İctimai televiziyada çalışan prodüser-rejissor Minarə Əskərova ağır beyin əməliyyatı keçirib. Əməliyyatdan sonra Minarə Əskərova yenidən həyata qayıdıb.
Modern.az saytına açıqlamasında sağlamlığına qovuşduğunu deyən rejissor xanım ona maddi və mənəvi dəstək olan insanlara da xüsusi təşəkkürünü bildirib.
“Fevralın 24-də Respublika cərahiyyə xəstəxanasında neyrocərrah Ələsgər Həsrətov məni ikinci dəfə həyata qaytardı. Çox ağır əməliyyat idi. Heç bir həkim yeriyə biləcəyimə söz vermirdi.
Ola bilsin ki, həmin əməliyyatdan sonra yeriyə də bilməzdim, əlim-qolum paraliz ola bilərdi. Amma əməliyyatdan sonra hər şey yaxşı oldu.
Əməliyyat gününə qədər başda Cəmil Quliyev olmaqla İctimai Televiziyanın əməkdaşları və sənət adamları mənə maddi və mənəvi cəhətdən çox kömək oldular. Mənə görə yardım kampaniyası təşkil etdilər.
Kampaniyanın təşkilatçısı İctimai televiziyada çalışan quruluşçu rejissor Könül Əlizadə, “Xəbərlər” departamentinin redaktoru Esmira Qasımova musiqi departamentinin quruluşçu rejissoru Salam Məmmədəliyev mənə lazım olan summanı 2 gün ərzində topladılar. Düzü, qısa müddət ərzində bunu gözləmirdim.
2 gün ərzində hər şeyi təşkil etdilər. Müğənni Lalə Məmmədova öz doğum gününü mənim yanımda keçirdi. Bütün dostlar mənə görə çox narahat idi. Millət vəkili Qənirə Paşayevaya da mənə dəstək olduğuna görə təşəkkür edirəm. Bir sözlə, əməyi keçən, mənəvi, maddi cəhətdən dəstək olan bütün dostlara minnətdaram. Allah hamısına kömək olsun”.
Namidə BİNGÖL