Modern.az

İnsanları təşvişə salan spirtli içki təhlükəsi sovuşdu?

İnsanları təşvişə salan spirtli içki təhlükəsi sovuşdu?

Ölkə

3 Fevral 2020, 16:39

“Son zamanlar ən çox dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər daxil olur”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. O, qeyd edib ki, son günlərdə insanları təşvişə salan spirtli içki təhlükəsi artıq sovuşub:

 

“Bəzi günlərdə gecə saatlarında mərkəzə həddindən çox içki qəbul edən şəxsləri gətirirlər. Onlar isə içkinin tərkibinə görə deyil, həddindən artıq qəbul etdiklərinə görə problem yaşayırlar. Bunu zəhərlənmə kimi qəbul etmək düzgün deyil. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşır.

Bir müddət öncə məşhur restoranlarda baş verən spirtli içkilərdən kütləvi zəhərlənmələrin dərhal qarşısı alındı. Həmin zəhərli içkilər operativ tədbirlərlə müəssisələrdən yığışdırıldı”.

 

Baş toksikoloq hesab edir ki, dəm qazından zəhərlənmələr zamanı qazın tərkibinin təhlükəsi olduğunu iddia etmək, qaz cihazlarında  günah axtarmaq əsassızdır:

 

“Çünki hər yerdə istifadə olunan qaz, hər yerdə istifadə olunan cihazlar demək olar ki, eynidir. Qazdan və qaz cihazlarından istifadə edənlər diqqətli olmalı, təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Halbuki bir çox hallarda qayda-qanunu pozurlar. Zəhərlənmə də məhz bu təhlükəsizlik qaydalarına əməl etmədikdə baş verir”.

 

Ən çox qış aylarında rast gəlinən kustar üsulla hazırlanmış turşu məhsullarından zəhərlənmə təhlükəsinə gəldikdə isə Azər Maqsudov hələlik bu göstəricinin az olduğunu vurğulayıb:

 

“Turşudan zəhərlənmələr olduqda Bakıya gətirilən xəstələr toksikologiya şöbəsinə yerləşdirilmirlər. Bu gün Biləsuvar rayonunda bir ailənin bütün üzvləri pomidor turşusundan zəhərləniblər. Bakıya gətirilib, mərkəzimizin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Qış aylarında bu məhsullardan zəhərlənmə halları da çox baş verir. Bəziləri iddia edirlər ki, bu qış turşudan zəhərlənmə az olub. Amma hələ qarşıda fevral, mart ayları var və daha çox bu aylarda kustar üsulla hazırlanan turşular yeyilir. Xüsusilə, rayonlarda bu cür məhsullardan istifadə edən ailələr diqqətli olmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir