Əziz Ələkbərli
Əvvəli burada...
M.C.Bağırov deportasiya ilə bağlı məktuba necə oldu qol çəkdi?
Bundan sonra ermənilər növbəti məkrli plana əl atırlar, xaricdən "köçüb gələn" ermənilərin məskunlaşdırılmasındakı çətinlikləri guya aradan qaldırmaq məqsədilə Ermənistanda yaşayan azərbaycanlı əhalinin bir hissəsinin Azərbaycanın Kür-Araz ovalağına köçürülməsi ideyasını ortaya atırlar. Bu işdə onlara Moskvada nüfuz sahibi olan A.Mikoyan, L.Beriya və Deqanazov (Deqanazyan) böyük köməklik göstərirlər. Azərbaycanda Mingəçevir SES-in tikilməsi ilə əlaqədar 600 min hektar suvarılacaq yeni torpaq sahəsinin istismarı zərurətini bəhanə gətirərək M.C.Bağırovu da bu işə razılıq verməyə sövq edirlər. Beləliklə, Ermənistan KP MK-nın birinci katibi Q.Arutunyov və Azərbaycan rəhbəri M.C.Bağırov 10 dekabr 1947-ci il tarixli aşağıdakı məktubla İ.V.Stalinə müraciət edirlər:
“İ.V.Stalin yoldaşa
Son illər Azərbaycan və Ermənistan Respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri nəticəsində meydana çıxmış bir sıra məsələlələr üzrə fikir mübadiləsi etdikdən sonra aşağıdakı təkliflərlə Sizə müraciət edirik.
Mingəçevir sisteminin həyata keçirilməsi zamanı suvarılma nəticəsində yeni torpaq sahələrinin meydana gəlməsi və pambıqçılıq rayonlarının mövcud kolxozlarında işçi qüvvəsinin çatışmaması, habelə pambıq məhsuldarlığının yüksəldilməsi vəzifəsi Azərbaycan SSR- nin bu rayonlardakı əhalisinin artırılması məsələsini ortaya çıxarır.
Ermənistanda yaşayan azərbaycanlı əhalinin 130 min nəfər miqdarında həmin rayonlara köçürülməsi bu məsələnin real həlli ola bilərdi.
Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi xarici ölkələrdən öz vətənlərinə qayıdan ermənilərin qəbul edilməsi və yerləşdirilməsi vəzifəsini xeyli asanlaşdırmış olardı.
Azərbaycanlı əhilinin köçürülməsi nəticəsində boşalan torpaqlar və mənzillər Ermənistana qayıdan xarici ermənilər sırasından olan kəndlilərin məskunlaşdırılması üçün istifadə oluna bilərdi.
Bu mülahizələrə əsaslanmaqla Sizin sanksiyanızı xahiş edirik:
Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-nin əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsinə və boşalmış torpaqları və mənzilləri xarici ölkələrdən Ermənistan SSR-ə qayıdan ermənilərin qəbul edilməsi və yerləşdirilməsi üçün istifadə olunmasına;
Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetinə köçürülmə qaydalarının işlənib hazırlanmasına, habelə köçürülmənin həyata keçirilməsinə rəhbərlik edilməsi üçün birgə komissiyanın yaradılmasına icazə verilməsinə;
Bu tədbirlərlə əlaqədar xərclərin İttifaq büdcəsinə götürülməsinə.
Azərbaycan K(b)P MK ka tibi (M. C.Bağırov)
Ermənistan K(b)P MK katibi (Q.A.Arutyunov)
10 dekabr 1947-ci il“
Bir neçə gün sonra isə – 23 dekabr 1947-ci il tarixdə İ.V.Stalin həmin məktub əsasında "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında“ aşağıdakı qərarı imzalayır:
“SSRİ NAZİRLƏR SOVETİ
QƏRAR N 4083
23 dekabr 1947-ci il, Moskva, Kreml.
Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında
SSRİ Nazirlər Soveti QƏRARA ALIR:
1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min kolxozçu və başqa azərbaycanlı əhali könüllülük əsasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün; onlardan: 10 min nəfər - 1948-ci ildə, 40 min nəfər - 1949-cu ildə və 50 min nəfər - 1950-ci ildə.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın: - a) kolxozçular və digər azərbaycanlı əhali arasında Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərə dövlətin yaratdığı şərait və verdiyi güzəştlər barədə izahetmə işləri təşkil edilsin;
- b) kolxozların köçkün-kolxozçulara, onların yola düşməsinə 10 gün qalmasından gec olmayaraq, qazandıqları əmək günlərinin kolxozların istehsalat planları ilə nəzərdə tutulmuş ölçülərdə haqq-hesabı təmin edilsin;
- v) köçkünlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal- qaranın və quşların daşınması təmin edilsin.
Nazirliklərin və baş idarələrin, idarə və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçən şəxsləri işdən azad etsinlər.
Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürüləcək azərbaycanlı əhali üçün aşağıdakı güzəştlər müəyyən edilsin: - a) köçürülən hər ailəyə 2 ton ev əşyası və kənd təsərrüfatı heyvanlarını aparması üçün dövlət hesabına pulsuz gediş təmin edilsin;
- b) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürüləcək kolxozçulara, məcburi süd tədarükü üzrə güzəşt istisna olmaqla, «Kənd təsərrüfatında köçürmə işləri üzrə güzəştlər haqqında» SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin 1937-ci il 17 noyabr tarixli 115/2043 nömrəli qərarı şamil edilsin;
- v) köçmə zamanı köçkünlərin ailələrinə qaytarılmamaq şərti ilə ailə başçısına 1000 manat və ailənin hər bir üzvünə 300 manat məbləğində müavinət verilsin;
- q) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülmüş ailələrin məskunlaşdığı yerlərdə ailə başçısına 1,5 sentner və hər bir ailə üzvünə 0,5 sentner nəğd hesabla ərzaq taxılı satılsın.
Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə, məskunlaşacağı yerlərdə mübadilə qəbzi əsasında həmin miqdarda məhsul və mal-qara almaq hüququnu saxlaması ilə, tərk etdikləri yerlərdə tədarük təşkilatlarına kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə daşınması qadağan edilmiş mal-qaranı təhvil verməsinə icazə verilsin.
Kənd təsərrüfatbanka tapşırılsın; - a) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərdən ehtiyacı olanlara ev tikmək və həyətyanı tikinti üçün 20 min rubl məbləğində, kreditin alındığından 3 il sonra başlayaraq 10 il müddətində ödəməklə kredit verilsin;
- b) ehtiyacı olan köçkünlərə hər ailəyə, ssuda alındıqdan sonra, üçüncü ilindən başlayaraq ödənilməklə mal-qara almaq üçün 3 min rubl məbləğində uzunmüddətli ssuda verilsin.
Dəmir Yolları Nazirliyinə bir vəzifə olaraq tapşırılsın: - a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri əsasında azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə daşınması xüsusi düzəldilmiş eşalonla dezinfeksiya edilmiş və avadanlıqla təchiz olunmuş vaqonlarda təmin edilsin;
- b) köçkünlərin köçdükləri yerlərdə vaqonlara görə ödəniş tutulmadan Dəmir Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafik üzrə Yollar İdarəsi vaqonların göndərilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesabı Dəmir Yol İdarəsi tərəfindən təqdim edilmiş, hesabdan mərkəzləşdirilmiş şəkildə həyata keçirilsin.
SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, çıxış yerlərində bütün köçkünlərin tibbi müayinədən keçirilməsini və onlara yol boyunca tibbi-sanitar xidməti göstərilməsini təmin etsin.
Eşalonu müşayiət etmək üçün tibbi personal və lazımi dərman ayrılsın.
SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan SSR-nin 1948-ci il büdcəsində Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-ə köçürülməsini təmin etmək üçün lazımi xərcləri nəzərdə tutsun.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən köçürülən əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsini və yerləşdi- rilməsini təmin etmək üçün bu qərarın icrası ilə əlaqədar olaraq bir ay müddətində birgə konkret tədbirlər planı işləyib hazırlasınlar və onlar haqqında SSRİ Nazirlər Sovetinə məlumat versinlər.
Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.
SSRİ Nazirlər Sovetinin sədri: İ.Staiin.
SSRİ Nazirlər Soveti İşlər İdarəsinin rəisi: Y.Çadayev.“
1948-ci il martın 10-da isə həmin qərarın yerinə yetirilməsinə dair tədbirlər planı barədə ikinci qərara imza atılır.
Həmin qərarın da tam mətnini oxuculara təqdim edirik:
“SSRİ NAZİRLƏR SOVETİ
QƏRAR N 7754
10 mart 1948-ci il , Moskva, Kreml.
Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında
SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il 4083 N:-li Qərarına əlavə olaraq QƏRARA ALIR:
Azərbaycan SSR-nin Kür-Araz ovalığına tam heyətdə köçürülən kolxozlara köməkçi müəssisələrdən (dəyirmanlar, yarma maşınları, elektrik stansiyaları) və başqa mədəni-məişət tikililəri istisna olmaqla, istifadələrində olan bütün istehsal vasitələrini (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşquları, bütün növdən olan mal-qaranı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və digər əmlakı, habelə, natural və digər fondları) özləri ilə aparmalarına icazə verilsin.
Müəyyən edilsin ki, kolxozçuları Azərbaycan SSR-nin Kür- Araz ovalığına köçürülən Ermənistan SSR kolxozları, köçmə anına qədər onların payına düşən daşınar əmlakı (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşquları, bütün növdən olan mal-qaranı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini, natural və digər fondları) köçkünlərin daxil olduğu kolxozlara verir, onların payına düşən əmlak (çoxillik ağaclar, dəyirmanlar, elektrostansiyalar və digər təsərrüfat və məişət tikililəri) payının dəyərini Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təyin etdiyi vaxtda onların yerləşdikləri kolxozların hesablarına köçürürlər.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR- dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçən kolxozlar, kolxozçular və digər azərbaycanlı əhali ilə onların Ermənistan SSR-də qoyduqları daşınmaz əmlaka görə bir ay müddətində haqq-hesab qaydalarını müəyyən etsinlər.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR- dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən köçkün- kolxozçulara, eyni zamanda fəhlə və xidmətçilərə çıxdıqları yerdə onlara məxsus evləri satmaqda kömək etsinlər.
Azərbaycan SSR Nazirlər Soveti yanındakı Kolxoz təsərrüfatlarının köçürülməsi və əhalinin təxliyəsinin təsərrüfat quruluşu üzrə şöbəsinin Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinə çevrilməsi məqsədəuyğun hesab edilsin.
Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsinə köçürülən kolxozlara və köçürülən kolxozçulara tikinti materiallarının təminatında kömək, eyni zamanda göstərilən köçkünlərin yaxşı yerləşdirilməsi üçün lazım olan köməkçi müəssisələrin tikintisində texniki kömək göstərməsi tapşırılsın.
Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Kənd Təsərrüfatı Nazirliyinə «Azərköçürmətinki» kontoru əsasında Kür-Araz ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsi tabeliyində «Azər- köçürmətikinti» tresti yaratmasına və eyni zamanda həmin trestin nəzdində Salyan, Əli-Bayramlı, Sabirabad və Puşkin məntəqələrində tikinti-quraşdıma kontorları təşkil etməsinə icazə verilsin.
Azərbaycan SSR Nazirlər Sovetinə icazə verilsin: - a) Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürüləcəyi müddətdə Ermənistan SSR-də (Yerevan ş.) nümayəndəliyini təşkil etsin;
- b) 1948-ci ildə Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür- Araz ovalığına azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqadar olaraq hazırlıq işlərinin (layihələşdirmə, köməkçi müəssisələrin tikintisi, meşəsənayetəsərrüfatının təşkil edilməsi, nəqliyyat vasitələri, tikinti avadanlıqları və materiallar alınması) həyata keçirmək üçün 1948-ci ildə respublika üzrə mərkəzləşdirilməmiş (li- mitdənkənar) kapital işləri üçün nəzərdə tutulmuş vəsaitdən 11 mln. rubl xərclənilsin;
- v) 1948-ci ildə Molotov vilayətində ağac tədarükü işlərinə və Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsinin apardığı işlərə respublikanın kənd əhalisindən 700 nəfərdən ibarət mütəşəkkil yığım həyata keçirilsin.
Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsinə icazə verilsin: - a) 1948-ci ildə qurğular, binalar və yardımçı müəssisələrin tikintisi işləri, eyni zamanda köçürülən tikintisinin, Kənd təsərrüfatı bankı ilə razılaşdırılmış smeta-maliyyə haqq-hesabı üzrə daha da genişləndirilməsi üçün hazırlıq tədbirləri həyata keçirilsin;
- b) 1948-1950-ci illərdə Molotov vilayətindəki meşə sənayesi təsərrüfatının istehsalat gücü ildə 100 min kubmetr işlək taxta həcmində artırılsın.
SSRİ Meşə Təsərrüfatı Nazirliyi Molotov vilayətinin üçüncü qrup meşələrindəki meşə-xammal bazasını müvafiq olaraq Azərbaycan SSR-nin Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadəsi İdarəsinə müvafiq olaraq təhkim edilsin.
SSRİ Dövlət Təchizat Komitəsinə, Avtomobil və Traktor Sənayesi Nazirliyinə, Maşınqayırma və Cihazqayırma Nazirliyinə, Elektrosənaye Nazirliyinə, SSRİ Ət və Süd Sənayesi Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsi üçün Əlavəyə müvafiq olaraq avadanlıqlar və materiallar göndərsinlər.
Azərbaycan SSR Nazirlər Soveti ilə razılaşdırmaqla Mərkəz ittifaqa bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən kolxoz və kolxozçulara satmaq üçün Azərbaycan SSR-ə tikinti materialları və avtomaşınlar gətirsinlər.
Nəqliyyat Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR-nin Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsi üçün Azərbaycan SSR-nin Lənkəran, Salyan, Sara- calar, Saatlı, Qırmızıkənd, Daykənd, Papanin, Yeni Osmanlı, Daş- burun, Ucar və Masallı dəmiryol stansiyalarında, dəmir yolunun ixtiyarında olan sahələr hüdudlarında yükboşaltma və rels anbarları üçün yükləmə-boşaltma meydançalarına dalanların çəkilməsi ilə hər biri 600 metr uzunluğunda sahə ayrılmasını təmin etsin.
Göstərilən işlərin həyata keçirilməsi Azərbaycan SSR Kür-Araz Ovalığı Suvarılan Torpaqların İstifadə İdarəsinə həvalə edilsin.
SSRİ Kənd Təsərrüfatı Nazirliyinə 1948-ci ildə Azərbaycan SSR-nin Nazirlər Soveti üçün Azərbaycan SSR ağac tədarükü təşkilatlarına satmaq üçün at zavodlarında çıxdaş edilmiş 50 at ayırmağa icazə verilsin.
SSRİ Nazirlər Soveti yanında Dövlət ştat komissiyasına tapşırılsın ki, bir ay müddətində Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinin, «Azköçürmətikinti» trestinin və onun tikinti-quraşdırma kontorlarının, eyni zamanda Ermənistan SSR Yerevan şəhərindəki Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəliyinin ştat cədvəlinə baxsın və təsdiq etsin.
SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin.
SSRİ Nazirlər Soveti İşlər İdarəsinin rəisi Y.Çadayev.”
Bu qərarlarda Ermənistanda yaşayan azərbaycanlıların könüllülük əsasında köçürülməsi xüsusi qeyd olunsa da, əslində, bu, gözdən pərdə asmaq üçün idi. Xüsusilə strateji məntəqələrdə adamlar köçürülməyə Stalin dövrünə xas qəddarlıqla məcbur edilirdilər. Belə məntəqələr sırasına şəhər və şəhərətrafı, dəmiryol stansiyalarına yaxın, magistral avtomobil yollarının üstündəki yaşayış məntəqələri daxil idilər. 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı mübarizliyi ilə fərqlənən azərbaycanlı bölgələri ilkin olaraq ermənilərin qara siyahılarına düşmüşdü. Təsadüfi deyil ki, bütün Ermənistanda ermənilər 1948-ci il köçürülməsinə məhz Vedibasar mahalından – mahalın dağlıq hissəsi olan Qarabağlar rayonundan başladılar və kəndlərində Abbasqulu bəyin silahdaşlarının böyük bir hissəsinin yaşadığı Qarabağlar rayonu bütünlüklə ləğv edildi, kəndlər yer üzündən silindi.
Bu faciəni 1948-1953-ci illərdə Qərbi Azərbaycandan köçürülmüş bütün bölgələrimiz və bütün soydaşlarımız yaşadı. Deportasiya 3 il – 1948-1950-ci illər üçün nəzərdə tutulmuşdu, lakin 5 il davam etdi, 100 min soydaşımızın köçürülməsi nəzərdə tutulmuşdu, lakin 150 min insanımız bu deportasiyanın qurbanı oldu.
Son.