Rusiya, Ermənistan və Azərbaycan liderləri Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.
Modern.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O xatırladıb ki, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
"Biz güman edirik ki, bu, tezliklə baş verəcək. Biz bu sazişin ən yüksək səviyyədə həyata keçirilməsi üçün keçilməz maneə görmürük", - Rusiya XİN rəhbərinin müavini bildirib.
Rudenko qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyət gərginləşən ilk vaxtdan Rusiya vasitəçi kimi çıxış edərək, müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib.
Nazir müavininin sözlərinə görə, insidentlər birbaşa Rusiya sülhməramlılarının məsuliyyət zonası ilə bağlı deyil. Problem sovet dövründən miras qalmış və iki ölkə arasında dövlət sərhədinin lazımi beynəlxalq hüquqi qeydiyyatının olmaması ilə bağlıdır.