Modern.az

Azərbaycanda narkotik tüğyanı... - Deputat da həyəcan təbili çalır, ictimaiyyət də...

Azərbaycanda narkotik tüğyanı... - Deputat da həyəcan təbili çalır, ictimaiyyət də...

1 İyul 2021, 08:43

Sosial şəbəkələrdəki tanınmış simalar, ictimai xadimlər həyəcan təbili çalırlar... Narahatlıq son vaxtlar Azərbaycanda narkotik maddələrdən istifadənin daha da kütləviləşməsiylə bağlıdır. Hətta iddia olunur ki, sintetik psixotroplar belə ölkəni başına götürüb.

İctimaiyyət nümayəndələri rəsmi qurumların açıqladığı rəqəmlərin əslində gerçəkliyi əks etdirmədiyini bildirirlər. Və iddialarda narkomanların, onu satanların daha çox olduğu vurğulanır. O da bildirilir ki, son vaxtlar ölkədə narkomanlığın “çiçəklənməsinə” səbəb hansısa vəzifəli şəxslərin bu sahədə maraq güdməsi, narkoticarəti himayə etməsidir.

Yeri gəlmişkən, rəqəmlərdə artımın olduğunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da etiraf edir.

Təsadüfi deyil ki, son günlər Dövlət Komissiyasının təşəbbüsü sayəsində mobil operatorlar vasitəsilə vətəndaşlara xəbərdaredici SMS-lər də göndərilir: “Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək!”.  

Son günlər Azərbaycanda bir neçə milyon abunəçiyə belə SMS-lər göndərilib.


Rəsmi məlumata görə, 2021-ci ilin ilk 3 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2050 cinayət faktı aşkarlanıb. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddələrin 656 kq 378,952  qr-nı heroin, 326 kq 541,49 qr-nı marixuana, 147 kq 157,972 qr-nı tiryək, 25 kq 734,08 qr-nı həşiş,89,679 qr-nı kokain, 29 kq 418,755 qr-nı metamfetamin və 637,84 qr-nı digər narkotik vasitələr, 101 kq 861,049 qr-nı psixotrop maddələr təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edir. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 2-si Türkiyə,2-si Ukrayna və 1-i Rusiya vətəndaşları olub.

2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilib.


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, təhlil göstərir ki, 2020-ci ilin I rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb.

“Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kq 945,417 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artıb”,- deyə rəsmi məlumatda vurğulanır.

Bu ilin 3 ayında Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14329 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərdən 529-nun istifadəçi olması müəyyən edilib..Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil etmişdi. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.

İctimaiyyət nümayəndələri isə rəqəmlərin rəsmi göstəricilərdən xeyli çox olduğunu bildirilər. İddia olunur ki, son vaxtlar ölkədə narkomanlığın “çiçəklənməsinə” səbəb hansısa vəzifəli şəxslərin bu sahədə maraq güdməsi, narkoticarəti himayə etməsidir.

Sosial şəbəkədə həyəcan təbili çalanlardan biri AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır. Onun sözlərinə görə, Azərbaycana narkotik əsasən İrandan gətirilir:


“Həbsxanada olduğum müddətdə narkotik işi ilə bağlı tutulanlardan aldığım məlumata əsasən, ölkəmizə bu maddənin az qala yarısı sərhəddən gizli keçirmələrlə gətirilir. Sərhədlərin mühafizəsindəki boşluqları yaxşı bilən qaçaqmalçılar ya narkotiki gizli şəkildə ölkəyə keçirir, ya da ki, sərhəd zastavalarının rəhbərləri ilə anlaşıb bu işi görürlər. Hətta bəzi hallarda dronlarla da narkotik keçirilir.

Narkotikin gömrükdən fərdi şəkildə ayrı - ayrı yüklərin, hətta bədən daxilində gizlədilərək keçirilməsi də geniş yayılıb. Bundan əlavə, böyük həcmli narkotik maddələr əsasən, gömrük nəzarəti orqanlarının rəhbərləri ilə anlaşaraq ölkəyə gətirilir.

Bu cür işlərə görə çox böyük məbləğdə ödənişlər edilir və aydındır ki, bu qədər böyük pul təkcə gömrük postlarını rəhbərlərinə çatmır”.

F.Qəhrəmanlı indi ölkədə çox təhlükəli bir vəziyyət yarandığını vurğulay;b:

“Nəinki gənclər, hətta orta məktəblərin yuxarı sinif şagirdləri arasında belə, narkomaniya kütləvi yayılmaqdadır.

Əgər narkotikin idxalının qarşısını almaq istiqamətində daha ciddi tədbirlər görülməzssə, vəziyyət gündən-günə pisləşməkdə davam edəcək.

Əks təqdirdə, yüz minlərlə gəncin narkotik aludəçiliyinin doğurduğu sosial - psixoloji və kriminal problemlər, cəmiyyətimizi fəlakətə sürükləyəcək”.


Milli Məclisin üzvü Aqil Abbas da Modern.az-a deyib ki, hər bir işdə olduğu kimi,  narkomaniyanın da xüsusi himayəçiləri var:

“Lakin bu işin başında kimlər olduğu haqqında əlimizdə dəqiq bir fakt yoxdur. Dövlət Gömrük Komitəsi hər ay İrandan və digər ərazilərdən Azərbaycana keçirilən narkotiklərin qarşısını alır. Eyni zamanda, narkotiklərlə mübarizə əməliyyatları keçirilir. Bu məsələnin hər zaman diqqətdə saxlanılması çox vacibdir.

Son vaxtlar sosial şəbəkələrdə narkotikin satışı ilə bağlı məlumatlar, fotolar belə yerləşdirilir. Hüquq-mühafizə orqanları bu cür şəxsləri araşdırıb tapmalıdır ki, getdikcə daha da geniş vüsət almasın”.


A.Abbas bu məsələlərlə bağlı ona da xeyli müraciətlər olunduğunu qeyd edib:

“Mənə bu problemlərlə bağlı müraciət edənlər olub. Müəyyən rayonlardan, bölgələrimizdən müraciətlər gəlir. Ad çəkmək doğru olmaz.

Bir müddət öncə əldə etdiyim məlumata görə, yeni narkotik növləri çıxıb. Həmin narkotiki çəkən insan doğma ata-anasını belə tanımır. Bu xəbərdən dərhal sonra məlumat aldığım rayonların hüquq-mühafizə orqanlarına məlumat verdim. Onlar bir neçə əməliyyatdan sonra həmin şəxsləri həbs ediblər.

Hazırda narkotiklə ən çox mübarizə aparan rayonlar Ağcabədi və Ağdamdır. Polislər narkotik məsələsi ilə ciddi formada məşğul olurlar. Çox cinayətlərin üstü açılıb, hazırda da araşdırmalar davam edir. Mən bir deputat olaraq bu məsələlərlə bağlı əlimdən gələni etməyə çalışıram”.


Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu