“Şlyumberje Lojelko İnk” şirkəti hasilatın pay bölgüsü haqqında sazişə zidd olaraq dövlət büdcəsinə hesablanmalı olan ayrı-ayrı vergilərinin məbləğini azaldırmış
Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı ilə məşğul olan şirkətlərin fəaliyyətlərində bir sıra nöqsanlar aşkar edilib. Modern.az saytının məlumatına görə, bu haqda Hesablama Palatasının Milli Məclis qarşısında verəcəyi illik hesabatda qeyd edilib.
Hesabatda göstərilib ki, 2009-cu ilin iş planına uyğun olaraq Hasilatın Pay Bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən “Şlyumberje Lojelko İnk” şirkətinin nümayəndəliyində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə dövlət vergilərinin hesablanması və dövlət büdcəsinə ödənilməsinin auditi həmin ildə başlanılıb və 2010-cu ildə başa çatıb.
“Şlyumberje Lojelko İnk” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş” çərçivəsində fəaliyyət göstərir, neft və qaz kəşfiyyatı və hasilatı sahəsində ən iri beynəlxalq şirkətlərdəndir. Şirkətin nümayəndəliyində müvafiq əməliyyatların mühasibat sənədləri və uçotu neft sənayesinin mühasibat uçotunun hamılıqla qəbul edilmiş beynəlxalq prinsiplərinə və standartlarına uyğun olaraq aparılıb”.
Palatanın hesabatında bu şirkətin fəaliyyətində qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət edilməsi ilə yanaşı, audit zamanı bir sıra nöqsan və çatışmamazlıqların aşkar olunduğu qeyd edilib. Belə ki, “Şlyumberje Lojelko İnk” şirkəti tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının, habelə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə dair protokolların tələblərinə bəzi hallarda əməl edilməyərək dövlət büdcəsinə hesablanmalı olan ayrı-ayrı dövlət vergilərinin məbləğləri azaldılıb. Auditlə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisinin 271918,05 manat, xarici subpodratçılara edilən ödənişlərdən mənbədə tutulan mənfəət vergisinin 15530,33 manat, əlavə dəyər vergisinin 33635,49 manat, cəmi 321083,887 manat məbləğində dövlət vergilərinin azaldılması halları aşkar olunub.
Hesablama Palatasının illik hesabatında azaldılmış vergi məbləğlərinə tətbiq edilməli olan 41814,42 manat məbləğində maliyyə sanksiyaları və faizlər də nəzərə alınmaqla auditin nəticələri üzrə ümumilikdə 362898,29 manat məbləğində əlavə vəsait hesablanıb. Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək azaldılmış vergi məbləğlərinin, tətbiq edilməli olan maliyyə sanksiyalarının və faizlərin dövlət büdcəsinə hesablanması və ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilib və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq məlumat göndərilib. Nazirliyin cavab məktubuna əsasən tətbiq edilmiş maliyyə sankiyaları və faizlərlə birlikdə, ümumilikdə, 362989,29 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Modern.az