Milli Məclisin bugünkü xüsusi iclasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunan “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.
Modern.az-ın məlumatına görə, ammnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.
Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.
Qeyd edək ki, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.
Bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı gerçəkləşən 4-cü təşəbbüsüdür.
Aytən Zəhra