Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirlər davam etdirilir.
Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətindən Modern.az-a daxil olan birgə məlumata görə, son günlər ərzində Xidmətin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanıllb. Onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.
Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.