Devalvasiya, manat, dollar, kredit deyərkən bir andaca oğlumuzun, qızımın, qardaşımızın, bacımızın, atamızın ipdən asılmış, eyvandan yıxılıb parçalanmış cansız bədəni ilə qarşılaşırıq. Ən qorxulusu isə baş verənlərlə bağlı hər gün tirajlanan xəbərlərin heç kimdə təəccüb doğurmamasıdır...
Qeydə alınan intihar hadisələrində diqqətçəkən məqam yeniyetmələrin, xüsusilə də oğlan uşaqlarının üstünlük təşkil etməsidir.
Oğlan uşaqları intihar siyahısına başçılıq edir...
Psixoloq Elnur Rüstəmov da Modern.az saytına danışarkən faktı təsdiqləyib:
“Son zamanlar baş verən intihar hadisələrinə nəzər yetirəndə oğlan uşaqlarının üstünlük təşkil etdiyini görürük. Bunun isə öz səbəbləri var. Bu gün oğlan uşaqlarının yaşamış olduğu narahatlıq qız uşaqlarına nisbətdə çoxdur. Bu yalnız bizim ölkəmizlə bağlı olan məsələ deyil.
Ümumən qlobal dünyada - istər dövlət işlərində, istərsə də ictimai işlərdə xanımların daha aktiv, daha dinamik həyat sürdüyünün şahidi oluruq. Elə Azərbaycana da nəzər yetirək: işləyən xanımlar işləyən kişilərdən çoxdur. Hazırda bu prosesə uyğunlaşa bilməyən insanlar artmağa başlayıb. Hansı ki, özünü tapmaqda çətinlik çəkir. Ayaqlaşa, uyğunlaşa bilməyəndə də proses müəyyən psixoloji sarsıntıya, bu da xoşagəlməz hadisə gətirib çıxarır.
Hətta cinayət hadisələrinə baxsanız, əksəriyyəti ailə-məişət zəminində baş verir. Gündəlik olaraq “kişi xanımına, keçmiş həyat yoldaşına, qayınanasına xəsarət yetirdi” xəbərlərinə rast gəlirik”.
“Pultun işləməməyi, internetin kəsilməyi qlobal problemdir”
Ekspert deyib ki, müasir dövrün tələblərinə uyğunlaşmaq üçün çevik tərpənmək lazımdır:
“Burada intihar yox, daha çox çalışmaqdan söhbət gedir. Bu gün oğlanlar qızlardan daha çox çalışmalıdırlar. Daha çox özlərinə yatırım edərək, daha məhsuldar olmalıdırlar. Əks təqdirdə, onlar bu mübarizədə qarşı cinsə uduza bilərlər. Bu, irəlidə böyük problemlərə yol aça bilər.
Bu günün insanı daha çox komfort və rahatlıq axtarır. Adicə kondisionerin, televizorun pultu işləməyəndə, internet qısamüddətli kəsiləndə insanlar özünü diskomfort hiss edir. Ancaq 10-15 il əvvəl bütün bunlar problem deyildi.
Bu gün insanlar aktiv fəaliyyəti arxa plana atıblar. Fikir verin şəhərdə müxtəlif idman növləri ilə məşğul olmaq üçün salonların sayı artıb. İnsanlara daha geniş imkanlar yaradılır. Bu da qeyd etdiyim kimi, günümüzün tələbi, diktəsidir. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir ki, insanlar komfort düşkündür, onlar rahatlıq axtarırlar”.
Az vaxtda çox şey istəyirik...
E.Rüstəmovun sözlərinə görə, indiki insanlar az bir zamanda çox şey qazanmaq istəyir:
“Zaman sürətlə gedir, insanlar sürətlə yaşlanır. Şəxs hansısa yaşında fikirləşəndə ki, həyatda heç nə qazanmayıb, perspektivdə heç bir şey yoxdur, o, psixoloji sarsıntı keçirir, depressiyaya düşür, sosial fobiyası yaranır, ətrafla ünsiyyət qurmaqda çətinlik çəkir, insanlardan uzaqlaşır. Bütün bunlar bir-birinə bağlı, zəncirvari prosesdir. Bu prosesi Avropa 50 il əvvəl keçib. Biz də keçid prosesini adlayandan bir müddət sonra qismən tarazlaşma baş verəcək.
Biz o zamanı tanımalı və orda nə etməli olduğumuz istiqamətində çalışmalıyıq”.
Avropaya belinizdə ev yox, savadlı baş aparın
Psixoloq hər bir insanın özünün fərdi inkişafına daha çox yatırım etməli oldğunu vurğulayıb:
“Dünənə qədər yatırımların çoxu evə, daşa-divara, müxtəlif daşınmaz əmlaka yatırılırdısa, bu gün tam əksi yatırım insanın özünə olmalıdır.
Yəni, əvvəl insan düşünürdü: çox evim, mülküm olsa, gələcəyim daha sığortalı olacaq. Bu gün situasiya başqa şeyləri diktə edir. Bu gün nə qədər çox özünə yatırım etsən, hara getsən özünlə də aparacaqsan.
Mən Avropaya köçsəm, evimi ora daşıya bilmərəm. Amma özümə etdiyim yatırım nəticəsində əldə etdiyim biliklərlə, savadla, başımla ev qazana bilərəm. Bu qloballaşan dünyanın tələbidir. Bu gün ingilis gəlib Azərbaycanda işləyir. Ona öz ölkəsindən ev daşımaq lazım deyil. İstədiyi ən gözəl yerdə, ən gözəl evdə yaşayır, ən gözəl restoranda ən dadlı yeməyi yeyir, ən gözəl yerlərdə də gəzir. Nəyin hesabına? Həmin o biliyin, savadın hesabına”.
Gülşən RAUFQIZI