Modern.az

Rövşən Əkbərov Milli Qəhrəman  adından və general rütbəsindən MƏHRUM EDİLƏ BİLƏR

Rövşən Əkbərov Milli Qəhrəman  adından və general rütbəsindən MƏHRUM EDİLƏ BİLƏR

16 Mart 2021, 16:36

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib. Məlumata görə, R.Əkbərov iş adamı Elçin Əliyevin 19 il əvvəl Kiyevdə baş verən qətlində günahlandırılır. O, Ukrayna hüquq-mühafizə orqanının məlumatı əsasında saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

General Rövşən Əkbərov müdafiə naziri Zakir Həsənovun əmriylə ötən ay ordu sıralarından ehtiyata buraxılıb.


Qeyd etdiyimiz kimi, R.Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona Prezidentin (mərhum Heydər Əliyev)  5 oktyabr 1994-cü il tarixli fərmanı ilə verilib.

R.Əkbərov 2011-ci ildən orduda birlik komandiri vəzifəsini tutub. İki dəfə "Azərbaycan Bayrağı" ordeni ilə, bir neçə dəfə isə müxtəlif orden və medallarla təltif edilib.


Ancaq İkinci Qarabağ müharibəsi müddətində onun adı heç bir döyüş əməliyyatında hallanmayıb və sonradan təltif edilənlər sırasında da olmayıb.


Bəs cinayət işi üzrə təqsirli bilinən Rövşən Əkbərov hansı halda Milli Qəhrəman adından məhrum edilə bilər?


Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, mükafatlardan məhrumedilmə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə mümkündür:

 

“Bu zaman məhkəmə mükafatı verən struktura müraciət edərək, şəxsin həmin mükafatdan məhrum edilməsini istəyir.Məlum olduğu kimi, fəxri adların verilməsi yalnız ölkə başçısının səlahiyyətinə daxildir. Buna görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cənab Prezident onu Milli Qəhrəman adından məhrum edə bilər”.

 

Hüquqşünasın sözlərinə görə, R.Əkbərov eyni zamanda, general rütbəsindən də məhrum edilə bilər:


“Bununla bağlı da qərarın verilməsi məhkəmə təqdimatı əsasında Prezidentə məxsusdur”.

 

Hazırda Azərbaycanda 218 nəfərin Milli Qəhrəman adı var.

Daha əvvəl isə 2 nəfər Milli Qəhrəman adından məhrum edilib. Bunlar keçmiş baş nazir Sürət Hüseynov və Goranboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri Rasim Əkbərovdur.

Surət Hüseynova Milli Qəhrəman adı 1992-ci il oktyabrın 8-də mərhum eks-prezident Əbülfəz Elçibəy tərəfindən verilmişdi. Həmin dövrdə Surət Hüseynov baş nazirin müavini, prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, ordunun korpus komandiri vəzifələrində çalışıb.

S.Hüseynov 1993-cü il 4 iyun qiyamının əsas rəhbəri olub. Prezident Əbülfəz Elçibəyin hakimiyyəti məhz Surət Hüseynovun 1993-cü ilin iyun ayında qaldırdığı hərbi qiyamla devrilib.
Bundan sonra Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri Heydər Əliyevin imzaladığı 1993-cü il 30 iyun tarixli fərmanla Surət Hüseynov baş nazir təyin olunub.

1994-cü il oktyabrın 6-da Surət Hüseynov Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən azad edilib.
1994-cü il oktyabrın 14-də Milli Məclis Surət Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib.

1997-ci ildə həbs edilən S.Hüseynov məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə Surət Hüseynov azadlığa buraxılıb.


Polkovnik-leytenant Rasim Əkbərova Prezidentin (Əbülfəz Elçibəy) 23 iyun 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
Lakin 2001-ci ildə dövlət çevrilişinə cəhddə günahlandırılıb həbs ediləndə Azərbaycan prezidentinin 537 saylı fərmanı ilə Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Məhkəmə ona 15 il həbs cəzasə kəsmişdi.
R.Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum