Rusiyanın “Kommersant” qəzeti ölkə vətəndaşlarının hansı xarici ölkələrdə istirahət etməsi ilə bağlı araşdırma aparıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Misirə aviareyslərin ləğv olunmasından və Türkiyəyə “putyovka”ların satışına qadağa qoyulmasından sonra rus turistləri həm ölkədaxili Krım, Krasnodar kimi bölgələrə, həm də qonşu postsovet respublikalarına səfər etməyə üstünlük verirlər.
“Delfin” turizm şirkətinin baş direktoru Sergey Romaşkin bildirib ki, yay mövsümündə Azərbaycana edilən turist səfərləri 50% artacaq.
Onun fikrincə, bu sahədə ilk pilləni bu yay 1,5 milyon turist qəbul etməyi düşünən Abxaziya tutur.
“İnturist” turizm agentliyinin satış direktoru Sergey Tolçin isə Azərbaycan, Ermənistan və Gürcüstan istiqamətində satışların 3 dəfə artdığını deyib. “Azərbaycan istiqamətində satışlar 3 dəfə artsa da, bazar üçün böyük göstəricidən söhbət getmir”.
“DaTravel.com” turizm saytının baş redaktoru Vladislav Şevçov isə Bişkek, Tbilisi və Bakının ən populyar turizm marşrutları olduğunu deyib.
“Yanvar-aprel aylarında Bakı və Tiflis istiqamətində satılan biletlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb”.
Turizm ekspertləri bu tendensiyanı rusiyalı turistlərin Türkiyə və Misir yerinə yeni istirahət marşrutu axtarması ilə əlaqələndirir.
Vüqar İsmayılov