Modern.az

Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür

Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür

4 Oktyabr 2021, 00:10

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 1 il ötür.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizlənmişdi. 


Oktyabrın 4-də Cəbrayıl şəhəri də erməni işğalından azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də ermənilərdən geri alınıb.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.  

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. 


Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

 

Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.

 

Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
 

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov:


"İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq ən böyük arzumuz idi!
1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. İnanırıq ki, tezliklə həyat öz axarına düşəcək, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcəkdir".




Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan sonra Cəbrayıl rayonunun 1050 kv.km ərazisi – rayon mərkəzi və 90-a yaxın kəndi erməni vandalizmi nəticəsində tamamilə məhv edilib.

Ermənilər 28 illik işğal müddətində Cəbrayılda bütün mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə-yeksan edib, ekoloji terror törədiblər.


Hazırda Cəbrayıl ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.

İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal