Modern.az

“İlham Əliyev xalqın içərisində özünü onlardan ayırmır” - Zahid Oruc

“İlham Əliyev xalqın içərisində özünü onlardan ayırmır” - Zahid Oruc

Ölkə

5 Mart 2020, 13:30

Ötən gün ölkə başçısı Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşdə, onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.

 

Prezident bildirib: "Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz”.

 

Ölkə başçısının bu addımı xalq tərəfindən də böyük etimadla qarşılanıb. İdarəetmənin ən yüksək pilləsində olan bir şəxsin belə addım atması və özünü sadə vətəndaşlardan ayırmaması heç şübhəsiz ki, öz kreslolarından bərk-bərk yapışan və dəb-dəbə hayında olan məmurlara da nümunə olmalıdır.

 

Maraqlıdır, bu davranış “əlçatmaz zirvə”yə dönüşən, gözü yüksəklərdə və ancaq maliyyə axtarışında olan məmurlara da nümunə olacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc prezidentin bu addımının xalqa qarşı cinayət əməlləri törədən, özbaşınalıq edən məmurlara nümunə olduğunu deyib:

 

“Prezidentin 10 il ərzində siyasi dəst xəttini, həyata baxışındakı ali keyfiyyətləri komandası və Azərbaycan üzərində yerinə yetirdiyi missiyanın təhlilində hər zaman görməkdəyik. Bura sadəlik, mehribanlıq, mərdlik və dövlətin ağır yükünü çiyinləri üzərinə götürmək bacarığı və s. aiddir. Bu gerçəkliyin parlaq nümunəsinə biz prezidentin Tovuzda görüşündə də şahid olduq. Ölkə rəhbəri məhz gənclərlə görüşdə onu xüsusilə fərqləndirmək istəyən qüvvələr, şəxslərə öz iradını açıq şəkildə bildirdi. Elə hesab edirəm ki, bu haqlı olaraq vətəndaşlara qarşı cinayətlərə yol verən bölgə və rayon rəhbərləri üçün nümunədir. Xüsusilə Ağstafada yaşanan son hadisələr də buna deməyə əsas verir. Ağstafa həm də strateji məkandır, çünki Ermənistanla təmas xəttinə yaxındır. İlham Əliyevin atdığı bu addım bütün hakimiyyətin qolları üçün nümunəvi dərs və hərəkət idi. Prezidentin kabinetinin bu aylar ərzində bütövlükdə Azərbaycan xalqının üzünə açıq olması, hər hansı sahə rəhbərlərinin qəbulu və göstərişlərin verilməsi də ölkə rəhbərinin sadə vətəndaşların, xalqın yanında olmasının göstəricisidir. Onu da deyim ki, hər bir azərbaycanlı görür ki, həmin kabinet çox sadədir və xüsusi təm-təraqlı heç nə yoxdur. Ölkə rəhbəri istənilən şəraitdə insanlarla onun arasında olan məsafəni tez qaldırır, xalq çox rahatlıqla onunla olan görüşlərdə şəkil çəkdirə bilir. Prezident də yumor hissi ilə təbəssümlə xalqa yanaşaraq, yaxınlıqdan imtina etmir”. 

 

Z.Oruc bahalı mebellərin, kreslonun məmur çəkisini artırmadığını bildirib:

 

“Hesab edirəm ki, ədəbiyyat və filmlərimizdə kreslo ifadəsi xeyli dərəcədə simvolik məna daşıyır. Bununla əlaqədar insanların müxtəlif təşbeh və yanaşmaları mövcuddur. İctimai fikirdə indi bu söz özünə geniş yer edib. Ölkə rəhbəri hazırki situasiyada sübut edir ki, o gənclərlə eyni stulda əyləşərək, onları fərqli dəyərlər ətrafında toplamağa çalışır. İlham Əliyev bu addımla ən adi stuldan belə dövlətin yönləndirilməsinin mümkün olduğunu gənclərə bildirmək istəyir. Sadəlik məmur, həkim, parlament üçün xalqa xidmətin əsas meyarına çevrilməlidir. Bağlı kabinetlər, bahalı mebellər hər hansı şəxsin çəkisini artırmır. Şəxsə ağırlıq verən, onu xalqın gözündə ucaldan, onu toxunulmaz edən məhz insani keyfiyyətlərdir. İlham Əliyev Rusiyanın mühüm saraylarında, Parisin Yelisey sarayında dövlət rəhbərləri ilə yüksək protokol görüşlərini həyata keçirir, amma xalqın içərisində özünü onlardan ayırmır, sadə vətəndaş kimi özünü hiss etdirir və bunu da digər məmurlar üçün qanuna çevirir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir