Modern.az

Nə dəyişdi ki, həmməruzəçilər də dəyişdi?

Nə dəyişdi ki, həmməruzəçilər də dəyişdi?

Ölkə

18 İyun 2012, 12:36

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru  

«Azərbaycanda ildən-ilə demokratiyanın və insan hüquqlarının vəziyyəti pisləşir. Azərbaycan hökuməti vəziyyəti müsbətə dəyişmək əvəzinə, sərt idarəetmə metodunu gücləndirir». Bu fikirlər demək olar ki, Azərbaycanda insan hüquqları və demokratiyanın durumu ilə bağlı hesabat hazırlayan beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqeyidir.

Bəs nə baş verir ki, vəziyyətin dözülməz olduğunu elan edən Avropa İttifaqı, «Amnesty İnternational», «Fredom House», «Human Rights Wathç» kimi nüfuzlu qurumlardan fərqli olaraq, Avropa Şurası bu məsələdə fərqli mövqedədir? Bakıda səfərdə olan AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Aqramunt və Qrex bir kəlmə də olsun problemlərdən danışmağa cəsarət etmir.

Məhz buna görə də siyasi partiyalar və vətəndaş cəmiyyəti qurumları Avropa Şurası kimi təşkilatın korrupsiyalaşdığını iddia edir. Hətta bir az da irəli gedən Leylu Yunus həmməruzəçiləri hökumətdən rüşvət almaqda ittiham etdi.

Axı bir zamanlar Avropa Şurasının Azərbaycanda insan hüquqları və demokratiya istəyi, buna görə, hökuməti davamlı tənqid etməsi unudulmayıb. Ötən müddət ərzində nə dəyişib ki, bu qurum hökumətə qarşı yumşalıb. Dəyişən tək bir şey var. O da Azərbaycanda vəziyyətin ötən illərlə müqayisədə yaxşılaşmaması. Əgər ölkədə 2006-ci ilə qədər sərbəst toplaşmaq azadlığı qismən təmin olunurdusa, indi bu hüquq birmənalı qadağan olunub.

İndiyədək minlərlə vətəndaş sərbəst toplaşmaq azadlığı  hüququ pozulmaqla yanaşı, qanunsuz həbslərə məhkum edilib. Xeyli sayda vətəndaş bu hüququnu gerçəkləşdirmək istəyərəkən dövlət orqanlarının nümayəndələri tərəfindən fiziki zorakılıqlara məruz qalıb.

Axı, Avropa Şurası ilə hökumətin münasibətinin gərgin olduğu dönəmlərdə indi olduğu kimi vətəndaşların mülkiyyət hüquqlarına dövlət tərəfindən qəsd həyata keçirilmirdi.

Axı, Avropa Şurası ilə münasibətlərin gərgin olduğu dönəmdə Azərbaycanda ikinci bir jurnalist qətl edilməmişdi.

Axı, Avropa Şurası ilə münasibətlərin gərgin olduğu dönəmdə müxalifət liderləri davamlı istintaq orqanlarına çağrılmırdı.

Bu kimi nümunələri çox göstərmək olar.

Bakıda olduqları müddət ərzində davamlı tənqid atəşinə tutulan AŞ PA həmməruzəçilərinin jurnalisitlər tərəfindən verilən suallara susqunluq nümayiş etdirmələri bu şübhələri artırmış oldu.

Bəndənizin hər iki həmməruzəçiyə «Andreas Qross və Anres Herkelin həmməruzəçi olduğu dönəmdən bəri heç nə dəyişməsə də siz niyə onlardan fərqli bəyanatlar səsləndirsiniz» sualı da Aqramunt və Qrex tərəfindən cavabsız qaldı.

Aqramunt və Qrexin Azərbaycandakı vəziyyətlə bağlı açıqlamalarını sanki Milli Məclisin «bitərəf» deputatlarının fikirləri ilə eynilik təşkil edir. Həmin deputatlar nə qədər müstəqil, azad fikirlidilərsə, AŞ PA-nın həmməruzəçiləri də bir o qədər azad düşüncəlidirlər.

Azərbaycan hökumətinin ölkənin neft gəlirlərindən  həm də özünün siyasi təhlükəsizliyi üçün xarici lobbi təşkilatlarına xərcləməsi sirr deyil. Məhz buna görə də AŞPA həmməruzəçilərinin «ələ alınması» kimi iddialara ciddi yanaşmaq doğrudur.

Hüquq müdafiəçisi Leyla Yunusun onların dəyişdirilməsi təşəbbüsünə isə dəstək vermək hər bir vətəndaş cəmiyyəti qurucusunun borcu olmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək