Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Modern.az saytının məlumatınagörə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilənlər Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olmaları öz təsdiqini tapmadığına görə onların ittiham olunduqları maddələr Cinayət Məcəlləsinin 32.5 və 126-cı maddələrinə tövsif edilib.
Beləliklə də Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ann.az saytının əməkdaşı Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R.Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Telereportyor xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C.Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Gülşən RAUFQIZI