Modern.az

“Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” - İlham Əliyev

“Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” - İlham Əliyev

10 Mart 2020, 21:13

"Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında vurğulayıb.

Dövlət başçısı bildirib ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz: "Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.

Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".

 

İlham Əliyev  bildirib ki, parlamentin sosial sahə ilə bağlı fəaliyyəti çox fəal olmalıdır: "Bu sahə də bizim üçün prioritetdir, həmişə olduğu kimi. Qeyd etdiyim kimi, keçən il önəmli addımlar atıldı, bu il də davam etdiriləcək".

“Xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulur. Ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayı artmalıdır, mənim göstərişimlə orada müvafiq metodologiyada düzəlişlər edilir. Çünki əvvəlki metodologiya həqiqəti əks etdirmirdi və hər ailəyə verilən məbləğ də artmaqdadır. Məcburi köçkünlərə bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir. Şəhid ailələrinə 1 500 mənzil veriləcək, bu da rekord göstəricidir. Keçən il 934 mənzil verilmişdi”,- deyə dövlət başçısı qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza