Bu gün bir çox istifadəçilər internet vasitəsilə hər hansı online mağazadan sifariş verilən məhsulların və ya göndərilən əşyaların ölkəmiz daxilində itdiyi və bir çox hallarda onlara çatmadığını bildirirlər. Eyni zamanda başqa ölkələrdən müxtəlif şəxslər tərəfindən göndərilən bağlamaların da çox vaxt şəxslərə çatmaması ilə bağlı şikayətlər olur. Şəxslər bir çox hallarda bunu ölkə daxilində poçt daşınmalarını yerinə yetirən “Azərpoçt” la əlaqələndirirlər. Çünki şifarişçi tərəf və ya məhsulu göndərən şəxslə əlaqə saxladıqda məhsulun ölkə sərhədlərinə daxil olduğu bildirilir. Çox vaxt bu kimi halların təkrarlanması bir sıra şirkətlərin ölkəmizlə işləməməsinə gətirib çıxardır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həqiqətən də son dövrlər internet vasitəsilə xarici ölkələrdən, xüsusilə Çindən, Honq-Konqdan, Böyük Britaniyadan, Malayziyadan, Sinqapurdan və s. ölkələrdən Azərbaycan vətəndaşları xeyli sayda elektron ticarətlə müxtəlif mal və əşyalar sifariş edirlər. Bu sifarişlərin demək olar ki, yarısı sifarişli (qeydiyyatlı), yarısı isə sadə (qeydiyyatsız) kiçik paketlərdə “Azərpoçt” MMC-nin Beynəlxalq Poçt Mübadiləsi Yerinə – Poçt Daşıma Mərkəzinə daxil olurlar.Məlumat üçün bildiririk ki, “Azərpoçt” MMC 2006-cı ildən başlayaraq beynəlxalq poçt göndərişlərinə Ümumdünya Poçt İttifaqının (ÜPİ) S10 standartına uyğun 13 simvollu ştrix-kod etiketlərindən istifadə edir. Eyni zamanda onların istər respublika daxilində, istərsə də xaricdə izlənilməsini təmin edir. İstifadəçilər bu izləməni (qeydiyyatlı poçt göndərişləri üzrə) www.azerpost.az və www.azems.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.
Qeydiyyatlı poçt göndərişlərinin itirilməsi və ya oğurlanması faktları Azərbaycanın hüdudlarında demək olar ki, istisna hallarda olur. Çünki onlar respublikanın ərazisinə daxil olan kimi, mövcud beynəlxalq izləmə sisteminə işlənilir. Gömrük baxışına təqdim edildikdən sonra isə, əgər poçt göndərişinin üzərində alıcının telefon nömrəsi varsa, ona SMS-bildiriş göndərilir.
Bu proseslər nəzarət kameraları altında həyata keçirilir.
Sonradan isə poçt göndərişi ünvanı üzrə xidmət göstərilən aidiyyəti poçt şöbəsinə göndərilir. Ona görə də bu göndərişlərin itirilməsi və ya oğurlanması praktiki olaraq mümkün deyil. Hətta belə hallar olarsa, günahkar poçt işçisinin və ya poçt müəssisəsinin aşkar edilməsi çox asanlıqla mümkün olur.
Qeydiyyatlı poçt göndərişlərinin itirilməsi və oğurlanması hallarında ÜPİ aktlarına uyğun olaraq müştəriyə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulub.
Yuxarıda qeyd edildiyi kimi, internet üzərindən sifariş olunan malların təqribən 50%-i Azərbaycana sadə (qeydiyyatsız) kiçik paketlər kimi daxil olur. Buna görə də bəzi hallarda vətəndaşlardan sadə göndərişlərlə bağlı şikayətlər daxil olur. Onların da izlənilməsi mümkün olmadığı üçün həqiqətən də tələb olunan malın göndərildiyi, Azərbaycana daxil olub-olmadığını təyin etmək mümkün olmur. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə “Azərpoçt” MMC tərəfindən xaricdən daxil olan sadə göndərişlərə Poçt Daşıma Mərkəzində daxili ştrix-kod nömrələri vurularaq respublika daxilində izlənilməsi təmin edilir.
Bir sıra hallarda isə alıcı sifariş etdiyi maldan imtina edir ki, bu göndərişlər geri qaytarılarkən göndərən şirkətlə alıcı arasında müəyyən problemlər yaranır.
Bəzi hallarda isə vətəndaşlar internetlə sifariş edilən göndərişləri poçtdan alarkən gömrük baxışına təqdim etməyə görə nəzərdə tutulmuş ödənişlə bağlı müraciət edirlər. Bu barədə də onlara ətraflı məlumat verilir. Belə ki, mövcud qaydalara uyğun olaraq ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq, Poçt Daşıma Mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük baxışına təqdim edilməsinə görə poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır.
Gömrüklü poçt göndərişlərinə tərkibi əşya və ya mallardan ibarət CN22 gömrük yarlığı ilə müşaiyət olunan çəkisi 2 kq-dək beynəlxalq kiçik paketlər və CN23 gömrük bəyannaməsi ilə müşaiyət olunan çəkisi 30 kq-dək beynəlxalq bağlamalar aid edilir.
“Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilib.
Aytən ZƏHRA