Azərbaycan prezidentinin 2014-cü il dekabrın 17-də imzaladığı fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il iyunun 1-dən qüvvəyə minib. Milli Məclisin oktyabrın 17-də Ailə Məcəlləsinə etdiyi dəyişikliklərə görə, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.
Qaydaya uyğun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinə olunmalıdır.
Qanun 8 gündür qüvvəyə minsə də, bu günə qədər nikah bağlayan şəxslərdən arayış tələb edilmədiyi məlum olub. Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib: “Arayış məcburi xarakter daşıyır. Məsələ burasındadır ki, qanun iyunun 1-dən nikah ərizəsi yazanlara şamil edilir. Ola bilər ki, kimsə 15 mayda ərizə yazıb, həmin şəxslərdən arayış tələb edilmir”.
Nazirlik rəsmisi eyni zamanda bildirib ki, artıq paytaxt və bölgələrdə klinikalar tam hazır vəziyyətdədir: “Cəlilabad, Qusar, Mingəçevirdə olarkən artıq cütlüklərin arayış üçün müraciət etdiyinin şahidi olduq. Çünki əks təqdirdə nikah etibarlı sayıla bilməz”.
Gülşən RAUFQIZI