Aprel döyüşləri Azərbaycan ordusunun təcrübəsini təkmilləşdirərək qələbə əzmini daha da yüksəltdi
Azərbaycan 23 il idi aprel ayını Kəlbəcər rayonunun işğal gününü anmaqla başlayırdı. Digər jurnalist həmkarlarım kimi bu il də aprelin 2-də Kəlbəcərin işğal günü ilə bağlı anım tədbirini işıqlandırmaq üçün Şəhidlər xiyabanına yollanıb 22 il yazdığım xəbərin yalnız tarixini dəyişib dərc edəcəkdik. Çünki fərqli bir söz eşitmirdik. Şəhidlər xiyabanına ziyarətə gələnlər eyni insanlar olduğu kimi fikirləri də dəyişməz olurdu. Bu illərdə dəyişən ancaq bizi doğulduğumuz torpaqlardan ayıran illərin rəqəmləri idi. Amma ....
Amma dünyanın super güclərinin 23 ildə dəyişə bilmədiyi və ya dəyişmək istəmədiyi vəziyyəti Azərbaycan ordusu bir gecədə dəyişdi. Məğlubluğumuzdan utandığımız bir tarixi bizim üçün qürur tarixinə çevirdi. Bu səbəbdən aprel mühaibəsi barədə danışarkən məsələyə birtərəfli yanaşmaq qeyri-mümkündür.
Sönməkdə olan ruhun oyanış tarix
Bu ilin aprelində son 23 illik tariximizdə Azərbaycan dövlətinin və xalqının həyatına qızıl hərflərlə yazılacaq günlər yaşadıq. Həmin günədək əksəriyyətimizin içərisində bir məğlubiyyət acısı var idi. Torpaqlarının 20 faizini itirən bir dövlətin vətəndaşı, bu məğlubiyyətlə barışmaq durumuna salınan bir xalqın nümayəndəsi idik. Düşmən isə zamanla üstümüzə gəlib “azərbaycanlılar heç vaxt döyüşən xalq olmayıb” iddiasına düşünərək ironiya etməkdən belə çəkinmirdilər. Amma aprel hadisələri xalqımızın sönməkdə olan ruhunu oyatdı. Aprel hadisələri göstərdi ki, bu xalq torpaqla bağlı heç kəsə güzəştə getməyəcək. Xalqımız və ordumuz torpaqlarını qorumağa da, azad etməyə də qadirdir.
Ehtiyyatda olan hərbçi, general-leytenant Yaşar Aydəmirov da deyir ki, aprel döyüşləri əhalinin əhval-ruhiyyəsini, vətənpərvərlik hissini daha da yüksəltdi: “Həmin dövrədək deyirdilər ki, insanlarda əvvəlki vətənpərvərlik yoxdur. Amma aprel döyüşləri göstərdi ki, indi vətənpərvərlik hissi daha yüksəkdir. Məqam yetişəndə millət ayaqda olacaq, müxalifət də, iqtidar da, media da, tələbələr də, məktəblər də bir məqsəd uğrunda birləşəcək”.
Bu hadisələr həm də dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar bir araya gətirdi. İstər ölkə daxilində, istərsə də xaricdə dünya azərbaycanlıları bir məqsəd uğrunda birləşdi. Aprel hadisələri zamanı heç bir təklif gözləmədən ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar dünyanı lərzəyə gətirdi. Onlar dövlətdən heç bir xəbərdarlıq və dəstək almadan bu addımı atdılar. Təkcə həmin ərəfədə Almaniyaya səfər edən Ermənistan prezidenti Serj Sarkisyanın qarşılanması da çox şeyi deyirdi. Həmin gün Federal Kansler binasının qarşısına toplaşan minlərlə azərbaycanlı indiyədək görmədiyimiz formada aksiya keçirdilər. Həmin azərbaycanlılar isə təkcə Almaniyadan deyil, bir çox Avropa ölkələrindən oraya üz tutmuşdular.
İnformasiya müharibəsində uğur
Aprel döyüşləri Azərbaycanın informasiya müharibəsində də uğur qazanmasına imkan yaratdı. Həm də Azərbaycan diplomatiyasının uzun illərdir apardığı işin real nəticələrini göstərdi. Düzdür, aprel hadisələrinədək də Müdafiə Nazirliyinin internet səhəfəsi mövcud idi. Amma nazırliyin internet səhifəsində gündəlik fəaliyyətə aid Azərbaycan dilində yerləşdirilən məlumatlar yerli auiditoryaya ünvanlanırdı. Həmin hadisələr başlayanda isə nazirlik ingilis və rus dilində məlumatlar yaymaqla bütün maraqlı tərəflərin obyektiv informasiyanı birbaşa mənbədən almasına imkan yaratdı. Həmçinin, həmin dövrədək sosial şəbəkələrdə işləməyən nazirlik cəmiyyətin informasiya təminatını ödəmək üçün feysbuk sosial şəbəkəsində səhifə açdı. Səhifənin açıldığı ilk gün – aprelin 5-də izləyicilərin sayı 100 min nəfərə çatdı. Aprelin 5-dən keçən sonrakı iki ay ərzində izləyicilərin sayı 41 700 nəfər artıb. Bu həm də müharibə dövründə əhali ilə işləmək baxımından vacib bir təcrübə qazandırdı.
Aprel döyüşlərinin hərbi əhəmiyyəti
Təbii ki aprel döyüşlərinin hərbi əhəmiyyətini də qeyd etməliyik. Üç günlük müharibə zamanı Azərbaycan ordusu düşmənin 23 ildə yaratdığı müdafiə-istehkam qurğularını qısa müddətdə dağıdaraq mühüm starateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi.
Hərbi ekspert Azad İsazadə də deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşləri nəticəsində nəzarətə götürdüyü yüksəkliklər hərbi-strateji əhəmiyyətə malikdir: “Uzun müddət idi bu yüksəkliklərdən Azərbaycanın mülki əhalisi atəş altında saxlanılırdı. Həmin yüksəklikdən, həmçinin, Azərbaycanın sərhəd bölgəsində yerləşən digər yaşayış məntəqələri də vurulurdu. Strateji əhəmiyyətə malik həmin yüksəkliklərə kim nəzarət edirsə, o da ətraf zonaları nəzarət altında saxlayırdı. Bu mənada ordumuz təkcə həmin yüksəkliklərə nəzarəti ələ alsa belə, bunu uğurlu hərbi əməliyyat hesab etmək olar”.
Hərbi ekspert Üzeyir Cəfərov da aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirdiyini bildirir: “Aprel döyüşləri zamanı ordumuz bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirdi. Döyüşlərdə xüsusi təyinatlılarımızın – sıravi heyətin və komandirlərin yüksək səviyyəsi bir daha üzə çıxdı. Ermənistan da gördü ki, bu gün Azərbaycan ordusu 90-cı illərdəki ordu deyil, ən müasir silahlara malikdir. Eyni zamanda məlum oldu ki, təcrübəli döyüş komandirlərinə, əvvəlki müharibənin iştirakçılarına həddindən artıq çox ehtiyac var və onlar heç bir maneə olmadan ordu sıralarına qaytarılmalıdır. Onların döyüş təcrübəsindən yararlanmaq ordumuzun ancaq xeyrinə olardı”.
General-leytenant Yaşar Aydəmirov isə deyir ki, ordumuz aprel döyüşlərində balansında olan texnikalardan bacarıqla istifadə edib: “Müdafiə Nazirliyinin yaydığı videoda da görünürdü ki, Pilotsuz Uçuş Aparatı (PUA) hərbi obyekti çəkir və geri qayıdıb mərkəzə komanda verir. Bundan sonra mərkəzdən açılan atəşlə həmin nöqtə məhv edilir. Daha sonra PUA qayıdıb vurulan obyektin yaxından şəklini çəkir, təkrar komanda alıb geri qayıdır. Tək hədəflər olanda isə PUA onun hansı hissəsinin vurulması lazım olduğunu dəqiq bildirir. Hazırda dünya bu cür dəqiq silahlarla öyünür. Bizim istifadə etdiyimiz PUA-lardan da dünyada yalnız 3-4 dövlətdə var. Bu silahlardan peşəkarlıqla istifadə nəticəsində ordumuz qısa müddətdə həm cənub, həm də mərkəz istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti ələ aldı. Təkcə onu demək kifayətdir ki, “Lələ təpə” adlanan yüksəklik işğaldan azad olunandan sonra Araz çayı boyunca bütün yaşayış məntəqlərini nəzarətdə saxlayırıq. Gecəgörmə cihazlarından istifadə etmədən belə, təxminən, 20-dən çox kəndə nəzarət edirik. Texniki vasitələrlə isə Beyləqana kimi bütün kəndlər bizim nəzarətimizdədir. İndi həmin kəndlərə rahat gedib-gələ bilərik”.
Beynəlxalq aləmdə ölkəmizin mövqeyi daha da möhkəmləndi
Aprel döyüşləri Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmlənməsinə də təsirsiz qalmadı. Həmçinin, Azərbaycan dost və düşmənini bir daha tanıdı. Türkiyə, Pakistan, Belarus hadisələrin ilk günündən birmənalı Azərbaycanı dəstəklədi.
Politoloq Elxan Şahinoğlunun qənaətinə görə, aprel döyüşlərinin təsirləri hazırda davam etdirilən sülh danışıqlarında da özünü göstərir: “Buna qədərki görüşlərdə Dağlıq Qarabağ problemi heç zaman Minsk qrupunun üç həmsədr ölkəsinin xarici işlər nazirlərinin birgə iştirakı ilə müzakirəyə çıxarılmamışdı. Amma Vyana görüşlərində bunun şahidi olduq. Azərbaycan həmin əməliyyatlarda ermənilərə vurduğu zərbə ilə Qarabağ məsələsini beynəlxalq birlik üçün də həlli vacib məsələlər sırasına daşıya bildi ”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə deyir ki, ordumuzun gücü və aprel döyüşlərində düşmən üzərindəki qələbəsi diplomatik mövqelərimizi xeyli gücləndirib: “Artıq ermənilərin qalib ədası, qalib mifi sınıb. Azərbaycanın uzun illər yürütdüyü uğurlu xarici siyasət nəticəsində aprel döyüşlərində Azərbaycan Ordusunun əməliyyatlarının qarşısında rus əsgəri dayanmadı, Azərbaycan siyasi cəhətdən Rusiya rəhbərliyi tərəfindən qınanılmadı və ya günahlandırılmadı. Əksər ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Aprelin 5-dən etibarən danışıqların yeni mərhələsinə qədəm qoyulub. Azərbaycan tərəfi artıq ermənilər qarşısında daha iddialı danışa bilir”.
Aprel döyüşlərini qiymətləndirən müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, ordumuz bu uğura dövlətimiz və xalqımızın diqqət və qayğısı sayəsində nail olub: “Vacib əhəmiyyətə malik yüksəklikləri düşməndən azad edib nəzarətə götürməklə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş olduq. Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik. Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verildi".
Bir neçə gün öncə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında aprel hadisələri ilə bağlı danışan Prezident İlham Əliyev də əməliyyatların əhəmiyyətini vurğulayıb: “Ermənilər aprel döyüşləri ərəfəsində də bizim mövqelərimizə hücum ediblər. Hətta təmas xəttində deyil, başqa istiqamətdə, Qazax bölgəsində bizim iki hərbçimiz həlak olub. Onlar daim bizim kəndləri atəşə tutur, mövqelərimizə hücum edirdilər. Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Azərbaycan Ordusu aprel döyüşlərində 2000 hektardan çox torpağı işğalçılardan azad edib. Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib. Ondan bir neçə dəfə böyük əraziyə hazırda Azərbaycan Ordusu nəzarət edir. Hazırda o ərazidə erməni ordusu heç tərpənə də bilmir. Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, ordumuzun gücünü göstərdi”.
Son olaraq aprel döyüşləri göstərdi ki, Azərbaycan status-kvonun uzun müddət saxlanılmasına səbirlə yanaşmaq niyyətində deyil. Ölkəmizin torpaqlarını indiyədək hərbi yolla azad etməməsinin arxasında isə onun gücsüzlüyü deyil, sülhpərvərliyi dayanır. Əks halda ən müasir silahlara malik Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə işğal altında olan torpaqları düşməndən təmamilə təmizləmək iqtidarındadır. Bu dəfə isə Azərbaycan dünya dövlətlərinin atəşkəslə bağlı çağırışlarına müsbət cavab verərək sülhpərvərliyini bir daha nümayiş etdirdi. Amma beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək ölkəmiz ərazi bütövlüyünü təmin etmək hüququnu özündə saxlayır. Düşmən aprel döyüşlərindəki məğlubiyyətindən nəticə çıxarıb işğal altında olan ərazilərimizdən geri çəkilməsə, Azərbaycan ordusunun növbəti zərbələri daha sarsıdıcı olacaq...
Xalid VAHİDOĞLU
Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda müsabiqəyə təqdim olunur