...Biz bir-birimizi doğulmazdan öncə tanımışıq. Torpağımızı tanıdığımıza görə, eyni bulaqlardan su içdiyimizə görə, eyni səmanın altında eyni havanı udduğumuza görə, eyni çəmənliyin ətrindən bihuş olduğumuza görə, eyni çayda (göldə) çimib, eyni günəşin şüaları altında isindiyimizə görə, eyni nəğmədən öyüd aldığımıza görə, eyni papaq qoyan kişilərdən tərbiyə aldığımıza görə...
...Bizim evin yaxınlığndakı, el arasında "Kolxoz həyəti", "Aşırlının qabağı" kimi adlanan böyük düzənlikdə kəndimizin uşaqları "Südlü sümük", "Atinni", "Papaqaldıqaç", "Çilingağac", "Köçgetdi", "Eşşəkbeli", "Çalağan çardağı", "Toqqadöydü", "Löpük coj", "Dirədöymə", "Qığmərə"... oynayardılar. Əlbəttə bunlar bir az mənim yaşımdan qabağın söhbətləridir. Mən məktəbə gedən vaxtlarda artıq bizim kəndə də tək-tük televizor gəlmişdi. Ancaq mənim dünyaya gəlişimdən əvvəlki illərdə dediyim o böyük düzdən keçənlərin arasında gələcəyin böyük yazıçısı Seyran Xanlarov da olmuşdu...
O bir dəfə mənə dedi:
- Mən səni bələkdən tanıyıram, çünki sən anadan olanda, mən artıq 17-18 il idi ki, sənin atanın qardaşı oğlu idim...
Amma buna baxmayaraq mən az qala doğulandan, ən geci onun adını ilk dəfə eşidəndən başlayaraq ən müxtəlif situasiyalarda və ən müxtəlif şəkildə onunla tanış olmağa başlamışam.
Axı o, məni tanısa da mən onu tanımırdım...
...İndi çox adam onun haqqında yazır. Bu gün onun 70 yaşı tamam olur. Yubiley yaşıdır. Xüsusilə də məşhur yazıçı üçün bu əlamətdar yubileydir. Son 50 ildə Azərbaycan ədəbiyyatında, özünün ifadəsi ilə desək, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə yer eləmiş və illər keçdikcə o yeri möhkəmləndirmiş, indi isə tamamilə özəlləşdirmiş yazıçının bayramı münasibətilə əksər saytlar, qəzetlər, ümumiyyətlə, ölkə mətbuatı onun haqqında yazır, onun müsahibələrini, haqqında dostlarının, həmkarlarının, ailə üzvlərinin müsahibə, ürək sözləri və rəylərini dərc edir. Bütün bunlar, əlbəttə, yaxşıdır. Əladır. Ancaq, mənim fikrimcə Seyran Səxavət haqqında bir neçə söz də biz deməliyik. Biz – yəni, yağlıvəndlilər. Çünki o, əvvəlcə yağlıvəndlidir, hər şeyin – uğurların da, şöhrətin də, biliklərin də əvvəli məhz bizim kənddən başlayır. Bu mənada biz bir az da onun şəriki kimi çıxış edirik...
***
O, tərcümeyi halında yazır: “...Mən Allah bəndəsi Seyran Səxavət 1946-cı il mart ayının 23-də Quzey Azərbaycanın Qarabağ bölgəsi, Füzuli (Qarabulaq) rayonu, Yuxarı Yağlıvənd kəndi, Koxalı obası, Muradxanlı məhəlləsində qəbristanlıqla üzbəüz evimizdə, ziyalı ailəsində dünyaya gəlmişəm. Öləcəyim günü bimirəm, yoxsa onu da yazardım...
İlk bədii yazım 1962-ci ildə “Qızıl Araz” qəzetində dərc olunub...”.
Bir yağlıvəndli olaraq onun “sahib çıxmağa” iddia etdiyi Yağlıvənd “var-dövləti”nə biz də şərikik, bizim də iddiamız var. Əsas fərq, əsas məsələ odur ki, Seyran müəllim, tutaq ki, Əsgərxan bulağından məndən qabaq su içib, amma o da var ki, ondan da qabaq o bulaqdan su içən olub. Ondan sonra da olub və inanıram ki, gələcəkdə də olacaq. Ancaq, birmənalı olaraq hamımız razılaşırıq ki, Seyran Səxavət YAĞLIVƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ELƏDİYİ ƏN BÖYÜK YAZIÇIDIR! Əlbəttə, yağlıvəndli olmayan adamlar dərhal deyə bilər ki, o boyda yazıçını bir kənd səviyyəsinə endirmək nəyə lazımdır?.. Hətta bunu nadanlıq hesab edə bilərlər. Amma Yağlıvənd adlı bir dünyaya bələd olan hər kəs bilir ki, Seyran Səxavətin bugünkü səviyyədə yazıçı olmasının ən birinci və ən əsas səbəbi məhz YAĞLIVƏNDLİ olmasıdır. ...Və özünün də etiraf etdiyi kimi, bütün ömrü boyu yazdıqları da məhz Yağlıvənd haqqındadır. Düzdür, o, özü bunu “ömrüm boyu özümü yazıram” şəklində ifadə edir. Lakin, biz bunu “ömrüm boyu Yağlıvəndi yazıram” kimi başa düşürük. Bizim və ümmuiyyətlə, heç kimin qarışa bilməyəcəyi yeganə məsələ isə Əsgərxan bulağından su içməsinə də, Qara Quzeyin təpəsindən dünyaya baxmasına da, hələ “bir qarış” vaxtlarından Bakıdan “yekə-yekə” məktublar almasına da onun və başqalarının haradan və necə baxmasıdır. Və bu baxışı müəyyən edən də məhz Tanrının ona bəxş elədiyi təbii istedaddır. Hamının gözünün qabağında olan, hamının baxdığı, lakin heç də hamının görə bilmədiyini görə bilmək bacarığını ona verən İSTEDAD!
Yəqin məhz buna görə də o, demək olar ki, bütün əsərlərinin girişində qeyd edir ki, “Mənim yazdıqlarımın hamısı Dünyanın Mən baxan tərəfdən görünən hissəsidir.
Əziz oxucu, gəl bir az da mən baxan tərəfdən bax Dünyaya, nə vaxt darıxsan, çıxıb gedərsən...”
Amma, onun baxmadığı, baxa bilmədiyi, baxmağa imkan, vaxt, fürsət, bucaq tapmadığı səmti də var Dünyanın. İndi biz də buradan birlikdə onun baxdığı Dünyaya onun qəhrəmanlarının, qohumlarının, dostlarının və ...onun əsərlərinin qəhrəmanlarının qohumlarının-doğmalarının baxdığı tərəfdən baxacağıq. Qoy Seyran Səxavət də bir az biz baxan tərəfdən baxsın bu Dünyaya. 70 illik yubileyində.
***
...Əvvəlcə yerinə düşməsə də, acı sözlərdən başlayaq və tərcümeyi halından gətirdiyimiz kiçik sitata əsas iradımızı bildirək ki, sonrakı söhbətimiz çox rəvan olsun. Həm də “Yüz acını yeyərlər bir şirinin xatirinə” atalar sözümüzün Seyran Səxavətə aid söhbətdə “İki acı deyək yüz şirinin xatirinə” şəklində interpretasiyası o qədər də qıcıq doğurmaz məncə. Məsələ burasındadı ki, tarixdə heç zaman və heç yerdə “Yuxarı Yağlıvənd” adlı kənd olmayıb və indi də yoxdur. Deməli, Seyran Xanlarov da heç vaxt bu adda kənddə doğula bilməzdi. Onun doğulduğu və hazırda Rusiya və Ermənistanın işğalı altında olan kəndin adı sadəcə Yağlıvənddir. Digər “Yuxarı Yağlıvənd” tərəfdarları üçün də bildirək ki, o biri Yağlıvəndin, yəni işğaldan azad edilmiş və hazırda gündən-günə gözəlləşməkdə, çiçəklənməkdə olan və Seyran Əsgər oğlunun da doğulmadığı, amma, məsələn, yazıçı-tədqiqatçı Ənvər Çingizoğlunun doğulduğu kənd isə Araz Yağlıvəndi adlanır. Və bu Sovet hökumətinin qəsdən iki yerə parçaladığı və hər birində ayrıca kolxoz qurduğu Yağlıvəndin bölünməsindən sonra belə adlanıb: Yağlıvənd və Araz Yağlıvəndi. Bütövlükdə Yağlıvənd camatının dədə-baba yurdu olan ikinci kənd məhz Araz çayının qırağında olduğuna görə bu “təxəllüsə” layiq görülüb. Son yüz ildə rəsmi dövlət orqanları tərəfindən verilmiş heç bir sənəddə, o cümlədən də Seyran müəllimin özünə aid sənəddə, məsələn, orta məktəbi bitirərkən aldığı kamal attestatında, doğum yeri göstərilən şəxsiyyət vəsiqəsində də “Yuxarı” sözü yoxdur. Ona görə də Seyran Səxavət kimi böyük yazıçının istənilən halda nümunə olduğunu nəzərə alaraq bu qeydləri yazmağı lazım bildik.
Yağlıvənd nümayəndələrindən biri, orta məktəbdə Seyran Xanlarovun şeypur varisi (bu barədə bir az sonra oxuyacaqsınız) Arzuman Dibəkdaşlının sözlərinə görə yazıçı “Koxalı obası, Muradxanlı məhəlləsi” ifadələrində də yanlışlığa yol verib. Çünki, onun dediyinə görə, məhəllənin adı “Koxalı” deyil, “Kavxalı”dır. “Muradxanlı” isə məhəllə deyil, tayfadır. Yəni “Muradxanlı” deyilən bir məhəllə yoxdur, olmayıb, “Muradxanlı” Seyran Səxavətin də mənsub olduğu tayfanın adıdır. Uşaqdan böyüyə, demək olar ki, istisnasız olaraq hamısının gözəl səsi, oxumaq istedadı olan, tarixin müəyyən təlatümlarində “Muradxanlı” nişanını “Muradov” soyadına dəyişməyə məcbur olmuş bu tayfadan görkəmli adamalr çıxıb ki, onlardan biri də vaxtilə bütün Azərbaycanda müstəsna istedadına, xüsusilə də Qarabağda virtuoz muğam ifaçılığına görə məşhur olmuş Xanəndə Əvəzdir. Əvəz Muradovun qızı isə Azərbaycanın dövlətçilik tarixində Yağlıvənddən çıxmış ən yüksək dövlət vəzifəsində çalışan Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, seçiciləri tərəfindən “Qarabağın Baharı” kimi fəxri el adına layiq görülmüş Bahar Muradovadır. (Yeri gəlmişkən, onların hər ikisinin də - həm Seyran Səxavətin, həm də Bahar Muradovanın gözəl səsi var və muğam və xalq mahnılarımızı əla ifa edə bilərlər.) Yəni, Muradxanlı tayfasının nümayəndəsi hamı kimi ölkənin və dünyanın müxtəlif yerlərində yaşaya bilər, ona görə də bu məhəllə deyil...
***
...O, qəribə adam təsiri bağışlayır. Özü demişkən, sanki bütün həyatı proqramlaşdırılıb və o, həyatını, ömrünü bu proqram üzrə yaşayır. 70 illiyi münasibətilə verdiyi müsahibələrdən birində: “...Hər insanın içində bir proqram var. Mənim içimdə Seyran Səxavət ssenarisi var. 70 ildi Allahın mənə yazdığı Seyran Səxavət ssenarisini oxuyuram. Hələ bitməyib. Mən orda baş roldayam. Bu ssenari oxunub qurtaranda artıq mən olmayacam…” deyir. Lakin həmin tarixi, yəni “olmayacağı” vaxtı da yuxarıda bir parçasını qeyd etdiyimiz qəribə tərcümeyi halında da qəribə şəkildə təqdim edir ”… Öləcəyim günü bimirəm, yoxsa onu da yazardım...”.
Qeyd etdiyi, baş rolda və 70 ildir oxumaqda olduğu Seyran Səxavət ssenarisi məhz bizim kənndən başlayıb. Və yazdıqlarının hamısından qazandıqlarına, dediyim kimi, biz də şərikik. Yəni həm şöhrətinə, həm maddi sərvətinə. Məsələn, ondan söz düşən bütün məclislərdə, qohumu olan da, olmayan da, şəxsən tanıyan da, tanımayan da fəxrlə “bizim kənddəndir”, “mənim qohumumdur” deyə bilər. Xüsusilə də mən. Çünki, biz həm həmkəndliyik, həm həmkarıq, həm qohumuq, həm də dostuq! Üstəgəl mən onun daimi oxucularından, pərəstişkarlarından və təbliğatçılarından biriyəm. Digər tərəfdən onun işıq üzü görmüş, hamısını oxuduğum, bir çoxunu əzbər bildiyim əksər əsərlərinin əsas qəhrəmanları da onun özü kimi mənim də yaxın qohumlarımdır.
Onun daim çiçəkləməkdə olan və müntəzəm və yaxşı bar verən ədəbi-bədii ağacının ilk becərəni, ilk su verəni mənim mamam (bizlərdə atanın bacısına mama deyirlər), Qarabağda ali təhsil almış ilk qadınlardan biri, kəndimizdə isə birincisi olan Sona Əsədova olub. Bəli, mənim ilk Azərbaycan dili və ədəbiyyat müəllimim və mamam olan Sona müəllim həm də Seyranın həm atasının yaxın qohumu, həm də ilk Azərbaycan dili və ədəbiyyat müəllimi, ən sevimli müəllimlərindən biri olub. Elə Seyran Xanlarov da mamamın ən sevimli şagirdlərindən biri imiş.
***
...O, məndən 17 və ya 18 yaş böyükdür. Ona görə iki rəqəm deyirəm ki, bizim kəndin bəzi nümayəndələri deyir ki, Seyran müəllim əslində 1945-ci ildə doğulub. Amma bunun sübutu olmadığı kimi fərqi də yoxdur. Əsas məsələ odur ki, o, doğulub və bizim kənddə doğulub. Biz isə hərəmiz bir vaxtda ondan müəyyən müddət sonra dünyaya gəlmişik və onu tanımışıq, sevmişik, əsərlərini bir vaxtlar qoynumuzda-qoltuğumuzda gəzdirmişik. Ancaq onun özü ilə şəxsi tanışlıqdan əvvəl adı ilə, səs-sorağı ilə tanış idik. Bu tanışlıq “salnaməsinə” o zmanlar kənd yerlərində dəbdə olan dava-dalaş tarixçələri də daxildir. Məsələn, biz uşaq olan vaxtlarda danışırdılar ki, Yağlıvəndin köhnə klubunda kinoya toplaşdıqları zaman cavanlardan biri hələ orta məktəbin orta siniflərində oxuyan gələcəyin böyük yazıçısının yaxın qohumu olan qızlardan birinə nəsə deyir. Seyran özündən 4-5 yaş böyük olan oğlanın üstünə atılır. Düzdür, ona gücü çatmır, hələ üstə gəl iki yağlı şillə də yeyəsi olur. Amma ətrafdakı adamların hamısının rəğbətini qazanır. Qorxmadığına, cəsarətinə və təəssübkeşliyinə görə.
Başqa bir “rəvayətdə” isə qəhrəman birmənalı olaraq Seyrandır. Orta məktəbi bitirib Bakıda, başqa yerlərdə ali məktəbə daxil olan cavanlar kəndə gələndə hökmən məktəbə də baş çəkib “özlərini göstərərmişlər, qıza-zada baxarmışlar”. Və Azərbaycan Dövlət Universitetində oxuyan şıq geyimli bir tələbə məktəbin darvazası ağzında dayanıb, “özünü göstərir, qıza-zada baxır”mış. Dərsdən sinif yoldaşları ilə çıxan Seyran yenə də özündən 6-7 yaş böyük cavanın üstünə atılır. O, indi artıq 10-cu sinifdə oxuyur, özü də köhnə klubun yanındakı zəif uşaq deyil. Bu dəfə o, qonağı iki şilləyə qonaq edir...
***
...Seyranın liderlik xüsusiyyətlərinin üzə çıxmasının da müəyyən tarixi var. 1950-ci illərin sonlarında Yağlıvənd kənd məktəbi onillik təhsil verən yeganə orta məktəb idi. Yaxın ətrafda olan bütün kəndlərin – Qacar, Dilağarda, Divanallar, Veysəlli, Qaraməmmədli, Dövlətyarlı, Qərbənd, Zərgər kimi kəndlərin, hətta bəzən Araz Yağlıvəndinin də şagirdləri yuxarı sinifləri oxumaq üçün Yağlıvəndə gəlirmişlər. Hətta kənd orta məktəbinin başqa kəndlərdən gələnlər üçün öz yataqxanası da olub. Həmin dövrdə gənc Ulduz müəllimə bizim kəndə ərə gəlir və onu orta məktəbdə pioner baş dəstə rəhbəri təyin edirlər. Məhz həmin Ulduz müəllimin təklifi ilə xüsusi musiqi istedadı olan Muradxanlı Seyran məktəbin pioner dəstəsinin şeypurçalanı olur. Və o, bu işdə pioner yaşı başa çatıb komsomol sıralarına keçənədək davam edir. Komsomola keçdikdən sonra isə öz şeypurunu və şeypurçalan vəzifəsini yuxarıda tərcümeyi-halına aid qeydlərimizdə tənqidi fikirlərini verdiyimiz Arzumana təhvil verir.
***
...Sonrakı ədəbi-bədii yaradıcılığında xüsusi yer tutacaq qəhrəmanlardan, obrazlardan biri olan Qaçay müəllimlə də həyatının paralel getməsinin maraqlı tarixçəsi var. Həmin Ulduz müəllimin rəhbərliyi ilə o dövrün ən məşhur səhnə əsəri olan, 3-4 il əvvəl dünyasını dəyişmiş və hələ də xalqın kütləvi şəkildə dəlicəsinə sevdiyi, xalqın ürəyində çağlayan sevgiyə görə yalnız Stalinlə müqayisə edilə bilən (hətta Stalindən də çox sevilən, çünki Stalinə olan xalq məhəbbətində bir qorxu təkanı da var idi) Səməd Vurğunun “Vaqif” əsərini Yağlıvənd kənd orta məktəbində tamaşaya qoyurlar. Təxminən 1959-1960-cı illərdə. Əsərin əsas obrazlarından olan Şah Qacar rolunu Seyran Xanlarovdan 2-3 yaş böyük olan, mənim böyük qardaşım Əhliman Kərimli oynayır. Seyran və onun sinif yoldaşı, sonralar bəzi hekayələrində “Qaçay müəllim”, “Qaçaqaç” romanında isə “Qaçay” kimi yer alan Ağayar Alıyev (onun rəsmi sənədlərdə adı Ağayar olsa da hamı Qaçay kimi tanıyır) qılınclaşan gürcülərin rolunu oynayırlar. Mənə elə gəlir ki, bunun əsas səbəbi Seyranın da, Qaçayın da zahirən işıqlı, göyçək, ağbəniz və sarışın olmaları olub. Hə, axı Seyrana orta məktəbi qurtarıb kənddən gedənədək camaat elə həm də Sarı deyirmiş... Yeri gəlmişkən, Qaçay müəllim obrazı da məni Seyran Səxavətin qonorarına şərik edir, çünki Ağayar – Qaçay müəllim anamın doğmaca əmisi oğludur. Söhbət anamın qohumlarından düşmüşkən dərhal onu da qeyd edim ki, yazıçının avtobioqrafik romanı olan “Qaçaqaç”dakı II Dünya müharibəsinin qəhrəmanı poçtalyon Balaca da anamın doğmaca əmisidir.
***
...Bizim ilk şəxsi, canlı, üzbəüz tanışlığımız onun öz toy gününə təsadüf edib. Dəqiq xatırlamıram, çünki onda uşaq idim, neçə yaşım olduğu yadımda deyil. Onun da yaşı eləcə... Çünki biz əslində o vaxtlar tarixlə, günlə, saatla yaşamırdıq. Amma indiki hesabla hesablasaq, məncə 1970, ya da 1971-ci il idi. Və onda mənim 7-8, onun isə 25-26 yaşı olardı.
Atamın həm qohumu, həm də yaxın dostu olan, kəndimizin baş mühasibi, bir müddət əvvəl Yağlıvənddən köçüb Füzuli şəhərində yaşamağa başlayan Əsgər müəllimin oğlu Seyranın toyuna bizi də, daha doğrusu atamı da ailəlikcə dəvət etmişdilər. Təbii ki, başqa cür ola da bilməzdi. Çünki, artıq qeyd etdiyim kimi. onlar həm qohum, həm də ilk bünövrəsi qohumluğa görə qoyulsa da qohumluq həddini-sərhəddini çoxdan keçmiş yaxın dost idilər. Bu dostluğun meyvəsi kimi çəkilmiş, sonralar onların hələ sağlığında böyüdülmüş qoşa şəkil, atamın və Əsgər əmini birgə portreti indi də Xanlarovların, yəni Seyran Səxavətin evində saxlanılır.
Anamın “toya “soubeşiyimi” də (mən 3 qız və 4 oğlandan sonra doğulmuş, qızlardan birinin körpə ikən tələf olmasından sonra qalan 7 uşağın sonuncusu, ailənin sonbeşiyi idim) aparacam” sözlərinə atamın mənə baxaraq gülümsəməsi artlıq razılıq əlaməti idi.
Qarabulaqdan sonra işğalçı rus ordusunun polkovniki Koryaqinə görə “Qaryagin” adlandırılan, 1959-cu ildə dahi Məhəmməd Füzulinin şərəfinə Füzuli adı verilən rayonun mərkəzində - Füzuli şəhərinin ən yaxşı yerində - əvvəllər Proletar küçəsi, sonralar isə dəyişdirilərək Rüstəm Əliyev küçəsi adlandırılan küçədəki evləri yerləşən həyətin iri darvazası açıq idi. Bizi qarşılayan adamlar içəri dəvət etdilər, bəyin anası ilə anamın, atası ilə atamın qucaqlaşıb öpüşməsindən, qarşılıqlı “mübarək-xoşgəldin” mübadiləsindən sonra qadınlar anamı evə apardı, kişilər isə atamla məni mənim körpə gözlərimdə ucu-bucağı görünməyən mağara... Məclisin başında oturan xanəndə atamı görən kimi ayağa durdu. Əlindəki qavalı sürətlə və güclü bir təkanla göyə atdı. Qaval fırlana-fırlana harasa getdi. Mənə elə gəldi ki, qaval daha qayıdıb gəlməyəcək. Amma göz qırpımı “saatında” qaval geri qayıtdı (sonralar eşitdim ki, xanəndələr arasında atamla yaxşı münasibəti olan məşhur xanəndə Ağabala Abdullayev qədər ustalıqla qaval oynadan ikinci bir xanəndə yoxdur) və onu elə havadaca tutan xanəndə qulağının dibinə aparıb zil səslə oxumağa başladı:
Özünə qurbanam, gəl,
Sözünə qurbanam, gəl!
Qadanı mən alım, gəl-gəl,
Başına mən dönüm tez gəl...
Sonra xanəndə oxumağını kəsib qavalı masanın üstünə qoydu, irəliyə çıxıb atamla qucaqlaşdı, çox mehriban görüşdülər. Xanəndə yerinə qayıdanda atam görünür yaranmış fasilə-fürsətdən istifadə edərək cibindən bir 25-lik çıxarıb qavalın içinə qoydu. Xanəndənin etirazını görcək qıvraq əlini pulun üzərinə qoyub başını buladı. Sonra bizi yuxarı başda artıq hazırlanmış yerə apardılar. Çox qısa müddətdən sonra mən mağardan doydum və çölə çıxmaq istədim. Atam darvazadan küçəyə çıxmamağımı tapşırıb uşaqlarla oynamağa buraxdı. Bax, təzə bəyi də məhz bu “azadlığa çıxanda” gördüm. Tay-tuşlarının arasında. Uca boylu, şıq geyinmiş, sarışın telli cavan hələ də yadımdadır.
***
...Sonralar mən onunla Ukraynada da “tanış oldum”. Ali təhsil aldığım 5 il ərzində orada mətbuatla, ədəbiyyatla, mədəniyyət və incəsənətlə ciddi maraqlanırdım. Ədəbiyyat, teatr dərnəklərinə gedir, yerli şairlərə qoşulub oxucularla görüşlərdə iştirak edir, dövri mətbuatda müntəzəm çıxış edirdim. Yazılarım, şeirim dərc olunurdu. Ukrain dilində oxuduğum jurnallardan biri də “Kolos” idi. Və... ...Və günlərin bir günündə aldığım jurnalı vərəqləyərkən “...Azərbaycanın cavan, istedadlı və tanınmış yazıçılarından biri Seyran Səxavətin” “Baxram Koratan” hekayəsinə rast gəldim! Bunun sevincini 30 il keçəndən sonra necə ifadə etmək olar görəsən?! Hər halda gec də olsa təxminən 2700 kilometrlik bir məsafədə əmioğlunu o səviyyədə sevindirə bilən 40 yaşlı yazıçıya çatmalı olan və o zamandan indiyədək gələn minnətdarlığı indi bildirməyi də özümə borc bilirəm. Deyəsən indiyədək onun mənə olan şərikli qonorar borcunun hamısını bircə bu sevincə dəyişmək olar. Və onu da qeyd edim ki, Seyran Səxavətin Ukraynada ukrain dilində hekayəsi çap olunmuş jurnalı da ilk dəfə Azərbaycana, ən azı Füzuliyə və Yağlıvəndə gətirmək və doğmalara çatdırmaq sevincini də mən yaşadım.
Amma o hekayədəki Bəhram da bizim qohumumuzdu. İşin yaxşı tərəfi, potensial münaqişəni aradan qaldıra bilən tərəfi odur ki, mənim iddia etdiyim adamların çoxu həm də onun öz qohumlarıdır. Hətta bəziləri ona daha yaxındır. “Yüz ilin kişisi” kimi bir hekayə həsr etdiyi, başqa əsərlərində, xüsusilə də “Qaçaqaç” romanında dəfələrlə xatırladığı “Bəylər Dədə” isə özcənə babasıdır.
***
...Bizim bir tanışlığımız da məşhur rəssam Maral Rəhmanzadənin “vasitəsi” ilə olub. Anam və onun həm qohumunun həyat yoldaşı, həm qonşumuz və ən əsası isə anamın yaxın rəfiqəsi olan Maral xalam Füzuliyə getmişdilər. Onlar yanaşı yeriyəndə kənardan çox maraqlı görünürdülər. Anam uca boylu, nəcim, Maral xalam isə dərhal nəzərə çarpacaq dərəcədə gödək və kök qadın idi. Hər ikisi 12 taxta tuman, yaxası düyməli qofta geyinir, başlarına şal örtür, alınlarına qəşbeh bağlayardılar. Rəssam Maral Rəhmanzadə ilə təsadüfən rastlaşmaqla adi adamların belə marağını çəkən bu qadınlara onun da diqqətini cəlb edirlər. Rəssam onlara yaxınlaşır, salamlaşıb, bir az söhbət etdikdən sonra şəkillərini çəkmək üçün icazə istəyir. Anamgil əvvəl razı olmurlar. Maral xanım: “Sayad xanım, Maral xanım, mən Bakıdan gəlmişəm, rəssam Maral Rəhmanzadəyəm, burada Seyran Səxavətin atası evində, Xanlargildə (yazıçının böyük qardaşı) qonağam. İstəsəniz sonra şəkildən sizin üçün də göndərərəm, gəlib, ya da adm göndərib onlardan götürə bilərsiniz. Sizin geyim formanız mənim çox xoşuma gəlir, bir rəssam kimi mənim üçüm çox maraqlıdır. Xahiş edirəm ki, imtina etməyəsiniz.” – deyir. Anam, “Elə bilin ki, o ev mənim qaynım evidir, Seyran mənə öz balam kimi əzizdir. Bir şəkil çəkmək nədir ki, istədiyin qədər çəkə bilərsən” – deyə cavab verir. Maral Rəhmanzadə biri arıq-uzun, digəri kök-gödək olmaqla tumanlı-şallı-şamaxılı-qəşbehli kənd qadınlarının bir neçə şəklini çəkir. Ayrılanda da deyir ki, şəkli Xanlargildən götürə bilərsiniz.
Bu xəbəri eşidən Maral xalamın həyat yoldaşı, bir az əsəbi olan, Alverdi kişi ağacını götürüb arvadını cəzalandırmaq istəyəndə canını qurtarmaq istəyən Maral xalam bütün günahın anamda olduğunu söyləmişdi. O da aradakı yolu keçib bizə gəlmişdi. Anam atasının doğmaca xalası oğlu olan Alverdiyə izah etdi ki, şəklimizi çəkən qadın Əsgər müəllimin qonağıdı. Bununla da məsələyə xitam verildi.
Sonralar həmin fotolar əsasında Maral Rəhmanzadə bir neçə “Qarabağ qadınları” portreti yaratmışdı...
***
...Atamın avtomobil qəzasında həlak olmasından cəmi bir il sonra Əsgər əmi də vəfat etdi. Bütün Yağlıvənd Füzuli şəhərinə axışdı. Seyran Səxavətin də, mənim də yaxın qohumumuz olan Əlisəfa (hazırda məcburi köçkün kimi Hacıqabul rayonunda yaşayır) mənə təklif etdi ki, Əsgər əminin yasına biz də gedək. Getdik, amma biz bir az gec, camaat dağılandan sonra getdik. Seyran müəllim və Bakıdan gəlmiş bir neçə tanınmış və hörmətli yazıçı və şair bağda qoyulmuş iri masa ətrafında çay içirdilər. Qucaqlaşıb öpüşdükdən, bizim başsağlığı “dil-ağız”ımızı dinlədikdən sonra bizi Bakıdan gələn hörmətli qonaqlara təqdim etdi. Açığı biz də çox sevindik ki, belə adamlarla bir süfrədə əyləşib çay içirik. Sonra Seyran müəllim bizdən hal-əhval tutmağa başladı. Biləndə ki, mən universiteti bitirib təyinatla Şuşaya getmişəm və hazırda da orada işləyirəm, bir az da yazı-pozu ilə məşğul oluram, çox sevindi. Dedi:
- Şuşada Əli Mahmud var, tanıyırsan onu?
- Bəli (Əli müəllim o zaman “Şuşa” qəzetinin redaktor müavini idi).
- Şuşaya qayıdanda gedərsən onun yanına, deyərsən ki, mən Seyranın əmisi oğluyam. Sonrası ilə sənin işin yoxdu, nə lazımdı o özü edəcək. Yaxşımı?
Susduğumu görüb, bir də soruşdu:
- Yaxşımı, əmi oğlu?
- Yox! – kobud cavab verdim.
O, təəccüblə əvvəl mənim, sonra da qonaqların üzünə baxdı, üzünü mənə çevirdi:
- O nə deməkdi, niyə?
- Əli Mahmudun bir işi olanda məndən xahiş eləyir! – mən əlbəttə, zarafat edirdim.
Qonaqlar da, Seyran da əslində yas yerində olduğumuzu unudub qəhqəhə çəkdilər.
- Əmi oğlu, yenə Bəxtiyar Vahabzadənin yanına desəydin getmək olardı, yoxsa... – Əlisəfa söhbətə qoşuldu.
- Əmi oğlu, bizim özümüzü Bəxtiyar Vahabzadəyə tapşıran lazımdı. – Bunu da qonaqlardan biri dedi.
- Gördünüz? - Seyran müəllim üzünü Bakıdan gələnlərə tutdu, - bax bu, Yağlıvənd deməkdi. Özü də hələ bu Yağlıvəndin ən sakit cavanlarıdı. Hələ yolunuz kəndimizə düşsə nələr görərsiniz...
***
“...- Əslində heç kim xalq üçün yazmır. Yalandan xalqın boynuna minnət qoyurlar. Yazıçı da, rəssam da minnət qoyur. Xanəndə deyir ki, 60 il bu xalqa qulluq eləmişəm. Mahnı oxuyub, pulunu almısan də (gülür). Mənim yaxşı bir eqoizmim var. Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. Xırda-xuruş nə yaradıcılığım varsa, mən elə bil “şvetski” stol açmaqla əslində özümə xidmət etmişəm. Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib...” - Seyran Səxavət bu sözləri təzəlikcə deyib. Yəni bizim bu günlərimizdə, 70 yaşının tamam olmasına bir neçə gün qalmış. Bunu oxuyandan sonra yuxarıda adını çəkdiyim Arzuman müəllimə müraciət etdim:
- Aranızda cəmi 3 yaş fərq var. Seyran Səxavətin bütün həyatı, yaradıcılığı gözünün önünə keçib. Səncə doğrudanmı, o bir yazıçı kimi xalqa qulluq etməyib?
Cavab belə oldu:
- Hər işə, hər sözə müxtəlif məna vermək olar. Bütövlükdə əgər yazıçı ədəbiyyata, indiki halda Azərbaycan ədəbiyyatına xidmət edirsə, deməli həm də Azərbaycan ədəbiyyatının məxsus olduğu Azərbaycan xalqına xidmət edir. Amma konkret Seyrandan bir şair kimi danışsaq, onun şairliyindən indiki nəsillərin xəbəri olmasa da, bizim vaxtımızda, yəni Seyranın şair vaxtlarında cavan qızlar, oğlanlar onun şeirlərini kəsib özləri ilə gəzdirirdilər... Əzbər bilirdilər...
***
Tanışlığımız davam etdi. Seyran Səxavətin onlarla şeirini oxudum. 1962-ci ildə, onun 16 yaşı olanda çap edilmiş ilk şeirindən tutmuş məşhur şeirlərinədək... Bəzilərini hətta əzbərlədim də...
Sonra “Hamı elə bilirdi”dən başlayaraq hekayələrini oxudum. Onun müstəqilliyimizin bərpa olunmasından əvvəl yazdığı, yəni Azərbaycan Sovet ədəbiyyatına məxsus olan sonuncu hekayəsi 1987-ci ildə qələmə aldığı “Qaçay müəllim” hekayəsidir. Seyran müəllimin yaradıcılığına bələd olanların bu hekayədən də xəbəri var təbii ki...
Bu əsərin də əsas qəhrəmanları mənim qohumlarımdır. Əsas qəhrəman Qaçay müəllim yuxarıda qeyd etdiyim kimi, dayım (anamın doğmaca əmisi oğlu), onun “işpionluğundan” şübhələnən Qoruqçu Şükür isə anamın (həm də Qaçay müəllimin) əmisidi (atasının doğmaca əmisi oğludur). Qoruqçu Şükürə bir az dəli-dolu xasiyyəti olduğuna görə həm də Dəli Şükür deyirmişlər. Həmin hekayə çap olunub yayıldıqdan, xüsusilə də bizim kənddə məlum olduqdan sonra oxucuların həm xoşuna gəlmişdi, həm də gəlməmişdi. Hekayədən inciyənlərdən biri də Dəli Şükürün - Qoruqçu Şükürün qızı, indi artıq rəhmətlik Bayaz xalam olur. Atasının bu şəkildə qələmə verilməsi onun bərk xətrinə dəymişdi. Amma artıq iş-işdən keçmişdi, kitab da çıxmış, camaat da oxumuşdu.
Qaçay müəllimin böyük qardaşı (mənim də dayım, yəni anamın əmisi oğlu) Vətən Əliyev Yağlıvənd və qonşu Qaraməmmədli kəndlərini əhatə edən “Ukrayna” sovxozunun baş mühasibi idi. Bir gün Bayaz xalam baş mühasibin sovxozun idarəsindəki kabinetinin pəncərəsini tıqqıldadır. Başını qaldıran əmisi oğluna (ataları əmioğlu idi) işarə edir ki, çölə çıx. Baş mühasib onu içəri dəvət edir ki, əmi qızı, gəl içəri, sözünü de. Əmiqızı içəri girmir, təkid edir ki, əmioğlu çıxsın. Əmioğlu onun xətrinə dəymək istəmir. Durub çıxır çölə. Bayaz xalam onun qoluna girib idarədən xeyli aralayıb, bağdakı ağacların birinin altına çəkir. Ağzını Vətən müəllimin qulağına yaxınlaşdırıb deyir:
- Əmi oğlu, qağamın adı yazılan varağı cırdım!
Baş mühasib söhbətin nədən getdiyini göydə tutub deyir:
- Lap yaxşı eləmisən, əlinin də içindən gəlib. Heç kim sənə heç nə eləyə bilməz. Durmuşam arxanda dağ kimi, gəl bəri.
Bəli, Bayaz xalam Seyran Səxavətin kitabındakı “Qaçay müəllim” hekayəsində adı çəkilən Qoruqçu Şükürə aid vərəqləri cırıb atmış, bununla da yazıçıdan acığını çıxmışdı.
***
Bir gün kəndə - Yağlıvəndə gəlirmiş. (Adam olduğu yerə “bura” dediyi kimi, mən də düz 22 il 8 aydır ki, işğal altında olan kəndimizdən söz düşəndə elə bilirəm ki, elə kəndimiz “bura”dır.) Öz məhəllələrinə - Kavxalıya az qalmış uzaqdan görür ki, uzun müddət “Ukrayna” sovxozunun direktoru olmuş ağsaqqal Tapdıq əminin arvadı, Seyranın maması (atası Əsgər müəllimin doğmaca əmisi qızı, yazıçının bir çox əsərində sevə-sevə “Bəylər Dədə” kimi oxucuya təqdim etdiyi İsmayıloğlu Bəylərin qızı), Seyran da daxil olmaqla yaxın qohumlarının əzizləyərək “Xeti mama” dediyi Xeyransa xanım öz əmisi oğlu Eyvazxan kişi ilə baş-baçşa verib nə isə danışır (üç qardaşdan birinin nəvəsi yazıçının atası Əsgər müəllim, birinin nəvəsi Xeyransa xanım, birininki də Eyvazxan kişidir). Seyran Səxavət “Volqa”da onunla birlikdə gələn yazıçı qonaqlarına deyir:
- Bax, o arvad mənim mamamdı, o da əmimdi. İndi mən ona sataşajam, görün nə cavab verəjək.
Maşından düşür və uzaqdan uzuağa çağırır:
- Aya-ya-a, Xeti mama, Xeti mama!
- Nədi qadaalım?! – Xeyransa xanım Yağlıvənd ləhcəsi ilə cavab verir.
- A, o kişi kimidi heylə, bu axşamın toranında baş-başa verib danışırsan orda?
- Kişi dəyil ha, qadaalım, Eyvazxan əmindi!..
...Xeyransa mama baş-başa verib danışdığı kişinin yad adam olmadığını demək istəyirdi...
***
...Şuşanın işğalından sonra Bakıya gəlməyə məcbur oldum. Burada “Qarabağ” və “Şimali Azərbaycan” qəzetlərində işlədiyim vaxtlarda Seyran Səxavət tez-tez “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində “Bərəkət” qəzetinin redaksiyasında olurdu. Açığı heç bilmirdim orada işləyir, yoxsa elə-belə Vaqif Bəhmənlinin yanına gəlib-gedr. Bir gün onun yanına getdim. Ondan müsahibə almaq istədiyimi bildirdim. Mənim başa düşmədiyim bir cavab verdi və mən ondan incidim:
- Sizin ən qəliz suallarınıza cavab verməyə hazıram! – dedi.
Mən onu başa düşmədim, çünki heç bir halda Seyran Səxavət mənimlə “Siz” deyə danışmamalı idi. Yox, əgər belə danışırdısa, deməli, sadəcə olaraq məni tanımayıb. Hər iki halda mənim xətrimə dəyirdi. Ona görə də iraq böyüklüyündən “hərcayı” sözə yağlıvəndli kimi “mərcayı” cavab vermək qərarına gəldim. Onun “Sanatoriya” povestindəki Mərdan yadıma düşdü. Və eynən Mərdan kimi ətrafıma baxıb, soruşdum:
- Kimin?
- Ən qəliz suallara cavab verə bilərəm!
- Bəs axı deyirsiniz “Sizin”?
İkimiz də güldük. Onun o zaman məni tanıyıb-tanımadığına hələ də əmin deyiləm. Amma müsahibədən vaz keçdim.
...Və indiyədək də baş tutmayıb...
***
Haqqında danışdığımız Qaçay müəllim (sənəddə adı Ağayar) Seyran Səxavətin sinif yoldaşıdır. Onunla yanaşı həmin sinifdə həmin Qoruqçu Şükürün prototipi olan Şükür kişinin qızı Ana, sonralar kimya müəllimi olan, mənim xalam oğlu Bəylər, mühəndis olan Eyvaz, rus dili müəllimi olan Eyzangül, mühasib olan Əzizgül və başqaları da oxumuşdu. Seyran Səxavətlə mən evlənəndən bir müddət sonra Bakıdakı görüşlərimizdən birində soruşdu:
- Əmoğlu, yoldaşın haralıdı?
- Öz kəndimizdən.
- Kimlərdəndi?
- Qədirlilərdən, Vətənin qızıdı.
- Bıy, əmoğlu, mənim bacım qızın almısan ki!
- Necə yəni?
- Sənin qaynanan Əzizgül mənim sinif yoldaşım olub, 10 il bir partada oturmuşuq, bacı-qardaş olmuşuq.
Bu tanışlığımızın davamı idi...
***
1996-cı ildə onun 50 illik yubileyi keçirilirdi. Mətin Mirzə adlı bir gənc tribunaya qalxdı. Dedi ki, hər kəsin bir atası olur. Mənim isə iki atam var. Onlardan birincisi mənim bioloji atam, hamınızın tanıdığınız Mikayıl Mirzədir. İkinci və mənəvi atam isə Seyran Səxavətdir. O, hələ heç kimin tanımadığı cavan bir uşağın altı hekayəsini birdən “Ulduz” jurnalında çap etmişdi. Bu ilk hekayəsi çap olunan gəncə tarixdə misli görünməyən bir etimad idi. Bax, o gənc mənəm və ona görə də Seyran Səxavəti özümün mənəvi atam hesab edirəm.
Xalq artisti Afaq Bəşirqızı isə mikrofonu götürərək “Buradan möhtərəm prezidentimizə müraciət edirəm. Möhtərəm prezident, Seyran Səxavət Xalq Yazıçısı adına layiqdir, xahiş edirəm ki, onun bu adını verəsiniz” dedi. Qeyd edim ki, onda hələ yazıçının “Bəhanə”si, “Nekroloq”u, “Yəhudi əlifbası”, “Qaçaqaçı”, iki cildlik “Seçilməmiş əsərləri” yaranmamışdı.
Həmin məclisdə mərhum şair Mərkəz Qcaraın “Kərim Kərimli də çıxış etsin!” təklifinə etiraz etmişdm: “Mən hələ Seyaran Səxavət haqqında söz demək mərtəbəsinə qalxmamışam.”
Tanışlığımız hələ davam edirdi...
***
2000-ci illərin əvvəli idi. O zaman Hökumət evinin yaxınlığındakı Beynəlxalq Mətbuat Mərkəzində tez-tez keçirilən tədbirlərin birindən çıxıb aşağı - həyətə düşəndə gördüm ki, məşhur yazıçı Seyran Səxavət siqaretin kötüyünü çeynəyə-çeynəyə var-gəl edir. Yaxınlaşdım, görüşdük. Gördüm ki, bulud kimi dolub, himə bənddi. İstədim fikrini dağıdam. Torpağı sanı yaşasın, rəhmətlik Xanəhməd oğlu Famil əmisi kimi ağzımı açmağa qoymadı. Birbaşa “hücuma” keçdi:
- Kərim, Mədinə mamam öldü!
Mədinə mama Seyran Səxavətin atası Əsgər müəllimin əmisi qızıdı. Böyük bəyin gəlinidi. Mədinə xanımın həyat yoldaşı rəhmətlik Əvəz kişinin atası Böyük bəy isə Qarabağ xanlığının banisi Pənah xanın nəslindən olan Behbud bəyin oğlu, Qarabağda məşhur adamlardan Şıxalı bəyin, Zəngəzur qəzasının pristavı Həsənalı bəyin qardaşı oğludur.
Mədinə xanımın vəfat etməsini mən təxminən 10 gün əvvəl eşitmişdim. Ailə üzvlərimizdən onun yasına gedən də olmuşdu. (Qarabağlılar bütün ölkəyə səpələndiyindən qohum-əqrabanın xeyir-şərinin hamısında iştirak etmək mümkün olmur. Bəzən məcbur olub, qardaşlar arasında kimin hara getməsi barədə məsləhətləşməli olursan.) Ona görə də təəccüb etdim ki, necə ola bilər ki, Mədinə mamanın vəfat etməsini Seyran müəllim indi eşitsin! Cavab verdim:
- Allah rəhmət eləsin, ay Seyran müəllim, mən bunu neçə gündü...
- Hə, rayondaydım, yeddisini verib gəlmişəm!..
- Seyran müəllim, indi elə çətin zəmanədi ki, ölüm adiləşib, xüsusilə də bədbəxt hadisələr çoxalıb, cavan-cavan adamlar dünyasını dəyişir, nə qədər gəncimiz Qarabağda şəhid oldu... Mədinə mama, torpağı nurla dolsun, doxsanı haqlamışdı, dünyanı görmüşdü, qəriblikdə dəfn olunmaqdan başqa bir dərdi də yox idi...
- Ə, yox e, Mədinə mamam...
Tamam kövrəlib. Ona necə təsəlli vermək barədə düşünməyə macal tapmamış, birdən qolumdan tutdu:
- Kərim, Hilizəni gördüm!
- Hilizə hara, sən hara? – zarafat eləyib könlünü açmaq istədim. İşarəni yazıçının 1986-cı ildə yazdığı “Madonnanın əri Fərəməz kişi” hekayəsinə vurmaq istəyirəm. Seyran Səxavətin həmin hekayəsinin qəhrəmanı olan Fərəməz kişinin prototipi Hilizənin əri, anamın anasının əmisi oğlu olan rəhmətlik Fərəməz kişidir.
- Ojağın külü, sinif yoldaşımdı dana! – gülümsəyərək sırf yağlıvəndli kimi cavab verdi.
- Yəqin yas yerində görüşdünüz.
- Hə, bir də görürəm bir qadın mənə yaxınlaşıb, başaa dönüm, ay Seyran, nətərisən, deyir. Üzünə baxıram, elə bil dünyanın xəritəsidi. İynənin ucu boyda qırışsız yer yoxdu. Heyrətlənirəm. Gülə-gülə qayıdasan ki, tanımadın məni? Deyirəm yox. Deyir, Hilizəyəm dana, ojağın külü!..
***
2000-ci ilin parlamet seçkilərində deputatlığa namizədliyim qeydə alınandan, təbliğat-təşviqat işləri başlayandan sonra məşhur yazıçı Seyran Səxavət mənim haqqımda “İndi qeyrət meydanıdır...” adlı bir yazı yazaraq seçicilərə müraciət etmişdi: (Ümid edirəm ki, 15 ildən artıq vaxt keçdiyinə görə oxucular bu sitatı təvazökarlıqdan kənar addım kimi qiymətləndirməyəcək) “...Kərim Kərimlini doğulduğu gündən – bələkdən tanıyıram. Bütün nəslinə-kğkünə bələdəm. Bir qələm sahibi kimi o, həqiqətin tərəfində olmuş, sözün “boy-buxununa”, çəkisinə fikir vermişdir. Bütün varlığı qədər sevdiyi Qarabağı və Azərbaycanın mənəvi zirvəsi hesab etdiyi Şuşanı qaytarmaq, düşmən tapdağından xilas etmək üçün dəridən-qabıqdan çıxıb və bu gün də başından keçməyə hazırdır. Kərim Kərimli Qarabağın, küll halında Azərbaycanın çox qeyrətli oğludur. Bu baxımdan qeyrətli seçicilərmizin hamısını Kərim Kərimliyə səs verməyə çağırıram və deyirəm ki, indi qeyrət meydanıdır, qeyrətinizi göstərin, qeyrətinizə qurban!”
...Və mənə elə gəlir ki, seçkiyə gələn seçicilərin 83 faizinin səsini toplamağımın 10 səbəbindən biri də bu müraciət idi.
***
...Seyran Səxavət haqqında bir əhvalatı da mənə hələ 5 il əvvəl şeirlərini XXI əsr Azərbaycan poeziyasının addım səsləri adlandırdığım, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə təzə “yer götürmüş” yağlıvəndli gənc və istedadlı şair Elşad Ərşadoğlu danışıb. Deyir, bir dəfə Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə qatarda harasa gedirmişlər. Kupedə bekarçılıqdan Azərbaycanın yazıçı və şairlərinin siyahısını tutmağa başlayırlar. Yada düşən hamının adını yazıb qurtarandan sonra bir-bir “istedadsızların” adlarını pozmağa başlayırlar. Axrda siyahıda cəmi 3 nəfərin adı qalır: Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə. Arada İsa İsmayılzadə nəyə görəsə kupedən çıxır. O çıxan kimi rəhmətlik Aöğa müəllim deyir ki, Seyran, bunun adını poz, bundan şair olmaz. İsa İsmayılzadə qayıdandan bir müddət sonra Ağa Laçınlı da çıxası olur. Dərhal İsa İsmayılzadə deyir ki, Seyran bunun adını da poz, bunun harası, nəyi istedadlıdı, bu şair deyil. Seyran qələmi götürüb onun da adının üstündən xətt çəkir. Ağa müəllim də qayıdır və xeyli müddət heç biri yerindən tərpənmir. Bir müddətdən sonra Seyrandan soruşurlar ki, niyə heç durub çölə çıxmırsan, siqaret çəkməyə, su başına... Seyran özünəməxsus yumorla cavab verir:
- Qağa, mən Azərbaycan ədəbiyyatını başsız-sahibsiz qoyub heç hara gedə bilmərəm!..
***
Bizi Yağlıvənd adlı bir kənd gözləyir. İndi başsız-sahibsiz qalmış bir kənd. O kənddə vaxtilə dahidən dəliyə qədər ancaq yaxşı adamlar yaşayıb. O kəndin sakinləri Fərhadlılar, Qədirlilər, Muradxanlılar, Dadşlılar, Kalbayı Həsənxanlılar, Aşırlılar, Külədərlilər kimi tayfalrı can deyib, can eşidərək ürək ürəyə yaşayırdılar. Və o kənddə 1946-cı il mart ayının 23-də Kavxalı obasının Muradxanlı tayfasında Allah bəndəsi Seyran Səxavət adlı bir oğul doğulub. O oğul ki, Azərbaycanda həm filologiya üzrə və həm də texnika üzrə elmlər doktor olan yeganə şəxs, şair, professor Elçin İskəndərzadə dahi adlandırır və “Seyran Səxavətin təkcə “İt intervüsü” hekayəsi belə Nobel mükafatına layiqdir” deyir. Elçin müəllim haqlıdır. Mən də Seyran Səxavətə Nobel mükafatını arzu edirəm (hələ Azərbaycanın Xalq Yazıçısı olmasa da), lakin, Böyük Yazıçıya ən böyük arzum məhz Yağlıvənd Mükafatıdır. O Mükafat bizi gözləyir. Qeyd etdiyimiz O KƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ETDİYİ ƏN BÖYÜK YAZIÇIYA və hamımıza qismət olsun!!!
54 ildən bəri ədəbiyyatı “öz ərazisinə çevirməklə məşğul olduğu, çevirə bildiyi” kimi Yağlıvəndi də ÖZ ƏRAZİSİNƏ, ÖZ KƏNDİNƏ çevirə bilsin!
Məhz Yağlıvənddə Yağlıvəndin ƏN QƏRİBƏ ADAMI ola bilsin!
Qərib yox, məhz Qəribə adamı!
YAĞLIVƏND ADAMI...
Kərim Kərimli