Modern.az

Banklar kredit vermir - Əhali çətin vəziyyətə düşüb

Banklar kredit vermir - Əhali çətin vəziyyətə düşüb

30 Mart 2016, 13:16

“Devalvasiyadan sonra Azərbaycanda bank sektorunda çox böyük problemlər yaranıb. Bunun da əsas səbəbi kommersiya banklarında dollarlaşmanın yüksək səviyyəyə qalxması olub. Bu gün əmanətlərin 85 faizini, kreditləşmənin isə 60 faizini dollar təşkil edir”.

Bu haqda Modern.az saytına iqtisadçı Samir Əliyev kommersiya bankları tərəfindən verilən istehlak kreditlərinin məhdudlaşdırılmasını şərh edərkən deyib.

O, bildirib ki, proses banklarda olan resursların hamısının dollarda olmasına gətirib çıxarır:

“Bankların manatla olan vəsaitləri yoxdur deyə, məcburən krediti dollarla təklif edirlər. Həm istehlakçı, həm sahibkar, həm də adi vətəndaş isə krediti dollarla götürməkdə maraqlı deyil. Bunun səbəbi isə hamıya bəllidir. 1 il ərzində 2 dəfə baş verən devalvasiya insanlarda inamsızlıq yaradıb. Milli valyutanın ucuzlaşmasından sonra dollarla kredit götürənlərin ödənişi il ərzində iki dəfə artıb. Belə bir vəziyyət həm bank, həm də müştəri üçün problem yaradır.

Bank sektoru üçün ona görə problem yaradır ki, bankların gəlirinin böyük hissəsi kreditləşmədəndir. Bir tərəfdən banklar vaxtilə verdikləri krediti geri ala bilmir, digər tərəfdən də dövriyyəyə kredit buraxa bilmirlər ki, ordan gəlir götürsünlər. Nəticədə bankların həm gəliri azalır, həm də problemli kreditlərə görə ziyanları artır.

Bununla da bankların mənfəəti kəskin aşağı düşür. Bu isə özlüyündə bankların və filiallarının bağlanmasına, göstərdikləri xidmətlərin məhdudlaşdırılmasına gətirib çıxarır”.

S.Əliyev bildirir ki, vətəndaşların böyük əksəriyyəti öz işlərini məhz istehlak kreditləri hesabına qurur:


“Bu gün adi vətəndaşlar öz tələbatlarının çox hissəsini-avtomobil almaqdan tutmuş, toy etməyə qədər hamısını istehlak kreditləri hesabına həyata keçirir.

Bu gün vətəndaşlar həmin kreditlərdən yararlana bilmirlər. Sahibkarlara dəyən ən böyük zərbə məhz budur. Onlar öz bizneslərini qurmaq, inkişaf etdirmək üçün kredit götürə bilmir. Kommersiya bankları tərəfindən dollarla təklif edilən kreditlər isə sahibkara sərf etmir. Çünki, dolların devalvasiya timsalında bahalaşma ehtimalı var”.

Ekspertin fikrincə, lazımi addımlar atılmazsa, iqtisadiyyat tənəzzülə uğrayacaq:

“Hazırda biznes mühitində səngimə var, rentabellik aşağı düşüb, xidmətlərdən istifadə edənlərin sayı azalıb, alıcılıq qabiliyyəti zəifləyib. Deməli, sahibkar istehsal etdiyi məhsulu sata bilmir. Mövcud problemlər ölkə iqtisadiyyatında problemlər yaradır. Faktiki olaraq qeyri-neft sektoruna pul getmir. Buna görə də ölkədə iqtisadiyyat tənəzzülə uğrayır.

Problem var və getdikcə də dərinləşir. Bu gün ilk növbədə problemli kreditlər məsələsi həll edilməlidir. Söhbət dollar kreditlərindən gedir ki, son vaxtlar vətəndaşların bu kreditləri geri ödəməsində xeyli problemlər yaranıb. Hesab edirəm ki, hökumət iqtisadiyyatda islahatlar aparmalıdır. Banklar real sektora kredit yönəltməkdə maraqlı olmalıdır. Bunun üçün sığorta mexanizmləri təkmilləşdirilməlidir, kredit faizləri aşağı salınmalıdır. Banklar manatla təmin olunmalıdır. Bütün bunlar kompleks həyata keçirilməlidir ki, nəticəsi olsun”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal