Professional kinokomediyalara həsrət qalmışıq
“Əhməd hardadır?”, “Qaynana”, “Bəyin oğurlanması... Dodağınız qaçdı deyəsən. Sovet dövründə Azərbaycanın komediya filmləri özünəməxsusuluğu ilə fərqlənib. Bu filmlərdə çəkilən məşhur aktyorlar oynadığı rollarla insanları əməlli-başlı güldürürdülər.
Amma 90-cı ildən bu yana Azərbaycanda fərli-başlı kinokomediya çəkilməyib. Sponsor hesabına çəkilən sonuncu “Yuxu” və “Hacı Qara” filmi isə uzun illər keçəndən sonra montaj edildi və səsləndirildi.
Bu faktdlr: Azərbaycanda komediya filmləri sahəsində durğunluq hökm sürür. Düzdür, bu boşluğu doldurmaq üçün əldəqayırma artistlərin mənasız və şit videofilmləri hərdən üzə çıxır. Amma bu “filmləri” kino adlandırmaq ən azı Lüi-de Fünesin xatirəsinə hörmətsizlik olardı...
“Bəyin oğurlanması” filminin qəhrəmanı demişkən, axı o əjdahadan bizdə niyə yoxdur? Niyə Azərbaycanda professional səviyyədə komediya filmləri çəkilmir..? Bunu heç əməlli başlı izah edən də yoxdur...
Məsələn, rejissor Şamil Nəcəfzadə deyir ki, Azərbaycanda komediya filminin gözəl ənənələri olub və bu gün o ənənələri yaşatmaq istəyənlər də var. Amma nə səbəbdənsə, bu filmlər hazırda çəkilmir. İranlılar demiş “xub”. Bəs niyə çəkilmir?
Rejissor deyir ki, Mədəniyyət və Turizim Nazirliyinin nəzdində ekspert şurası ildə 20 – 30 ssenari qəbul edir.
“Onların arasından isə beş ssenari seçilir, ildə Azərbaycanda 5 film çəkilir. Yəni mövzu və tematik məsələlər həmin şura tərəfindən icra olunur” .
Sualı Mədəniyyət və Turizim Nazirliyinin Kinomatoqrafiya şöbəsi milli filmlərin istehsalı sektorunun mütəxəssisi Yusif Şeyxova ünvanladıq. Əvvəla deyək ki, Yusif müəllim “Sehirli xalat” filmində görkəmli gülüş ustası Əliağa Ağayevlə bir yerdə çəkilib. Şənlik işıqlarını xarab edən montyor pioner oğlan yadınıza düşürmü? O rolu Jusif Şeyxov oynayıb.
Bizimlə söhbətdə Yusif müəllim nədənsə nikbin tonda danışdı. Onun sözlərinə görə, kommersiya xarakterli olsa da, hazırda komediya filmləri çəkilir: “İndi hamısının adı yadımda deyil, amma komediya filmləri çəkilir. “Bir dəfə Qafqazda”, “Məhəllə” kimi filmləri göstərə bilərik”.
Dövlət sifarişi ilə çəkilən film varmış. Büdcə pulları hesabına “Həkim əhvalatları” adlı kinokomediya çəkilib. Amma bu filmin ictimai baxışı nə zaman olduğu bəlli deyil. Bundan başqa, bu yaxınlarda rejissoru Ülviyyə Könülün olduğu “Vəkil əhvalatları ” kinokomediyası çəkilib.
Dövlət həmçinin “Mozalan” satirik yumoristik kinojurnalını da maliyyələşdirir. Y.Şeyxovun sözlərinə görə, gələn il daha bir komediya filminin çəkilişləri başlanacaq.
Məsələyə münasibət bildirən kinorejissor Cəmil Quliyev nə qədər qəribə də olsa, dedi ki, konediya filmləri çəkilmirsə, demək bu sahəyə tələbat yoxdu. Qeyd edək ki, C.Quliyev “Şirbalanın məhəbbəti” komediya filminin rejissoru olub. Hazırda Film Fonduna rəhbərlik edən rejissorun fikrincə, film çəkmək rejissorun şəxsi işidi.
“Hazırda komediya filmləri çəkilmirsə, demək ki, ehtiyac yoxdu. İnsanların tələbatı ciddi filmlərədir, bu baxımdan da ciddi filmlər çəkilir”.
“Kino yaradıcılığı istəklə bağlıdır” deyən C.Quliyev bildirdi ki zorla hec bir rejissoru komediya çəkməyə məcbur etmək olmaz. Rejissoru hansı mövzu maraqlqandırırsa, o movzuya da müraciət edir. C.Quliyev hesab edir ki, vaxtilə çəkilən komediya filmləri də rejissorların istəyi ilə olub. Bu gün isə bu sahəyə maraq göstərilmir.
Açığı, kino uzmanlarının mövqeyi bizi qane etmədi. Unutmaq olmaz ki, tamaşacıların zövqü müxtəlifdir. Kino nə qədər müxtəlif və çoxşaxəli olsa, o qədər də yaxşıdır. Yeri gəlmişkən oxuduğunuz sonuncü cümləni Modern.az-a acıqlamasında reşissor Şamil Nəcəfzadə demişdi..
Görünür porfessionalların çəkdiyi kinokomediyaları hələ çox gözləməli olacağıq.
Sədaqət SÜLEYMANOVA