..."Sən kimsən bə adam". Yəqin ki, bu sözləri türkçülüyün gözdən salınmasına, "yeni osmanlıçılığın" təbliğinə xidmət edən "Möhtəşəm yüz il" adlı teleserialın sözün bütün mənalarında dönük qəhrəmanlarından birinin - Səfəvi hökmdarı Təhmasib şahı "dəyyus" adlandıran "payqalı İbrahim"in "təqdimatında" dinləyənlər az deyil.
Türkiyənin Ədalət və İnkişaf partiyasının təbliğat ruporlarından biri olan Star TV-də yayımlanan bu teleserialın Azərbaycanda da izləyicilərinin yetərincə olduğunu bilirəm. Elə bu layihənin dini-siyasi ideya müəlliflərinin də serialın Qüzey və Güney Azərbaycanda diqqətlə izləniləcəyini öncədən hesabladıqlarına əminəm. Şah İsmayıl Xətainin, Təhmasın adı az qala hər bölümdə əbəs yerə hallandırılmır ki...
Qanuni Süleymanın "xəlifə", "cahan hökmdarı" adlandırıldığı bu serialda həmin dövrdə baş verən ərəb üsyanlarından, ərəb əsilli hakimlərin xəyanətlərindən bircə kəlmə də danışılmır. AKP hakimiyyətə gələnədək Türkiyədə ən aşağılayıcı ifadə kimi işlədilən "ərəb olum" deyimi artıq əvvəlki kimi dəbdə deyil. İndi ölkənin hakim zümrəyə yaxın olan, yaxud yaxın olmağa çalışan siyasi elitasının təmsilçiləri öz soy-köklərində "ərəb genləri" tapmaq üçün yarışa çıxıblar. İndi Türkiyədə siyasi olimpin ətrafına yaxın düşmək üçün ərəb olmaq daha çox dəbdədir...
Teleserialda Səfəvi dövlətinin "əcəm ölkəsi" adlandırılması da məhz AKP-nin Türkiyə cəmiyyətinə sırıdığı ideoloji sapıntıdan qaynaqlanır. Doğrudur, Türk Dil Qurumunun bəzi yozumlarında "əcəm" sözünün həm də İran, iranlılar və Azərbaycan türkləri anlamına gəldiyi vurğulanır. Lakin klassik ərəb sözü olan "əcəm" ifadəsi bu sözün aid olduğu dildən tərcümədə "ərəb olmayan", yaxud "soy-kökü olmayan" kimi mənasını verir.
...O ki, qaldı serialda şah Təhmasın ünvanına işlədilən dəyyus kəlməsinə, bu söz ərəbcədən tərcümədə "aradüzəldən", "xəyanətə göz yuman kişi" anlamına gəlir. Bu baxımdan, Sultan Süleymanın teleserialda təqdim olunan hərəmxanasında baş verənlərə diqqət yetirsək, kimin, yaxud kimlərin daha çox dəyyus olduğunu açıq-aşkar görə bilərik.
Maraqlıdır, görəsən Türkiyə telekanallarıyla yayımlanan bəzi teleseriallarda tarixi hadisələrin təhrif olunması, tarixi şəxsiyyətlərin aşağılanması və bir-birinə qarşı qoyulması nədən və haradan qaynaqlanır? Bu bir təsadüfdür, yoxsa modern bektaşilik - yeni osmanlıçılıq ideyası ardıcıllarının bilərəkdən səpdikləri təfriqə toxumları? Əslinə bu prosesin vahid bir mənbədən idarə olunduğunu, Türkiyə ilə yanaşı Azərbaycanda da həyata keçirilməsi məqsədilə çeşidli cəhdlər göstərildiyini hiss etmək üçün bəsirət sahibi olmaq da lazım deyil. Babəkə "sapıq", Xətaiyə "fitnəkar", "bölücü", Nəsimiyə "gerilikçi" deyənlərin timsalında və təqdimatında son məqsəd çılın-çılpaq göz önünə sərgilənib, zatən...
Yeni Osmanlıçılar üçün Güney, Qüzey, yaxud Bütöv Azərbaycan anlayışı yoxdur. Onlar Azərbaycan adlı əraziyə Osmanlı coğrafiyasının tərkib hissəsi kimi baxır, Azərbaycan türklərinin milli düşüncəsinin, milli dövlətçilik ənənələrinin formalaşmasında xidmətləri olan hər kəsi hədəfə alır, aşağılayır, əvəzində isə mutant osmanlı təfəkkürünün daşıyıcısı olan şəxslərin obrazlarını süni bir şəkildə qabardır, gözə soxurlar.
Hə üçün Babək? Çünki Babək Azərbaycan türklərini birləşdirən, onların azad düşüncəsini, azad ruhunu simvolizə edən bir qəhrəmandır! Babəkin azadlıq fəlsəfəsini dərk edən və onu qiymətləndirən insanı əzmək, ayrı-ayrı ideologiyaların köləsinə çevirmək mümkünsüzdür. Ortalıqda mütiliyə, əbdallahlığa, şahsevənliyə meydan oxuyan "Bir gün azad yaşamaq qırx il qul kimi ömür sürməkdən daha yaxşıdır" fəlsəfəsi, sonadək mübarizə aparmaq, əyilməmək, sınmamaq, geri çəkilməmək, məfkurənə sadiq qalmaq əxlaqı var.
Hə üçün Xətai? Çünki Xətai Azərbaycan türklərinin imperiya yaratmaq və idarə etmək bacarığını ifadə edir. Xətai və onun yaratdığı Səfəvilər dövləti, eləcə də bu dövlətin həyata keçirdiyi missiyanın gerçək milli mahiyyəti Azərbaycan türklərinin statusunu dövlət quran, imperiya yaradan xalqlarla eyniləşdirir və deməli sayı 50 milyonu ötən soydaşlarımızın özünəinam hissini artırır. Tarixilə qürur duyan, özünə güvənən milləti isə əritmək, assimilyasiya etmək mümkün deyil.
Bəs nə üçün Nəsimi? Nəsimi fəlsəfəsi şübhəsiz ki, Azərbaycan türklərinin milli şüurunun formalaşmasında mühüm rol oynayıb. Həsimi özünə və dövlətinə sahib çıxmağı bacaran Azad Millət anlayışının təməl sütunu olan Azad İnsan fəlsəfəsinin yaradıcılarından biri və birincisidir. Nəsimi Azərbaycan poeziyasının Babəkidir! Azadlıq mücəssəməsidir!
Yazdıqlarımın sübutu olaraq, məqsədyönlü şəkildə İmadəddin Nəsiminin Türkiyədə çox məşhur olan şeirlərindən birini nümunə gətirirəm:
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.
Sirat-i müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm.
Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,
Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm...
Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,
Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.
...Bu şeir Nəsiminin dəst-xəttində özünün yeni çalarlarını tapan, mütiliyə, köləliyə üsyan edən, Tanrıdan başqa kimsəyə boyun əyməyən sufi əxlaqının, dünyagörüşünün, təsəffüv fəlsəfəsinin daha açıq və daha anlayışlı bir dillə ifadə olunan nümunəsidir. Hünkara, yəni xəlifəyə minnət eyləməyən bir şairi yeni osmançıların tör-töküntülərini yığıb-yığışdıran kəslərin sevməməsi isə təbii qəbul olunmalıdır...
P.S. Maraqlıdır, sıradan bir neqativ hadisəyə dərhal reaksiya verən Türkiyə Radio və Televiziya Qurumu tarixi şəxsiyyətlərin ən alçaldıcı ifadələrlə aşağılanmasına nə üçün göz yumur və nə üçün susur? Susmaq razılıq əlamətidir, amma bu deyim bütün dövrlər və bütün tərəflər üçün keçərli deyil.
P.P.S. Tarixdə eşələnməyin, yetər! Kimlərinsə ideoloji və maddi maraqlarına xidmət, bəzən çox kiçik görünən və ziyansız olduğu bildirilən yanaşmalar çox ciddi problemlərə yol aça bilər. Azərbaycanla və digər türk dövlətləri ilə münasibətləri tarixdə baş verən hadisələr üzərində yox, ortaq dil, ortaq mədəniyyət və ortaq maraqlar müstəvisində qurmaq lazımdır. Çünki tarixi müstəvidə uzlaşma olmayacaq, Səlimin qarşısına İsmayıl, Süleymanın qarşısına Təhmas, Bəyazidin qarşısına isə Teymur çıxacaq...