Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
Modern.az saytı Ağabəy Əsgərovun qısa dosyesini təqdim edir.
Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də anadan olub. Əslən Naxçıvan MR Culfa rayonunun Yaycı kəndindəndir.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib.
2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.
Ölkə başçısının 19 aprel 2005-ci il tarixli sərəncamı ilə “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilib.
18 noyabr 2017-ci il tarixində “Şöhrət” ordeni ilə təltif olunub.
Uzun müddət yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayında Siyasi Şura ləğv olunarkən Ağabəy Əsgərov YAP-ın rəhbər strukturlarındakı təmsilçiliyini də itirib. O, nə yeni İdarə Heyətinə salınıb, nə də Veteranlar Şurasına üzv edilib.
Subaydır.
Son vaxtlar mətbuatda “Azərbaycan” nəşriyyatının binasında hökm sürən acınacaqlı vəziyyətlə bağlı yazılar dərc olunurdu. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi. Yerli media həmişə onu AMEA prezidenti, akademik Ramiz Mehdiyevin adamı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova yaxın şəxs kimi təqdim edib.
A.Qorxmaz