Modern.az

ATƏT və Avropa Parlamentinin Azərbaycana qarşı gözlənilməz demarşı

ATƏT və Avropa Parlamentinin Azərbaycana qarşı gözlənilməz demarşı

Ölkə

1 İyul 2011, 17:39

Avropanın iki mötəbər beynəlxalq təşkliatı Dağlıq Qarabağı ayrıca tərəf kimi tanıyan sənədlə çıxış etməyə hazırlaşır

Avropanın iki mötəbər beynəlxalq təşkliatı - ATƏT-in Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan sənədlə çıxış etməyə hazırlaşır. Modern.az xəbər verir ki, bu barədə hər iki qurumin rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının və Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar sessiyasının müzakirəsinə çıxarılacaq qətnamə layihələrində Dağlıq Qarabağ ayrıca subyekt kimi göstərilib.

Modern.az məsələ ilə bağlı Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, deputat Azay Quliyevin münasibətini öyrəndi.

Deputat bildirdi ki, ATƏT PA-nın sessiyasında müzakirə ediləcək “Astana sammitindən sonra yeni mərhələ: ATƏT-in effektliyinin və əhəmiyyətinin gücləndirilməsinə dair” hesabatında doğrudan da Dağlıq Qarabağ ayrıca subyekt kimi göstərilib.
“Hesabat dinlənildikdən sonra eyni adda qətnamə qəbul olunacaq. Bizə təqdim olunmuş hesabatda bir çox məsələlərlə yanaşı ATƏT-in məşğul olduğu münaqişələrə toxunulur. Sənəddə Dağlıq Qarabağ, Gürcüstan, Moldova ilə birlikdə ayrıca tərəf kimi göstərilir. Biz bunu yanlış hesab edirik. Sessiyada qətnamə layihəsinə öz etirazımızı bildirəcəyik və müvafiq dəyişikliklə bağlı təklifimizi göndərmişik. Çalışacağıq ki, bu sənəd qəbul olunmasın. Bizim göndərdiyimiz dəyişiklikdə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdan söhbət gedir”-deyən millət vəkili bildirib ki, hesabatı hazırlayan xorvatiyalı məruzəçi, təcrübəli bir deputat olan Tonino Pikulanın belə təsadüfə yol verməsi də inandırıcı görünmür.

Qeyd edək ki, eyni gündə öz işinə başlayacaq Avropa Parlamentinin plenar sessiyasında da belə bir qətnamənin qəbulu gözlənilir. AP-nin iclasla bağlı gündəliyində deyilir ki, “Avropa Xalq Partiyası və Avropa üçün Liberal və Demokrtaların Alyansı” qruplarının təşəbbüsü ilə 2011-ci il iyul ayının 6-da Strassburqda keçiriləcək plenar iclasda “Dağlıq Qarabağda vəziyyət” başlıqlı müzakirələrin təşkili qərarlaşdırılıb.

Azay Quliyev hesab edir ki, “Dağlıq Qarabağda vəziyyət” termini yanlış, heç bir hüquqi əsası olmayan anlayışdır:
“Söhbət yalnız “Azərbaycanın işğal altında olan torpaqarında vəziyyət” adından gedə bilər. Belə görünür Dağlıq Qarabağı ayrıca bir subyekt kimi təqdim etməyə başlayıblar. Belə bir qorxulu tendensiyanın əsası qoyulub. Avropa Parlamentində bu həftə müzakirəyə çıxarılacaq qətnamənin eyni tarixdə keçiriləcək ATƏT-in PA-nın sessiyasında da müzakirə edilməsini təsadüf hesab etmirəm. XİN bununla bağlı müvafiq addımlar atmalıdır. Bu ciddi məsələdir. Biz dünən məsələni Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri Bahar xanım Muradovanın rəhbərliyi ilə müzakirə etdik. Təbii ki, bu məsələdə nümayəndə heyətimiz milli maraqlarımızı qoruyacaq və əleyhimizə işləyən məqamlara qarşı ciddi mübarizə aparacağıq”.

A. Quliyevin sözlərinə görə, ATƏT Parlament Assambleyasının sessiyasındakı qətnamə layihəsi ilə bağlı  razılaşmadıqları bir çox məqamları ATƏT rəhbərliyinin diqqətinə çatdırıblar. “Yəqin ki, qətnamədə bizim də dediklərmiz əks olunacaq. Çünki Dağlıq Qarabağ heç bir vaxt ayrıca subyekt olmayıb. O sənədlərdə yalnız Azərbaycanın işğal olunmuş ərazisi kimi qeyd oluna bilər. BMT-nin bununla bağlı olan sənədlərində bu məsələ dəqiq göstərilib. BMT-də heç vaxt Dağlıq Qarabağın adı ayrıca çəkilməyib”-deyən millət vəkili qeyd edib ki, bu qətnamə layihəsinin qarşısını istənilən vasitələrlə alacaqlar:
“Orada Qarabağla bağlı sözümüzü deyəcəyik. ATƏT-in sədri də orada iştirak edəcək. Biz ona da suallarımızı ünvanalayacağıq”.

Deputat bildirib ki, qətnamə layihəsi prosesdur qaydasında səsə qoyulur.
“ATƏT üzvü olan dövlər başçılarının zirvə toplantısında qətnamələr konsensusla qəbul edilir. Yəni 56 ölkədən biri etiraz etdikdə bu sənəd qəbul edilmir. ATƏT PA-da isə sənədlər sadə səs çoxluğu ilə qəbul edilir. Odur ki, burada tərəfdarlarımızı çoxaltmaq üçün ciddi şəkildə işləməliyik. İlk növbədə məruzəçi ilə iş aparmalıyıq”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, ATƏT PA-nın iclası iyulun 6-dan 10-a qədər davam edəcək. Avropa Parlamentinin plenar sessiyası isə 4-7 iyul tarixlərində Strassburqda keçiriləcək.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər