Modern.az

Ekspert: "Azərbaycanın qaz satışından əldə edəcəyi gəlirlər 18 milyard dollara çatacaq"

Ekspert: "Azərbaycanın qaz satışından əldə edəcəyi gəlirlər 18 milyard dollara çatacaq"

14 Yanvar 2011, 15:41

Azərbaycana mavi qazin alışı üçün gələn Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ötən gün prezident İlham Əliyevlə “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzaladı. Maraqlıdır ki, bəyannamədən bir neçə gün əcvvəl Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısına dair saziş imzalanmışdı. Nəzərə alsaq ki, Azərbaycan Rusiyaya da qaz ixrac edir və  bununla yanaşı “Nabukko” qaz kəmərinə qoşulmağı planlaşdırır, bütün bunlar gələcəkdə qaz satışından əldə edilən gəlirlərin ölkə iqtisadiyyatında  mühüm rol oynacağından xəbər verir.  Hətta rəylər var ki, mavi qazdan əldə edilən gəlirlər neft sektorunun iqtisadiyyatdakı rolunu zəiflədəcək. 

İqtisadçı-alim Vüqar Bayramov Modern.az-a deyib ki, mavi qazın nəqli ilə bağlı İran və Avropa Komissiyası ilə müqavilə imzalanması praktiki yaxın gələcəkdə qaz satışından Azərbaycanın gəlirlərinin artacağından xəbər verir: “İranla müqavilədə hələlik 1 milyard kubmetr mavi qazın ixrac edilməsi nəzərdə tutulub. Bu da böyük həcm hesab edilə bilməz. Amma güman edilir ki, Avropa Birliyinə ixrac ediləcək mavi qazın həcmi kəskin artacaq. Lakin istər “Cənub axını” və istərsə də “Nabukko”nun reallaşması Azərbaycana öz mavi qazını Avropa bazarına çıxarmağa imkan verəcək”.

Ölkənin mavi qaz satışından gəlirlərinin 2015-ci ildən başlayaraq kəskin artacağını vurğulayan iqtisadçı bunu  2014-cü ilin sonlarında “Şahdəniz-2” platformasının istifadəyə veriləcəyi  ilə izah edir: “Nəzərə alsaq ki, Azərbaycan 2010-cu ildə 29  milyard kubmetr qaz hasil edib, 2011-ci ildə ilk dəfə  hasilatın 30 milyard kubmetrdən  çox olacağı proqnozlaşdırılır. “Şahdəniz- 2” platformasının istifadəyə verilməsi Azərbaycan mavi qazının 46 milyard kubmetrə  qədər artmasına gətirib çıxara bilər. Belə halda Azərbaycan 30 milyard kubmetr  mavi qaz ixrac etmək imkanlarına malik olacaq. İndiki qiymətlərlə bu 2015-ci ildə mavi qaz ixracatından  illik gəlirlərin 9 milyard dollara yüksələcəyi deməkdir. Nəzərə alsaq ki, digər yataqların işlənməsi nəticəsində ikinci dekadanin sonuna qədər mavi qaz ixracatının 60 milyard kubmetrə qədər artırılması planlaşdırılır, həmin dövr üçün mavi qaz satışından əldə edilən illik gəlir 18 milyard dollara çata bilər. Bu da dövlət gəlirlərinin formalaşmasında  mavi qaz satışından əldə olunan gəlirlərin öndə olacağından xəbər verir”.

V.Bayramov qeyd edir ki, yaxın 10 il üçün dövlət gəlirləri baxımından Azərbaycan iqtisadiyyatını 2 mərhələyə ayırmaq olar: “Birinci mərhələ 2011-2015-ci illərdə dövlət gəlirlərinin formalaşmasında neft gəlirlərinin üstünlük təşkil edəcəyidir. İkinci mərhələ 2015-2020-ci illərdə qaz satışından əldə olunan gəlirlərin kəskin artması nəticəsində dövlət gəlirlərində mavi qaz satışından əldə olunan vəsaitlərin dominantlıq etməsidir. Bu dövrləri dövlət gəlirlərinin məbləği baxımından xarakterize edendə 2011-2015-ci illərdə ümumi daxili məhsulda artım tempinin  qorunub saxlanmasına baxmayaraq artım tempində azalmaların müşahidə ediləcyini deməyə əsas verir. Dövlət Statistika Komitəsi 2011-ci ildə ümumi daxili məhsulda təxmini 3 faizlik artım proqnozlaşdırıb. Bu rəqəm 2010-cu ildə 4,8 faiz idi. İstər beynəlxalq maliyyə qurumlarının, istərsə də İqtisadi və Sosial İnkişaf Mərkəzinin müstəqil hesablamalarında 2011-2012- ci illərdə ümumi daxili məhsulun artım tempinin qorunub saxlanacağı, artım faizinin isə əvvəlki ilə nisbətən aşağı düşəçəyi proqnozlaşdırılıb. Bu nəticəyə Dövlət Statistika Komitəsi də gəlib. Eyni tendensiya 2013-2014-cü illərdə də davam edəcək.  Lakin  2015-ci ildə ixracdan gəlirlərin artması ümumi daxili məhsuldakı artımların yenidən yüksək templə artmasına gətirib çıxaracaq. Azərbaycanın növbəti 20 ildə inkişaf şəklini cızsaq neft gəlirlərinin deyil, qaz gəlirlərinin dominantlıq edəcəyi  diqqəti çəkir”.

V.Bayramov qeyd edir ki, mavi qaz hesabına gəlirlərin formalaşmasının neft gəlirlərindən əsas fərqi birincinin qiymətinin stabil olmasıdır: “Son 5 ildə mavi qazın qiymətində azalmalar müşahidə edilməyib. Əksinə artımlar baş verib. Neftin qiyməti isə gündəlik dəyişir. Hansı ki, bu dövlət gəlirlərinin proqnozlaşdırılması, məbləği ilə bağlı müəyyən problemlər yaradır. Mavi qazın qiymətinin stabil olması və artan tendensiya üzrə inkişaf etməsi ölkənin stabil, proqnozlaşdırılan gəlirlər əldə etməsinə imkan yaradacaq”.   


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu