Modern.az

Qoyun otarmağa getməkdən imtina edən Seyran Səxavət

Qoyun otarmağa getməkdən imtina edən Seyran Səxavət

29 Noyabr 2011, 12:01

Xanlarov Seyran Əsgər oğlu 1946-cı il martın 23-də Quzey Azərbaycan, Qarabağ bölgəsi, Füzuli rayonu (Qarabulaq), Yağlıvənd kəndi, Koxalı obası, Muradxanlı məhləsində ziyalı ailəsində anadan olub. Onun doğulduğu ev ətəyində qəbristanlıq olan Qara Quzeylə üzbəüz olub.

Anası Zərif xanımın orta məktəbdə müəllimə, atası Əsgər kişinin kəndin baş mühasibi olmasından "istifadə edən" balaca Seyran altı yaşında (əslində gərək yeddi yaşı tamam olaydı) birinci sinfə gedir və elə ikinci, üçüncü sinifdən şeirlər, hekayələr yazmağa başlayır, mürəkkəbi qurumamış "Azərbaycan gəncləri" qəzetinə və "Azərbaycan" jurnalına göndərməyə başlayır. Hamısından da eyni məzmunda cavab gəlir: "Şeirləriniz bədii cəhətdən zəif olduğuna görə çap edə bilmədik".
O zaman balaca Seyran başa düşmürdü ki, bədii cəhət nə olan şeydi. Ancaq Yağlıvənd kəndinə, balaca Seyranın ünvanına gələn məktublar, xüsusilə o biri məktubların konvertlərinə oxşamayan, üstündə yuxarıdan böyük hərflərlə yazılmış "Yazıçılar İttifaqı" sözləri camaatı çaşdırmışdı və ikidə-üçdə oxuyan bu sapsarı oğlan uşağına qibtə etməyə başlamışdılar ki, gör bu uşağa hardan məktub gəlir ee?! Yəni bu məktubların çölü özgələri yandırırdı, içi isə balaca Seyranı...

Əslində balaca Seyran özü də özünü kənd camaatı kimi aparırdı: məktubun içindəki əsl mətləbi biruzə vermirdi, özünü yekə-yekə aparırdı...

Yağlıvənd-Bakı, Bakı-Yağlıvənd marşrutu ilə hərəkət edən saysız-hesabsız məktublar heç bir nəticə vermədi. Bu dəfə balaca Seyran rayon mərkəzinə üz tutdu, "Qızıl Araz" qəzetinin redaksiyasına...
İki-üç il də ora ayaq döydü. Amma onlar da Bakıdan gələn məktublar kimi "danışırdılar". Balaca Seyrana elə gəlirdi ki, Bakıdakılarnan burdakılar, elə bir-birinin ağzına tüpürüb, hamısı eyni sözləri deyirdilər və elə bil başqa söz bilmirdilər. Hər dəfə bu sözləri eşidəndə balaca uşaq necə sarsıla bilərdisə, o da, eləcə sarsılırdı, üç-dörd gün heç nə yazmırdı.

Nəhayət balaca Seyranın bəxtinə elə bir günəş doğdu: "Qızıl Araz" qəzeti 1960-cı ildə, on dörd yaşlı Seyranın ilk şeirini çap etdi, altına yazdılar:
“Seyran Xanlarov, Yağlıvənd kənd orta məktəbinin 8-ci sinif şagirdi”.

Özünün dediyinə görə o vaxt yerə-göyə sığışmırmış. Hətta qoyun nobatına getməkdən imtina edib ki, "mən şair adamam, qoyun otarmağa gedəcəm?".

Qırx doqquz il bundan qabaq çap olunmuş o şeiri oxuculara təqdim edirik.

İki arzu
Sual verdi sevgilim
Bir gün üz tutub mənə,
Nədir arzun həyatda
Cavan oğlan, desənə?
Dedim həyatda yalnız
İki arzum var, ay qız:
Biri sənət dağının
Zirvəsinə ucalmaq,
Biri də ki, səninlə
Ömür sürüb qocalmaq.

Bu şerdəki səmimiyyət o vaxt hamının xoşuna gəlmişdi...

O vaxtdan qırx doqquz il keçib. Bu müddətdə Seyran orta məktəbi qurtardı, iki il istehsalatda işlədikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili mütərcimi şöbəsinə daxil oldu. Tələbəlik illərində yaradıcılıqla çox ciddi şəkildə məşğul oldu. Ara-sıra mərkəzi mətbuatda çap olunmağa başladı. Şair, filologiya elmləri doktoru Qasım Qasımzadə onun haqqında o illər çox dəbdə olan "Uğur olsun" ("Azərbaycan gəncləri" qəzetində) yazdı və şeirlərini çap etdirdi.

Radio və televiziyada şeirləri ilə çıxış etdi. Tələbə ikən "Adalar" adlı ilk şeirlər kitabı da çap olundu və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Yağlıvənd kənd orta məktəbinin 8-ci sinif şagirdi Seyran Xanlarov respublikada Seyran Səxavət kimi yetərincə tanındı. Xüsusilə onun məhəbbət haqqında və o vaxtın təbirincə desək, "antipartiya" şeirləri gənclərin dilinin əzbəri oldu.

O, 1970-ci ildə zabit kimi əsgəri xidmətə yollandı, Frunze, indiki Bişkek şəhərinə. Onda mətbuat səhifələrində görünmədi. Bu yoxluğu hiss eləyən böyük şairimiz Məmməd Araz o vaxtı "Ulduz" jurnalında çap etdirdiyi məqaləsində yazmışdı ki, "Seyran Səxavət hanı, niyə ədəbiyyatdan qaçaq düşüb?".

Əsgəri xidmətdən sonra Seyran Səxavət vətənə qayıtdı və "Ədəbiyyat və İncəsənət" qəzetində işləməyə başladı. Bir il işlədikdən sonra, 1974-cü ildə tərcüməçi kimi, iki illik İrana, İsfahan şəhərinə ezam olundu. Seyran beş il idi ki, əlinə qələm almırdı, düz beş il heç nə yazmadı. Özü də deyir ki, yaza bilməyəndə gərək yazmayasan.

Nəhayət 1975-ci ildə, İranda, beş illik fasilədən sonra "Hamı elə bilirdi ki..." adlı ilk hekayəsini yazdı. Bakıya göndərdi və əsər Üzeyir Hacıbəyova həsr olunmuş yubiley nömrəsində çap olundu və o saat da ədəbi ictimaiyyətin diqqətini cəlb etdi. Əkrəm Əylisli, Ramiz Rövşən bu hekayəyə yüksək qiymət verdilər, Seyran Səxavəti isə Amerika yazıçısı, dünya şöhrətli Folknerlə müqayisə etdilər. Əkrəm Əylisli Seyran Səxavətə məktub da yazmışdı.

İndi o vaxtdan otuz iki il keçir. Seyran Səxavət Azərbaycanın ən görkəmli yazıçılarından biridir. O, romanlar, povsetlər, hekayələr müəllifi kimi xalq tərəfindən sevilir. Onun əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. Pyesləri ölkəmizin ən nüfuzlu teatrlarında tamaşaya qoyulub. Ölkənin baş teatrında, Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş "Qızıl Teşt" pyesi Azərbaycan teatrının tarixində bir dönüş nöqtəsi oldu.

Seyran Səxavətin "Nekroloq" əsəri 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülüb.
Seyran Səxavət haqqında Azərbaycanın böyük sənətkarları, o cümlədən, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Qabil, Bəkir Nəbiyev, Elçin, Qulu Xəlilov, Tofiq Bayram, Nadir Cabbarlı, Vilayət Quliyev, Səyyad Aran, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fuad Poladov, Afaq Bəşirqızı, Cabir Novruz, Aleksandr Ebonaidze, Andrey Bitov, Helen Qessen, Hətəm Quliyev, Məmməd Araz, Pasley Samık, Yamil Mustafin, Suyunbay Eraliyev, Loik Şirəli, Həmzə Xoşginabi, Məryəm Əlizadə (bu siyahını uzatmaq da olar) həmişə yazıblar və onun yaradıcılığını çox yüksək qiymətləndiriblər.
Texniki elmlər doktoru, professor Elçin İsgəndərli yazır: "Təkcə "İt intervyüsü" hekayəsinə görə Seyran Səxavətə Nobel mükafatı düşür".

Seyran Səxavət bu gün də əvvəlki gənclik eşqilə yazıb-yaradır. Allah onu Azərbaycan ədəbiyyatına və xalqına çox görməsin...

 

Tağı Türk 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər