Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən azərbaycanlılar qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətli səfərləri Bakının keçmişində, insanların xatirələrində silinməz izlər qoyub…
Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirir.
“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..
Şəkildə gördüyünüz bu iki xanımdan biri Xalq artisti və ustad xanəndə Sara Qədimova, digəri isə məşhur İran müğənnisi Mərziyə xanımdır. Sovet qoşunlarının 1943-1945-ci illərdə İrana daxil olması SSRİ ilə İran arasında olan əlaqələrdə möhkəm soyuqluq yaratmışdı. 1962-ci ildə İran şahı Məhəmməd Rza şah Pəhləvinin həyat yoldaşının, İranın birinci xanımı Fərəh xanım Pəhləvinin (Dibanın) anası Fəridə xanımla birlikdə Bakıya səfərindən sonra bu soyuqluq xeyli yumuşalmağa başladı və mədəni əlaqələr get-gedə yaxşılaşdı. 1960-cı ildən İran müğənniləri Bakıya qastrola gələrək, möhtəşəm konsertlər verməklə mədəni əlaqələrin yaranmasına təsirli dəstək verirdilər. Onların qarşılanması, konsertlərin təşkili və yola salınması Azərbaycan hökumətinin nəzarətində idi.
1963-cü ilin iyun ayında Mərziyə xanım Bakı şəhərinə qastrola gəlmişdi. Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyası birmənalı şəkildə məsləhət görmüşdülər ki, Sara Qədimova Culfa rayonuna gedib, Tehrandan qatarla gələn böyük İran müğənnisi Mərziyə xanımı sovet torpağında qarşılasın və onunla birlikdə Bakıya qayıtsın. Belə də oldu.
Sara xanım Culfada qatara, Mərziyə xanım olan vaqona minib və onunla birlikdə Bakıya gəlmişdi. Bakıdakı Dəmiryolu vağzalında Tehran – Moskva qatarı ilə gələn Mərziyə xanımı və Sara Qədimovanı Rəşid Behbudov, Filarmoniyanın direktoru Tofiq Quliyev və Filarmoniyanın ilk partiya təşkilat katibi Surəyya Qacar qarşılamış və qonağı birbaşa o vaxtlar Bakıda çox məşhur olan “İnturist” mehmanxanasına aparmışdılar.
Niyə məhz yüksək səviyyəli qonağın qarşılanması Sara xanım Qədimovaya tapşırılmışdı?
1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuş Xalq artisti, böyük bəstəkar Tofiq Quliyev bunu belə izah edirdi:
- Əvvəla Sara Qədimova keçən əsrin 50-60-cı illərində qadın müğənnilər arasında xarici ölkələrdə ən çox qastrolda olan sənərtkar idi. O, 1943-cü və 1944-cü illərdə iki dəfə İranda uzun müddətli qastrolda olmuşdu. Sara xanım çox əzəmətli, füsünkar, özünü ləyaqətlə aparmağı bacaran, xarici qonaqlarla kübar davranan, öz yerini bilən, qadın ləyaqətini yüksək tutan, gözü tox və iddiasız adam idi. Ona görə də həm Mərziyə xanımın, həm də ondan sonra Bakıya qastrola gələn digər məşhur İran müğənilərindən İlahə və Pərvanə xanımların qarşılanması və yola salınması da Sara xanıma tapşırılmışdı.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyov gənc Saranı “səhnəmizin gözəl Sarası” adlandırırdı. Üzeyir bəydən sonra da xalqımız həmişə Sara xanıma “Azərbaycan gözəli” deyə müraciət edərdi. Allah-Təala ona hər şey vermişdi: təbii gözəllik, ilahi səs, kişilərə məxsus mərdlik və qürurlu xasiyyət, möhtəşəm və əzəmətli kübarlıq. Əliaçıq və çörək verən bir insan idi. Onun oturuşunda , duruşunda və ifasında bir xanımlıq ədası var idi.
Sara xanım Şərqdə muğam dəsgahlarını tamam-kamal ifa edən ilk qadın sənətkar, muğam və mahnılarımızın ilkinliyini qoruyub saxlayan əvəzsiz müğənni, səhnəmizin lirik Leylisi, ustad xanəndə və qəzəlxan idi. 100-dən çox qəzəl bilirdi.
Sara xanım qədər qadın müğənnilər adətən ənənəvi olaraq ancaq “Qatar”, “Şahnaz” və “Segah”muğamlarını oxuyardılar. O vaxta qədər deyərdilər ki, qadın xanəndələrin səs imkanları kişilər oxuyan muğamları ifa etməyə imkanı vermir. Sara xanım bu 3 muğamla yanaşı, “Şur dəstgahı”, “Rast”, “Mahur hindi”, “Gahargah” və “Bayatı şiraz” muğamlarını da kişilər oxuyan pərdələrdə ifa etməklə kök salmış fikirləri təkzib edib, köhnə stereotipləri darmadağın və alt-üst etdi. Qadın xanəndələr arasında “Şur dəstgahı”, “Mahur hindi” və “Xaric segah” muğamlarını ilk dəfə Sara xanım Qədimova ifa etmişdi. Ondan sonra Xalq artistləri Tükəzban İsmayilova, Rübabə Muradova və Qəndab Quliyeva “Xaric segah” muğamını ifa etməyi öyrənərkən Sara xanımın oxuduğu “Xaric segah” muğamına müraciət etmişdilər.
1965-ci ildə xanəndələrin çox ehtiyatla müraciət etdikləri son dərəcə mürəkkəb “Şur dəstgahı” və “Cahargah” muğamını oxumağa başladı. “Cahargah” muğamını Seyid Şuşinskidən, ”Şur dəstgahı”nı isə Hacıbaba Hüseynovdan və Bəhram Mənsurovdan, “Bayatı şiraz”ı Zülfü Adıgözəlovdan, “Rast”ı Xan Şuşunskidən öyrənmişdi. Hətta bir dəfə Cabbar Qarayağdıoğlu və Seyid Şuşinskinin yanında Qurban Pirimov və Qılman Salahovun müşayiəti ilə “Mahur hindi” muğamını ifa edib, onların xeyir-duasını aldı.
“Şur dəstgahı” xanəndənin muğamda əsas möhürüdür. Sara xanım həm də “Şur dəstgahı”nı öz kökündə oxuyan ilk qadın ifaçı olub. “Şur dəstgahı”nı oxumaq müğənnilərə çox çətindir. Buna baxmayaraq, Sara dəstgaha görə həm qəzəl seçməkdə, həm də onu ifa etməkdə mahir sənətkar idi. Muğam aləmində qadın müğənnilər arasında bu görünməmiş işdir. “Görünməmiş iş” adlandırılan bu uğurun əsas səbəbi xənəndənin görünməmiş səsində idi. Seyid Şuşinski qeyd edirdi ki, Sara xanımın səs diapozonu çox geniş olduğu üçün, onun səsi muğam ifaçılığına çox yatımlıdır. Ona görə də o, musiqimizin incisi olan mürəkkəb muğamlarımızın ən məşhur ifaçılarından biri kimi şöhrət qazanıb.
1963-cü ilin may ayının 22-də Sara xanım Qədimovaya Xalq artisti fəxri adı verildi. Həm də may ayının 31-də böyük müğənninin ad günü idi. Hər iki hadisə ilə əlaqədar may ayının 29-30-31-də Azərbaycan Dövlət Filarmoniyasında Sara xanımın əzəmətli konsertləri oldu. Birinci sırada Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, mədəniyyət naziri Rauf Hacıyev, Niyazi, Azərbaycan LKGİ Mərkəzi Komitənin birinci katibi Məsud Əlizadə, yazıçı Ələviyyə Babayeva, Mirzə İbrahimov, Seyid Şuşinski, Yavər Kələntərli, Xan Şuşinski, Qurban Pirimov, Həqiqət Rzayeva əyləşmişdilər.
Üç gün ərzində Filarmoniyada Sara xanımın böyük və möhtəşəm konstertləri oldu. Mən həmin konsertləri yaxşı xatırlayıram. Konsert iki saat əvəzinə üç saat çəkirdi. Sara xanım konserti tarzən Bəhram Mansurov və kamançaçı Nefton Qriqoryanın müşayiəti ilə ilk dəfə açıq səhnədə oxuduğu “Şur dəstgahı” muğamı ilə başladı və bu muğamı 47 dəqiqə oxudu. Sara xanım muğamı oxuyub başa vuranda Xalq artisti Həqiqət Rzayeva özündən ixtiyarsız Filarmoniyanın səhnəsinə çıxıb həyacanla dedi:
- Hələ indiyədək kişi xanənədələrdən kiminsə 47 dəqiqə muğam oxumasını xatırlamıram. Sara xanım “Şur dəstgahı” muğamını 47 dəqiqə kişilər oxuyan pərdələrdən oxudu. Bu möcüzədir, görünməmiş möcüzə. Əhsən belə xanəndəyə, halal olsun!
Salonda hamı ayağa qalxıb, Sara xanımı alqışladı. Pərəstişkarları onu gül-çiçəyə qərq etdilər. Respublikanın rayonlarından konsertə çoxlu pərəstişkarlar gəlmişdi. Dinləyicilərin çoxu bilet tapa bilməmişdi. Onlarca adam ayaq üstə dayanmışdı. Hamı böyük maraqla Sara xanıma tamaşa edirdi. Möhtəşəm ifalar alındı. Sara xanımın ifa etdiyi muğam hər bir mahnı alqışlarla qarşılanırdı. Bu konstertlər əsl bayrama çevrildi.
S. Qədimova Qvineyada tarzən Əliağa Quliyevin və kamançaçalan Tələt Bakıxanovun müşayiəti ilə “Rast” muğamını ifa etmişdi. Misir Ərəb Respublikasında qastrolda olarkən, onun burada öyrənib ifa etdiyi məşhur ərəb bəstəkarı Fərid-əl-Ətraşın “Xəyalımın nuru” ərəb tanqosu 1960-cı ildə Qahirədə “ilin ən yaxşı mahnısı” elan olundu.
Sara xanım sənətə sədaqətlilik nümunəsi göstərən əvəzsiz müğənni idi. O, xırdalıqlarla dolu duyumlu və ətirli səsi ilə yeni həyat verdiyi “ Pışıldaşan ləpələr”, “Laylay”, “Küsüb getdi”, “ Nə vaxta qaldı?”, “ Nədən oldu?”, “Qara tellər”, “Nə deyim?”, “Tar çalan oğlan”, “ Xatirələr” mahnılarına və onlarca digər ifalarına öz möhürünü vurmuşdur.
Sara xanım hansı ölkəyə qastrola gedirdisə tezliklə həmin ölkənin mahnılarını öyrənir və verdiyi konsertlərdə onları ifa edərdi. “Ya mayilə” və “Tıhüllə” ərəb, “Sili” Qvineya, “Sevməkdən utanma” İndoneziya, “Məhəbbət” tacik, “Dam başında” özbək, “Peşman olmuşam” və “Mən baharam” fars mahnılarını ürəkdən və böyük məhəbbətlə oxuyardı.
İranlı müğınni Mərziyə xanımın Bakıda Yaşıl teatrda 3 konserti oldu. O, son 43 ildə ilk İran müğənnisi idi ki, Bakıya qastrola gəlmişdi. Onun xarici görünüşü o qədər də diqqəti cəlb etməsə də, Mərziyə xanımın gözəl səsi və unikal boğaz xırdalıqları hamını məftun edirdi. Onun konsertləri uğurla keçdi. İfa etdiyi “Rəftəm ki, rəftəm” (“Getdim ki, getdim”) mahnısı Bakıda böyük şöhrət qazandı. Sara xanım bu mahnını Mərziyə xanım elə Bakıda olarkən, ondan çox tezliklə öyrəndi və yüksək sənətkarlıqla ömrünün axırınadək konsertlərdə ifa etməyə başladı. Sonralar Əbülfət Əliyev və Rövşən Behçət də bu mahnını Sara Qədimovadan öyrənib oxudular.
Rəşid Behbudov və Sara Qədimova həm Mərziyə xanımı, həm də onu müşayiət edən musiqiçilərin şərəfinə evlərində qonaqlıq verdilər. Rəşid Behbudov həmin ziyafətə Filarmoniyanın direktoru Tofiq Quliyevi və Sara Qədimovanı dəvət etmişdi.
İran İslam inqilabından sonra, 1994-cü ildən Fransada yaşayan Mərziyə xanım, 2005-ci ildə Sara xanım xəstə olarkən, Parisdən tez-tez zəng edib onun səhhəti ilə maraqlanardı.
Sara xanım 2005-ci ildə 83 yaşında Bakıda, Mərziyə xanım isə 2010-cu ildə 86 yaşında Parisdə vəfat edib.
Mərziyə xanımın bacısı qızı 2015-ci ilin iyun ayında Parisdən Bakıya gələrkən Sara xanımın məzarı üstünə və Xəqani küçəsindəki xatirə lövhəsinin yanına əklil qoymaqla böyük müğənnini yad edib.
Çingiz Fərəcov
Xalq artisti və ustad xanəndə Sara xanım Qədimova irsinin tədqiqatçısı
***
Həmçinin oxu:
Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü
//modern.az/articles/42791/1/
Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış
//modern.az/articles/38993/1/
Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” //modern.az/articles/37268/1/
Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi
//modern.az/articles/84688/1/
Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” //modern.az/articles/85561/1/
Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş
//modern.az/articles/86485/1/
Bakının məşhur qonaqları - General Şarl de Qollun Azərbaycanda nə işi vardı?
//modern.az/articles/87046/1/
Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi
//modern.az/articles/88189/1/
Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı
//modern.az/articles/88791/1/
Bakının məşhur qonaqları - Çingiz Aytmatovu Azərbaycanla bağlı nə qorxutmuşdu?..
//modern.az/articles/89838/1/
Bakının məşhur qonaqları: “KQB”nin izlətdiyi Nazim Hikmət Bakıda ağlamışdı..
//modern.az/articles/92522/1/
Bakının məşhur qonaqları: Orxan Pamuk bakılı yazıçıyla şərt kəsdi...
//modern.az/articles/95157/1/
Bakının məşhur qonaqları: Xalq artisi Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi
//modern.az/articles/96745/1/
Bakının məşhur qonaqları: Tanınmış səyyahın Azərbaycanda “sirr” axtarışı
//modern.az/articles/98423/1/