Modern.az

Azərbaycanda iki yüksək vəzifəli məmurun istefası GÖZLƏNİLİR

Azərbaycanda iki yüksək vəzifəli məmurun istefası GÖZLƏNİLİR

1 Yanvar 2022, 09:50

Şərq təqviminə görə “pələng ili” adlandırılan 2022-ci il Azərbaycana hansı yeniliklər, siyasi hadisələr vəd edir? Bu il kimlər vəzifəsindən azad ediləcək, Qarabağ bölgəsində yenidən müharibə başlayacaqmı, siyasi hadisələr necə cərayan edəcək?


Modern.az-ın suallarını cavablandıran tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli bildirib ki, 2022-ci il Azərbaycan hakimiyyətində ciddi struktur dəyişikliyi gözlənilir.


Onun sözlərinə görə, qismən azad mövqeyi olan mütəxəssislər müəyyən vəzifələrə təyin olunacaqlar:


“Bu il yüksək rəsmi qurumlarda istefalar olacaq. 2020-ci ildə istefaların mərkəzində icra başçıları, 2021-ci ildə “poqon”luların olacağını demişdim. 2022-ci ildə isə səhiyyə və təhsil sahəsində çalışan məmurların istefalarına, vəzifədən azad olunmalarına şahidlik edəcəyik”.


Astroloq adlarını açıqlamasa da, 2022-ci ildə iki böyük ranqlı məmurun istefa xəbərinin hər kəsi təəccübləndirəcəyini qeyd edib:  


“İnsanları ən çox narahat edən suallardan biri 2022-ci ildə Qarabağda müharibənin yenidən olub-olmayacağı ilə bağlıdır. Əminliklə deyə bilərəm ki, bu il Qarabağda müharibə olamayacaq, olsa belə, xırda anti-terror əməliyyatları həyata keçiriləcək.  Amma Naxçıvanı Azərbaycana birləşdirən Zəngəzur dəhlizinin açılacağını proqnozlaşdırıram”.

 



S.Rəhimli hər ilin özünəməxsus xarakterik təbii fəlakətləri olduğunu bildirib:


“2022-ci il, “pələng il”ində daha çox təyyarə qəzaları və vulkanlar önə çıxacaq”.


Onun sözlərinə görə, fevral və noyabr aylarında olmasa, il ərzində ölkədə devalvasiya gözlənilmir:


“Bundan əlavə, “Tərtər işi” ilə bağlı ilkin həbslər başlayacaq. Mənim üçün “Tərtər işi” 20 Yanvar, Xocalı faciəsindən sonra Azərbaycana dəyən ən böyük zərbələrdən biridir. O qədər ört-basdır edilib ki, insanlar işi tam anlamır.

Politoloqlar bildirirlər ki, 2022-ci ildə növbədənkənar seçki və ya referendum olacaq. Əksinə, 2022-ci ildə bunların heç biri olmayacaq”.


Astroloq 2 ildir dünyanı cənginə alan koronavirus pandemiyasının bu ilin ikinci yarısından etibarən tam olmasa da, qismən öz mahiyyətini itirməyə başlayacağını qeyd edib.


Bu il qonşu dövlətlərdə baş verəcək vacib siyasi proseslər haqqında danışan S.Rəhimli bildirib ki, Rusiya hakimiyyəti son 12 ilin ən böyük siyasi təzyiqinə, etirazlarına məruz qalacaq:


“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azadlığa çıxacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi cəhdləri fiaskoya uğrayacaq. Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi gözlənilmir. 2022-ci ildə hər kəsi narahat edən Rusiya-Ukrayna müharibəsi olamayacaq. Putin administrasiyası 2022-ci ildə yenidən iqtidarda təmsil olunacaq. İran və “Taliban” rejimi arasında gərginlik artsa da, müharibə həddinə çatmayacaq”.


Astroloq sonda ilin aktiv ölkələri sırasında İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, Kiçik Asiya dövlətləri, Norveç, Əlcazair, İsveç, Mərakeş, Hindistan, Kuba, Kanada və Çilinin olacağını bildirib:


“Bu ölkələr siyasi hadisə və ya təbii fəlakətlə “pələng ili”ndə gündəmdə ola bilərlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?