İndiki Xarici İşlər naziri Elmar Məmmədyarov da prosesdə iştirak edib
Dünən Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunmasının 28 ili tamam oldu.
1992-ci il martın 2-də ölkəmizin bu quruma üzv olması bizə nə qazandırıb?
1992-ci ilin 2 martında BMT-yə göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibində olmuş, hazırda Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov 28 il əvvələ qayıdaraq o zamankı xatirələrini Modern.az-la bölüşüb.
Onun sözlərinə görə, BMT-də iştirak etmək an məsələsi olub:
“Azərbaycanın bu mötəbər təşkilata üzv olması məqsədilə o zaman xarici işlər naziri Hüseynağa Sadıxov, hazırkı nazir Elmar Məmmədyarov və mən də daxil olduğum nümayəndə heyəti Nyu-Yorka ezam olunmasına dair qərar qəbul olundu.
Elmar müəllimlə mən hazırlıq işlərinin aparılması üçün bir neçə gün öncə ABŞ-a getməli idik.
O zaman indiki kimi texniki imkanlar yox idi. Geciksək üzv qəbul olunmayacaqdıq.
O zaman Xarici İşlər Nazirliyinin cəmi iki xidməti avtomobili var idi.
Məlum oldu ki, həmin maşınlar məşğuldu və hazırda Misirdəki səfirimiz Tural Rzayev öz şəxsi avtomobilində bizi hava limanına aparmağı təklif etdi.
Razılaşdıq və yola düşdük. İş elə gətirdi ki, avtomobil aeroport yolunda xarab oldu.
Təyyarəyə çata bilmək üçün məcburi şəkildə biz yoldan keçən ilk avtomobilin qarşısını kəsdik və o maşın bizi Moskva reysinə çatdırdı”.
Səfir bildirib ki, BMT-yə üzv olmaqla, Azərbaycan beynəlxalq səviyyədə informasiya blokadasını yarmağa nail oldu:
“Nümayəndə heyətimiz BMT-yə daxil olmağımızı bəyan edən rəsmi notanın orijinalını, dövlət bayrağımızı və himnimizi Nyu-Yorka aparmışdı.
Ölkəmizin BMT-nin Baş Qərargahında o zaman ofisi yox idi və bizə mənim sinif yoldaşım, Bakıda eyni məktəbi bitirdiyim və o zaman Nyu-Yorkda yaşayan Yuri Goryaçev kömək etdi.
Onun şəxsi kompüter və printerindən istifadə etməyimiz üçün bizə şərait yaratdı. Nyu-Yorka çatdığımız günün əvvəli Xocalı soyqırımı baş vermişdi.
Martın 2-də BMT-yə üzv olmağımız bizə imkan verdi ki, XİN-nin və Qafqaz müsəlmanları idarəsinin Xocalı soyqrımı ilə bağlı dünya ictimaiyyətinə ünvanlanmış bəyanatlarını rəsmi olaraq BMT çərçivəsində yayılmasına nail olaq.
Azərbaycanın mövqeyi rəsmi qaydada BMT-yə üzv ölkələrin hamısına çatdırıldı.
BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırıldı. Növbəti gün nazir Hüseynağa Sadıxov və ümayəndə heyəti üzvləri də daxil olmaqla BMT-də xarici jurnalistlər üçün mətbuat konfransı təşkil olundu.
Azərbaycan artıq beynəlxalq səviyyədə informasiya blokadasını yarmağa nail oldu”.
Fəxrəddin Qurbanov qeyd edib ki, Azərbaycanın BMT kimi beynəlxalq təşkilata üzv qəbul olunması xeyli üstünlüklər verib:
“Azərbaycan-BMT münasibətləri ötən 28 ildə maraqlı və zəngin tarixi yol keçib. Ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir.
BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib.
BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.
Azərbaycanın BMT-yə üzv qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb.
Yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib məsələ idi.
1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin qısa müddət ərzində həm təşkilatın özü, həm də ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə səmərəli əməkdaşlığın qurulmasına imkan yaradıb.
BMT ilə Azərbaycanın əməkdaşlığı 28 ildir ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir.
Bu, həm BMT, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesin daha da sürətlənəcəyinə hər birimizdə tam əminlik var”.