Mübariz İbrahimovun yolu...
Qoca erməni hava telefonu ilə Mübariz İbrahimova dedi:
– İndi sənə danışacaqlarıma inanacaqsan, mən də o acını sizin qədər yaşamışam: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal eləyən gündən bəhs edəcəyəm. Sakinlər elə bilirdi ki, bu həmişəki atışmalardan biridir, yenə bir az atıb çəkiləcəklər. Hardan ağıllarına gələrdi ki, ermənilər onları Yer üzündən silməyi planlaşdırıb? Əhalinin çox hissəsi zirzəmilərdə gizlənmişdi. Ermənilər Xocalıda irəlilədikcə, evlərin zirzəmilərinə partlayıcı maddələr atırdılar. Səhəri gün erməni əsgərləri həmin zirzəmilərdəki meyitləri toplamağa başlayanda mənim 18 yaşlı oğlum qan içində, ağlaya-ağlaya evə gəldi. O da əsgərlərin içindəydi. Gəlib mənim ayağıma düşdü, yalvardı ki, “ata, məni qoyma gedim”.
Mən o günü heç vaxt unutmaram. Fevralın 28-də oğlum zirzəmilərdən insan cəsədlərini yük maşınlarına yığırdı. Onun dediyinə görə, orada ölülərlə yanaşı, yaralılar da varmış, onlara göstəriş verirlib ki, yaralıları ölülərdən ayırmasınlar. Oğlum deyirdi ki, qanın iyisini hiss edir və buna dözə bilmirmiş. Onlar meyitləri, yaralıları Xocalıdakı fin evlərindən 800 metr aralıda qazdıqları çuxurlara tökürlərmiş. O çuxurlar ekskovatorla qazılırdı. Oğlum Qrişa meyitləri atanda qucağına 10 yaşlı bir uşaq götürüb, atmaq istəyəndə uşaq onun qolundan yapışıb. 10 yaşlı qız uşağı yarı qan içində olsa da, dipdiri gözləri ilə mənim Qrişama baxıb ondan kömək diləyirmiş. Soyuqda yaralı olsa da, yasamaq üçün mübarizə aparırmış. Bu mənzərəni görən erməni komandiri uşağı avtomatın qundağı ilə vuraraq, Qrişanın qucağından çuxura salır. O boyda meyitin arasında həmin uşağın gözləri Qrişaya zillənir. Komandir benzin töküb 300-dən çox insanı o çuxurda yandırır. Qrişa o uşağın yanıb qurtarana qədər üzünə zillənən baxışlarını unuda bilmir.
Qrişa oradan qaçıb birbaşa evə gəlmişdi. Ayaqlarıma düşüb yalvarırdı. O tir-tir əsirdi, temperaturu yüksəlmişdi. Yoldaşımla onu çimizdirdik, qanlı paltarını dəyişdirdik. Mən ona dedim: “Qorxma, oğlum, səni heç kimə vermərəm”. Onu yatağa saldıq, üç yorğan isidə bilmirdi. Elə bu ərəfədə qapımız bərkdən döyüldü, az qaldı qırsınlar. Gələn Karo Petrosyan idi. Mən onu heç vaxt unutmaram. Əsgəran Yanğın İdarəsinin müdiri qapını açan kimi avtomatın qundağıyla məni vurdu. Yerə səriləndə səsimə yoldaşım çıxdı, onu da vurdu. Qızımla balaca oğlum ağlayırdı. Karo bizim üstümüzə qışqırdı: “Sizin fərari oğlunuz hanı? O döyüş yerindən silahı götürüb əkilib. Hanı? Elə bilir əlimizdən qaça biləcək?”.
Mən yerdə sərilydim, elə o haldaca Karonun ayağına düşdüm:
– Mənim çoxlu pulum var, al, sənin olsun. Mənim uşağım xəstədir, ona dəymə.
Karo pul sözünü eşitdi. O bilirdi ki, mən imkanlıyam, maşınım da var.
– Baxır, sən nə qədər pul verəcəksən?
Mən evimdəki seyfi açdım. Karo seyfdəki pul və qızıl çantasını görən kimi məni itələyib çantanı götürdü:
– Gör necə ağırdır?! – deyib sözünə davam etdi: - Doğrudan yəni türklər belə rəhimlidir? Sən bu qədər pulu Bakıdan necə gətirə bilmisən? Bəlkə də onlara işləyirsən, onların xəbərçisisən. Mən hələ səni yoxlayacağam. Bu pula sənin oğlunu ancaq bir həftə buraxa bilərəm. Get, onun hərbi hissədən oğurladığı silahı gətir!
Elə bu vaxt içəridən güllə səsi gəldi.
Oğlum Qrişa özünü vurmuşdu. Karo köpəkoğlu oğlumun əlindəki silahı da, pul çantasını da götürüb evdən çıxdı. Mən: – Heç olmasa pulumuzu qaytar, – dedim.
Karo: – Bu pul, bizə, Ermənistanın gələcəyinə lazımdır. 366-cı alayın komandiri Zerquqarov Yuri Yuriyevçin pulunu verməliyik. Özün könüllü bizə yardım etsəydin, bəlkə də nəsə eləmək olardı, oğlun da başqaları kimi həyatda qalardı. Sən ASALA-nın qaydalarını bilirsən; hər bir erməni öz xalqının gələcəyi üçün əlindən gələni etməlidir. Əgər bu yardımdan yayınırsa, o erməni də olsa öldürülməlidir! – deyib öz hərbi maşınına minib getdi.
Ailəm qan-yaş içində idi. Balaca oğlum, qızım dəhşətlə əsgər oğlumun döşəkdən yerə axan qanına baxırdılar.
Sonralar balacam böyüyüb 18 yaşına çatanda arvadım dedi ki, “o əsgərliyə getsə, mən özümü öldürəcəyəm”. Axı mən kimiydim ki, etmənilərə qarşı çıxa biləydim. Onu da əsgər apardılar. Ən ağır, soyuq bölgələrdə posta qoydular, pul verənlərin uşaqları evdən çıxmırdı, onların yerinə də bizim kimi acların uşaqları zülm çəkirdi. Kiçik oğlum əsgərlikdən sonra cəmi üç il yaşadı. Arvadımla qızım isə Krasnodara getdilər. Eşitdiyimə görə, kafelərin birində işə düzəlib, sonra arvadım da öldü. Rəhmətlik kiçik oğlumun iki uşağı var. Böyük oğlu burda əsgərdir, mən də Əsgərandakı evimi biraxıb gəlmişəm. Bax bu erməni postunun yanındakı üçüncü evə yiyələnmişəm. Həyətində üç yekə çinar ağacı olan ev var ha, bax o. O ağaclar sizin postdan da görünür. İki nəvəm, iki inəyim, bir də mən qalmışam. İndi mənə inandınmı? Sizdə bir məsəl var: “İçim özümü yandırır, çölüm özgəni”.
Başıma gələnləri söylədikdən sonra qoca erməni soruşdu:
– Əsgər, niyə cavab vermirsən? Eşidirsənmi?
Mübarizin gözləri dolmuşdu, amma ağlamırdı. O, Xocalı hadisələrini yaxşı bilirdi. Mətbuatdan oxuduqları, bu qoca erməninin dediklərinin həqiqət olduğunu təsdiq edirdi.
Millliyyətcə erməni olan livanlı yazıçı David Xeyriyan “Xaç naminə” kitabında bu hadisələrdən bəhs etmişdi.
Qoca erməni bir də soruşdu:
– Sən məni eşidirsən? Əsgər, ordasan? Sən mənə inanmalısan, indi kaş səni görə biləydim. Deyiləsi o qədər sözüm var ki... İçim yanır, bəlkə sənə içimi boşaltsam, bir az rahatlaşaram. Cavab ver, nolar, sən ordasan?
Mübariz:
– Eşidirəm, özü də yaxşı eşidirəm. Sənə qulaq asıram.
Səsin yaxından gəldiyini eşidən qoca erməni qəfildən arxaya çevrildi.
Bir də gördü ki, Mübariz onun 3 metrliyində durub, dinləyir. Erməni:
– Ara, sən nə yaxşı gəldin. Sənin boyuna qurban olum.
Artıq axşam düşürdü.
– Demədinmi sözün var mənə? Gəldim, di danış.
– Ara, adamı bir kanala salırlar, deyirlər, qaç canını qurtar. Əlində avtomat olan birisi adamın dalınca elə qaçır ki, bir də baxırsan öz əzizlərini də ayaqlayıb keçibsən. Ermənistandakı həyat budur.
Sənə bir şey deyim, bu gün Əsgəranda mənim kimi beş qoca bir yerdə oturmuşduq. Təsəvvür elə, kafedə beş–altı nəfər qoca erməni sobanın qırağında oturub, üstünə dilimləyib düzdükləri kartofun bişməsini gözləyir, Azərbaycanda yaşadıqları xoşbəxt günlərdən danışırdılar. Bir erməni zabiti kafedə pivə içə–içə qulaqlarını şəkləyib bizi dinləyirdi. Qocalardan biri:
–Mən bir ayda qazandığım pulları bir ildə xərcləyirdim. Əksər azərbaycanlılar işlərini mənə etibar edirdi. Öz azərbaycanlı sənətkarlarına iş vermirdilər, işləri olanda bizə verirdilər. Yaxşı sənətkar idim, hamı başıma and içirdi. Yaxşı sanballı müştərilərim var idi. Pula pul demirdim. Arvad-uşaq qızıla bürünmüşdü. Bakıdan köçəndə 90 ədəd üzüyün qutusunu atıb, hamısını qurşağıma bağlayıb gətirmişdim. Hər şeyi bu namərd, haramxor, xarici ermənilər əlimdən alıb, bu dağılmış, viran qalmış evi və bağı mənə verdilər.
Bu qoca ermənilərin Azərbaycanı, azərbaycanlıları təriflədiyini görən erməni zabiti əsəbiləşsə də, səsini içinə salıb qulaq asırdə.
Qocalardan biri dedi:
– Azərbaycanlılarla 1918-ci və 1990-cı ilin müharibəsini biz başlamışıq. Torpaqları alsaq da, biz çoxdan müharibəni uduzmuşuq. Müharibə olmasaydı, Ermənistanda bu dərəcədə yoxsulluq olmazdı. Hər şeyimiz əlimizdən getdi. Heç olmasa, orda yaxşı vəzifəm vardı. Böyük bir toxuculuq fabrikinin həmkarlar təşkilatının sədr müavini idim. Orada işləyən bütün ermənilərə hər il növbəsiz ev, maşın, mebel, xaricə pulsuz “putyovka”lar verirdim. Özüm yağ–bal içində üzürdüm. Direktorun zəif damarını tutmuşdum, onun sağ əli idim. Nə desəm, hamısına şərait yaradırdı. Bu qaçaqaç düşməmişdən bir il əvvəl Suraxanıda olan evimi işdəki usta briqadalarının köməyi ilə yenidən təmir elətdirmişdim. Fabrikin qabaqcıl fəhlələrinə mükafat kimi veriləcək mebellər, ərəb taxtı və digər avadanlıqları direktor mənə verib dedi ki: “Albert, bunlar sənin halal haqqındır, apar yığ evinə!”.
O biri qoca erməni dilə gəldi:
– Gürcüstanın ən çətin günlərində Azərbaycan onları işıqsız, neftsiz, qazsız qoymadı. Onlara kömək etdi. İndi Gürcüstanın yaşayışını görürsən? Bizi onlardan çox sevirdilər. Həmişə kirvə deyir, xeyir-şərdə başda oturdurdular. Heyf! Şəhər ətrafında daşdan ikimərtəbəli, topdağıtmaz evim var idi. Oğlum Bakı Dövlət Universitetinin rus sektoruna qəbul olunmuşdu. Sonra da onu 3-cü kursdan təhsilini artırmaq üçün Lomonosov adına Moskva Dövlət Universitetinə göndərdilər. Arvad xırda ticarətlə məşğul olurdu, özüm həm də ustalıq edib maşın
düzəldirdim. Evimin bir tərəfində emalatxanam, bir tərəfində balaca dükanım vardı. Pula pul demirdim. Hamı ərzağı məndən alırdı. Çünki arvad gedib Moskvadan təzə-təzə gətirirdi. Heyf o günlərə! İndi heç bilmirəm oğlum ölüb, qalıb, hardadı? Mülkümü Bakıda bir “yeraz”la dəyişdim, gəldim gördüm onun buradakı evi dağılıb. Özümün ailəm dağıldı, arvad gözümün qabağında acından öldü!”
Qoca özünü saxlaya bilməyib hönkürdü. Nəhayət, özünü toxdayıb gözünün yaşını və burnunu hərbi pencəyinin didilmiş qoluna sildi. İki əli ilə dizinə vuraraq, – Allah bu Zori Balayanın evini yıxsın! – deyib dərindən köksünü ötürdü…
Dördüncü qoca erməni danışmağa başladı:
– Azərbaycan günü–gündən inkişaf edir. Ermənistan isə gün–gündən geriləyir. Bakı Avropanın ən inkişaf etmiş şəhərlərindən seçilmir. Bəs Yerevan? Sovetlər birliyində necə qalıbsa, elədir. Hələ olanlar da uçulub, dağıdılıb. Yerevanda dəyişən bir–iki dənə McDonalds, bir–iki də oteldir. Hec 1941-ci ilin müharibəsində də kəndlərimiz, şəhərlərimiz belə xarabaxanaya çevrilməmişdi. 20 il əvvəl müharibəni udduğumuzu deyirdik, amma sən demə, biz uduzmuşuq…
Heç 1941-45-ci illərdə kəndlərimiz belə boşalmamışdı, belə xarabazara çevrilməmişdi. Əvvəllər xaricdə yaşayan erməni lobbisinin milyonları səbəbinə əsgərlərimiz ac qalmır, doyunca yemək tapırdılar. Ancaq indi hərə öz payını götürüb gedib, rusların ümidinə qalmışıq. Bugünkü ermənilər ruslar üçün hec bir əhəmiyyət kəsb etmir, heç bir demokratik prinsipi və inkisafı olmayan, insan hüquqları qorunmayan, hec bir təbii sərvəti olmayan, coğrafi mövqeyini itirmis, dünyadan təcrid olunmus Ermənistan heç kimə lazım deyil.
O biri qoca onun sözünü ağzında kəsdi:
– Ermənistanın cavanları kütləvi şəkildə xaricə köçür. Bunun qarşısını da heç kim ala bilmir. Beş ildən sonra burada bir biz qocalar, bir də prezident qalacaq. 1991-ci ildə Ermənistanın 3 milyon 200 min əhalisi var idi, amma indi 1 milyon 200 mindir. Stepanakertdə 1991-ci ildə 70 min əhali vardı, amma indi heç 18 min də yoxdur. Elə kəndlərimiz var ki, bomboşdur. Zori Balayanın deyəsən, “Dənizdən-dənizə Böyük Ermənistan” xəyalları boşa çıxdı. Ermənistanda indi əhali, yaşayış yoxdur. İndi balaca Ermənistan var. 10 ildən sonra qocaların vətəni olacaq və ona da “Cırtdan Ermənistan” deyəcəklər. Mən Yerevanda 50 il usaq xəstəxanasında sürücü işləmişəm. Hər il Ermənistanda 80 min uşaq dünyaya gəlirdi, indi isə 30 min də deyil. Hansı müharibədə Ermənistandakı qədər insan itkisi oldu? Gündə biri ölür, qalanları ölkədən köçür.
Başqa bir qoca erməni iki əlini sinəsində çarpazlayıb dilləndi:
– İndi Azərbaycan söz yiyəsi, nüfuz sahibidir. 1991-ci ildə Azərbaycanda hökm sürən özbaşınalıq bu gün Ermənistanda baş verir. İndi Azərbaycanın hərbi gücü gündən-günə artır, onun hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən də artıqdır.
Zori Balayan isə xəyallarla yasayırdı. Azərbaycanda 7 milyon əhali var idi. İndi bax, 10 milyona yaxınlaşır. Bizdə necə əhali sürətlə xaricə axırsa, onlarda da elə surətlə artır. Azərbaycan indi dünyaya silah satır. Azərbaycan xaricdən silah almır. O ölkədə bu gün “Hummer” hərbi maşına oxşar zirehli maşın da buraxırlar, onları indi bütün dünya tanıyır.
Bunlara bayaqdan qulaq asan və əsəbiləşən erməni zabit dözə bilməyib, ayağa qalxaraq qışqırdı:
(ardı var)
Cəlaləddin Qasımov