqlanır. 1-ci məhsul istehsalı zamanı xammal və digər məhsulların qiyməti qalxır ki, bu da məhsulun qiymətinə sirayət edir. Buna maliyyət və ya istehsal inflyasiyası deyilir. 2-ci səbəb də isə satışa daxil olan malların satış qiyməti pərakəndəçilər tərəfindən artırılır. Buna istehlak inflyasiyası deyilir”.

Ekspert bildirib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşların alıcılıq qabiliyyəti kəskin şəkildə geriləyib:

“Azərbaycanda keçən il bu vaxtlar süd məhsulunun bir litrinin topdansatış qiyməti  0,46 manat, marketlərdə satış qiyməti 1.5 manat idi. Bu gün süd məhsulunun bir litri topdansatışdan 0.40 qəpiyə alınır, amma marketlərdə 1.65-1.75 manat arasında alıcılara təklif edilir.

Əhalinin alıcılığının ciddi şəkildə aşağı düşdüyünü nəzərə alsaq, qiymət artımı pərakəndəçilərdən qaynaqlanır”. C.İbrahimli bildirib ki, milli valyutanın devalvasiyaya uğraması ilə bazarda qiymətlər tam olaraq öz yerini tapmayıb:

“Bu qiymət artımı devalvasiyanın nəticəsidir. Amma devalvasiyanın təsiri hələ də qiymətlərdə tam əksini tapmayıb. Qiymətlərə əlavə olunan hissə isə hələlik sadəcə pərakəndəçilərin cibinə gedir. Deməli, ölkədə istehsal deyil istehlak inflyasiyası var”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal