Modern.az

Hüseynqulu Bağırov HARALARDADI…

Hüseynqulu Bağırov HARALARDADI…

Ölkə

17 Dekabr 2021, 14:28

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun harada olduğunu öyrənməyə çalışıb

Rubrikamızın keçmiş naziri gündəmə gətirməsi təsadüf deyil. Çünki 17 dekabr tarixi Hüseynqulu müəllimin doğum günüdür. Bu gün onun 66 yaşı tamam olub.

Bilməyənlər üçün qeyd edək ki, cənab Hüseynqulu Bağırovun hazırda rəsmi iş yeri Bakıdakı Qərbi Kaspi Universitetidir. O, indi bu unuversitetin Qəyyumlar Şurasının sədri vəzifəsində çalışır.  

Qərbi Kaspi Universiteti professor Hüseynqulu Bağırovla bağlı ən sonuncu xəbəri elə lap bu yaxınlarda - dekabrın 11-də yayıb. Həmin xəbərdə bildirilib ki, Hüseynqulu müəllim Qərbi Kaspi Universitetinin müəllim və tələbələrilə birgə mərhum dövlət başçısı Heydər Əliyevin və mərhum oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib. Ziyarətdən fotoşəkillərin də olduğunu nəzərə alsaq, deyə bilərik ki, bəzi KİV-lərin H.Bağırovun xaricdə bizneslə məşğul olduğu barədə xəbərləri reallığı əks etdirmir. Yəni sabiq nazir hazırda Bakıdadır…


Hüseynqulu Bağırov 2000-2001-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri, 23 may 2001-ci ildən 21 aprel 2018-ci ilə kimi isə ekologiya və təbii sərvətlər naziri işləyib.

Hüseynqulu Seyid oğlu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub.

1978-1983-cü illərdə Təhsil Nazirliyində, daha sonra Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim işləyib. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən isə Qərb Universitetinə rəhbərlik edib. Sonradan bir il Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində çalışıb.

2001-ci ildə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin olunan H.Bağırov, 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının da prezidenti seçilib. O, 2015-ci il dekabr ayının 16-da  “Şöhrət ordeni ilə təltif edilib.


Qeyd edək ki, Hüseynqulu Bağırov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işləmiş Mircəfər Bağırovun qardaşı nəvəsidir

Sabiq nazir ailəlidi, Lətif adlı oğlu var. Bir neçə il öncə bəzi KİV-lər keçmiş nazirin xaricdə mülklərinin olduğu barədə siyahı dərc edəndə o, Modern.az-a açıqlamasında bunları təkzib etmiş, oğlunun Türkiyədə kiçik bizneslə məşğul olduğunu isə gizlətməmişdi…


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama