Modern.az

“O dövrdə nə PKK vardı, nə terror - Mən heç bir məsuliyyət daşımıram” - Yaqub Zurufçudan ittihamlara CAVAB

“O dövrdə nə PKK vardı, nə terror - Mən heç bir məsuliyyət daşımıram” - Yaqub Zurufçudan ittihamlara CAVAB

31 Mart 2016, 15:36

Böyük sənətkarlarımızı hər zaman layiqincə dəyərləndirməli, onların qəlbinə toxunmamalı, ləkə vurmamalıyıq!


Özünün məşhur “Ayrılıq” mahnısı ilə Azərbaycanın ağır günlərində xalqımızın haqq səsinə səs verib, İrandan 35 illik mühacirətdən sonra ilk dəfə Bakıya gələrək, Azadlıq meydanında milyonları duyğulandıran, hədsiz Vətən sevgisi ilə xalqı birliyə, azadlıq uğrunda mübarizəyə səsləyən qüdrətli sənətkarımız Yaqub Zurufçu indi niyə ittihamlarla üzləşməli olur və nə ixtiyarla mənəvi təqiblərə məruz qoyulur?

Nədir səbəb? Səbəb Azərbaycanda adının hər yerdə hörmətlə, ehtiramla, böyük sevgi ilə çəkildiyi dünya şöhrətli ifaçının Almaniyada yaşayan həmvətənlərimiz, Türkiyədən olan qardaşlarımız və İrandan mühacirət etmiş soydaşlarımız üçün konsert verməsi üçün Almaniyaya dəvət edilməsi ilə bağlıdır. Aprelin 15-17-si tarixlərində onun Hamburg, Köln və Frankfurt şəhərlərində geniş proqramla konsertləri nəzərdə tutulmuşdu. Alqışlanmalıdır, deyilmi? Ancaq, çox təəssüf ki, respublikamızda bəziləri bununla bağlı müxtəlif uydurmalarla yersiz qalmaqal, sensasiya yaratmağa cəhd göstərirlər. Buna səbəb kimi isə konsertlərin təşkilatçısının Almaniyada fəaliyyət göstərən, adından başqa İranla heç bir bağlılığı olmayan müstəqil “Persian Consert“ şirkətiinin olması göstərilir.

Xalqımızın böyük sevgilər bəslədiyi müğənnini guya İran-fars meylliliyində ittiham etməyə tələsən “opponentlər” niyə onu yaddan çıxarırlar ki, bütün varlığı ilə Azərbaycana bağlı olan Yaqub Zurufçu hələ 35 il əvvəl İranın o vaxtkı şah-istibdad rejiminə etiraz olaraq vətəndaşı olduğu ölkədən mühacirət etmiş, İran “həsrəti” ilə yox, daim Azərbaycan həsrəti, Azərbaycan sevgisi ilə xarici ölkələrdə yaşamış və yalnız 1988-ci ildə - xalqımız azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxdığı günlərdə ona Bakıya gəlmək, özünün “Ayrılıq” mahnısı ilə Vətənə qovuşmaq xoşbəxtliyi nəsib olmuşdu. İran sevgili bir adam ondan 35 il ayrı yaşayardımı? Əlbəttə ki, yox. Bu bir.

İkincisi – mahnılarının bütün mayası Azərbaycanla, Vətən sevgisi ilə bağlı olan müğənni bizim də hərdən sevə-sevə, heyranlıqla dinlədiyimiz fars mahnısı da oxuyursa, bu, qəbahətmi sayılmalıdır? Məgər bu gün Rusiyanın  200 illik əsarətindən sonra müstəqillik qazanmış ölkəmizin bir-çox sənət ustaları rusca da mahnılar oxumurlarmı, operalarda ariyaları rusca ifa etmirlərmi və biz bundan zövq almırıqmı? Eləcə də bəzi müğənnilərimiz xalqımız üçün heç də “sino” getməyən ingilislərin, amerikanların mahnılarını oxumurlarmı?



Və, nəhayət. Əgər konsertləri “Persian Consert“ şirkəti təşkil edirsə, kiminsə əsassız iradına görə şirkət öz adını afişalardan çıxartmalı, ya da təcili dəyişdirməlidirmi? “Persian Consert“  sadəcə olaraq Y.Zurufçunun konsertlərini reklam və təbliğ edən, Almaniyada bir çox konsertlərin, mədəni tədbirlərin təşkilatçı olan şirkətin adıdır. (Sübut olaraq şirkətin veb saytına da baxmaq olar: www.pc.posttick.com).  Axı, bu, başqa bir alman şirkəti də, ingilis şirkəti də ola bilərdi...

Bir-neçə müddət əvvəl İranda konsertləri çox böyük uğurla başa çatmış böyük sənətkarımız Alim Qasımovun afişaları farsca yazılmamışdımı? Axı, bizim digər ifaçılarımızın da konsertlərini xarici ölkə firma və şirkətləri təşkil edirlərsə, onlar da afişalarda öz adlarını qeyd edirlər, bundan imtina etmirlər. Bir də ki, məgər Azərbaycanın başqa sənətçiləri Rusiyada konsert verərkən afişa və reklamlar rus təşkilatçıları tərəfindən elə rus dilində də yazılmırmı?  

Onu da diqqətdən qaçırmaq olmaz ki, Y.Zurufçu hər yerdə olduğu kimi, Almaniya şəhərlərində də mahnıları onun üçün əziz və müqəddəs olan üçrəngli Azərbaycan bayrağı başı üstündə olmaqla oxuyacaq.

“Opponentlərin” onu da nəzərə alması vacibdir ki, Azərbaycan və İran arasında münasibətlərin son illərdə daha da yaxşılaşmaqda olan indiki mərhələsində, ölkə rəhbərlərinin qarşılıqlı səfər və görüşlərinin daha da intensivləşdiyi bir dövrdə bu cür yersiz uydurmalara, ittihamlara yol vermək arzuolunmazdır.

Ancaq heyflər ki, görkəmli müğənnimizin Almaniyada keçiriləcək konsertləri ilə bağlı son günlər bəzi sayt və qəzetlərdə ara-sıra ittiham xarakterli yazılar gözə dəyir ki, onlar da əslində heç bir əsası olmayan iftira və təxribatdan başqa bir şey deyildir.

***


Hansı məqsədlərə xidmət etdiyi məlum olmayan müxtəlif uydurmalar, iradlar, təbii ki,  böyük sənətkarı narahat etməyə, onun yaradıcılıq ovqatına təsir göstərməyə bilməz. Müğənni bu barədə Modern.az-a belə deyib:

-  Düzü, mənə qarşı doğma vətənimdə - Azərbaycanda bu cür ittihamlar söylənə  biləcəyini ağlıma belə gətirməzdim. Qarabağ boyda böyük bir dərdimiz, problermimiz qalıb bir yanda, bəziləri başlayıblar konsert afişası ilə bağlı yersiz problem yaratmağa. Təvazökarlıqdan uzaq olsa da, məcburam deyim ki, tanınmış, məşhur bir müğənni kimi dünyanın çox ölkələrində bu cür müxtəlif təşkilatçılar tərəfindən mənim konsertlərim təşkil olunur. Həmişə, hər yerdə konsertlərim anşlaqla keçir, sevinclə, rəğbətlə qarşılanır. Almaniyadakı konsertlərimizin də çox böyük dinləyici marağı ilə qarşılanacağı, möhtəşəm olacağı gözlənilir. Çünki  orda  Azərbaycanın ən yüksək səviyyədə ifaçılığa malik musiqiçiləri çıxış edəcəklər. Böyük ustadlarla, mənim neçə illik sənət dostlarımla - Xalq  artistləri Ramiz Quliyev və Aftandil İsrafilovla səhnəyə çıxacağıq… 

(Konsertlə bağlı yayılan yanlış “məlumatlardan” biri də odur ki, guya qoşa nağara ifaçısı, Xalq artisti Sadıq Zərbəliyev də bizim konsertlərdə iştirak edəcək. Ona bir sənətkar kimi böyük hörmətim var, ancaq onun bizimlə birgə çıxışı nəzərdə tutulmayıb. Olsa da belə, burda qəbahətmi var? Bilmədən yazmayın lütfən).

Mən xalqın sevgisini, ad-sanımı, şöhrətimi sənətimlə əldə etmişəm. Peşəkar bir musiqiçi kimi illərlə qazandığım sevgini boş yerə hədərə verərəmmi? Mən hər konsertdən əvvəl səhnəyə özüm göz gəzdirib, nəzərət edirəm, orda xalqımızın adına layiq olmayan əlavə bir reklam-filan görsəm, onu dərhal çlxardaram. Çünki konsert mənimdir, Azərbaycan konsertidir. Orda başqa heç bir şey, hansısa bir təxribat ola bilməz! Bunun təsdiqini görmək üçün feysbuk səhifəmdə dünyanın dörd bir yanında verdiyim konsertlərimin video-görüntülərinə baxmaq kifayətdir. Qaldı ki, Almaniyadakı konsertimin afişasına, əgər lazım gələrsə, biz təşkilatçıdan xahiş edərik ki, onu bütünlüklə Azərbaycan dilində çap etsin. Və görərsiz ki, burda heç bir qəsdi-qərəzlik yoxdur.

İttiham və iradlarla bağlı daha nəyi demək istərdim? Bəziləri yazırlar ki, guya mən müxtəlif ölkələrdən maddi dəstək alıram. Əzizlərim, belə olsaydı, nə vardl ki, onda mən milyarder olardım ki!.. Bir də ki, nəyə görə xaricdən kimsə mənə “ianə” verməlidir? Əslində, indiki iqtisadi böhran şəraitində heç kəs boş yerə bir manatından da keçməz. Heç mən özüm də qürurumu pozub, şəxsiyyətimə hörmətsizlik edib belə şeyə razı olmaram!

Bəziləri yazırlar ki, guya hətta öz vətənimizdə - Azərbaycanda da mənə maddi kömək göstərilir. Bilməyiniz üçün deyim ki, mən dövlətimizdən nə mükafat olaraq bir manat pul, nə də təqaüd alıram, heç bağ da almamışam. Daim hörmətlə, minnətdarlıqla xatırlayıram və ruhuna dua edirəm ki, Ulu öndərimiz Heydər Əliyev sənətimi sevdiyinə, yüksək dəyərləndirdiyinə görə vaxtilə mənə yaxşı bir mənzil bağışlayıb. Möhtərəm prezidentimiz İlham Əliyev isə Azərbaycanın tanınan, sevilən sənətkarı kimi mənə vətəndaşlıq və fəxri ad verib.  Bunlar özü milyonlara dəyər, bəsimdir! Və buna görə, sənətimə verilən dəyər üçün mən hər zaman unudulmaz dahi rəhbərimizə və Prezidentimizə, xalqımıza daim minnətdaram.

Başqa bir şər-böhtan isə mənim vaxtilə ifa etdiyim “Kürdüstan” mahnısı ilə bağlıdır.  Bununla əlaqədar dəfələrlə açıqlama vermişəm, ancaq bir mədəniyyət xadimi, ictimai xadim kimi borcumdur ki, xalqımızın həqiqəti bilməsi üçün yenə də izahat verim. Məsələ ondadır ki, bu uydurma yayanların, böhtan atanların nə İran,  nə də Cənubi Azərbaycan tarixindən xəbərləri, məlumatları var. Məsələ ondadır ki, İran ərazisində bir neçə vilayət var - Azərbaycan, Gilan, Mazandaran, Kürdüstan və sair. “Kürdüstan” mahnısını isə mən 38 il bundan öncə ifa etmişəm. Bu o zaman olub ki, Azərbaycan və Kürdüstan vilayətlərində hamı dost, qardaş kimi idi. Onlar bir amal uğrunda mövcud rejimə qarşı çıxmışdılar. Ona görə də şah rejimi dövründə siyasi təcridxanalar azərbaycanlılar və kürdlərlə dolu idi. O dövrdə nə PKK vardı, nə terror, nə də kürdlərin torpaq və dövlət qurmaq iddiaları. Mən o zaman bu mahnını xalqların o vaxtkı həqiqi dostluğunu tərənnüm edərək oxumuşdum. Haqqında danışılan kasetdə bu mahnıdan əlavə daha 13 mahnım da var -  milli və inqilabi ruhda mahnılar. Onu da qeyd edim ki, həmin mahnının sözlərinin  müəllifi olan Əlirza Nabdel (Oxtay) azərbaycanlı idi, Cənubi Azərbaycanın inqilabçı, cəsur bir şairi olub. O, özünün azadlıq ruhuna, çağırışlarına görə şah rejiminin ağır işcəncələrinə məruz qalaraq, dözməyib, özünü təcridxananın 4-cü mərtəbəsindən ataraq, şəhid kimi həlak olmuşdu. Onunla bağlı linki də təqdim edirəm:

//sendika10.org/2006/08/sair-ve-savasci-tebrizin-yigit-oglu-ali-reza-nabdel-oktay-ahmet-kirmizigul/

//www.facebook.com/media/set/?set=a.10151319985334398.473990.120303314397&type=3

Qaldı ki, Youtube-də yer alan “Kürdüstan” videoları, onlara görə mən heç bir məsuliyyət daşımıram. Çünki o videolardan qətiyyən xəbərim yoxdur. Böyük ehtimal ki, onları kürd əsilli olanlar montaj edərək, piratçılıq yolu ilə yayıblar.

Son sözüm iftiraya, böhtana əl atıb, münaqişə, qalmaqal yaratmağa çalışanlaradır: nəyisə bilmədən kiməsə dərs  verməyə tələsməyin,  xalqımıza məlumatı düzgün və dəqiq  çatdırın.  O tay - bu tay Azərbaycanın mədəni əlaqələrini mümkün qədər genişləndirməyə, möhkəmləndirməyə çalışın. Bu, bizi daha da güclü edər. Elə edək ki, bədxahlarımız bizim nifaqımızdan öz  riyakar, xəyanətkar məqsədləri üçün, bizim əleyhimizə sui-istifadə etməsinlər.

Sonda isə istərdim ki, qərarı xalqımız versin. Opürəm hamınızı. 

Müğənni ilə görüşüb, söhbət etdi: Rəhman ORXAN

P.S.  Bir qədər əvvəl məlum oldu ki, konsertin təşkilatçısı olan “Persian Consert“in rəhbəri Almaniyadan Yaqub bəyə zəng edərək bildirib ki, narazılığa səbəb olmuş afişalar dəyişdirilərək, yeniləri ilə - azərbaycanca hazırlanmış afişalarla əvəz olunur. 






Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI