Modern.az

Tanınmışlar “Şuşa ili”ndən nələr GÖZLƏYİR...

Tanınmışlar “Şuşa ili”ndən nələr GÖZLƏYİR...

1 Yanvar 2022, 16:05

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il "Şuşa ili" elan edib.

Prezident İlham Əliyev 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirib:

Mədəniyyət xadimləri, bir neçə deputat Şuşa ilə bağlı təklif və düşüncələrini Modern.az-a bildiriblər.


122 saylı Xankəndi seçki dairəsinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev Prezidentin 2022-ci ilin "Şuşa ili" elan etməsini təqdirəlayiq addım adlandırıb.

Onun sözlərinə görə, şuşalı olaraq Prezidentin bu təklifinə çox sevinib:


“Bütün xalqımız 2022-ci ilin "Şuşa ili" olmasını möhtəşəm şəkildə qeyd edəcək. Bildiyimiz kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. 1752-ci ildə bünövrəsi qoyulmuş şəhərin bu il 270 illiyi qeyd olunacaq. Şuşa Azərbaycanın tarixində silinməz izlər buraxıb. Mədəniyyət paytaxtı olmaqla yanaşı, Azərbaycan ədəbiyyatının, tarixinin görkəmli şəxsiyyətləri Şuşada doğulub. Şuşanın belə bir diqqətə, tarixin yüksək zirvəsinə qaldırılmasına görə cənab Prezidentə xüsusi olaraq təşəkkür edirəm. Şuşa artıq Azərbaycanın qələbəsinin, yeni səhifə açmasının göstəricisidir. Regionda yeni reallıqlar 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə öz məntiqi təsdiqini tapır. Azərbaycan artıq hərbi, iqtisadi, sosial –mədəni cəhətdən bütün regionda yeni bir reallıq yaradıb. Şuşanın bu reallıqlarda xüsusi önəmi var”.


T.Gəncəliyev bildirib ki, Azərbaycan xalqının ürəyi olan Şuşa şəhəri həmişə düşmənlərin hədəfində olub:

“1905, 1918-ci illərdə baş verənlər, həmçinin 1992–ci illərdəki erməni işğalı onu göstərir ki, Şuşa şəhəri həmişə düşmən tərəfindən hədəfdə olub. 2020-ci ildə Yeni ili qarşılayan zaman desəydik ki, "2022-ci il Şuşa ili elan ediləcək" həqiqətən bir nağıl kimi qəbul olunardı. Prezidentimizin rəhbərliyi altında ordumuz bu missiyanı həyat keçirdi və Şuşanı yenidən düşmən işğalından azad etdi. Bu qurtuluş əlbəttə əbədi xarakter daşıyacaq. Şuşa heç vaxt düşmən qüvvələrinin hədəfində olmayacaq”.

 

Deputat qeyd edib ki, Şuşa 44 günlük Vətən müharibəsi zamanı xüsusi rol oynayıb:

 

“Belə ki, Şuşa 8 noyabr tarixində düşmən işğalından azad olunduqdan bir gün sonra artıq Ermənistan kapitulyasiya aktını imzaladı. İlk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və möhtərəm Prezidentimiz arasında Şuşa Bəyannaməsi imzalandı. Bütün bunlar onu göstərir ki, Şuşa şəhəri böyük önəmə malikdir. Qarabağ tacının bundan sonra inkişaf edəcəyinə, dünyanın ən gözəl mədəniyyət və incəsənət şəhərlərindən biri olacağına şahidlik edəcəyik. Artıq şuşalılar tezliklə öz doğma şəhərlərinə geri qayıdıb burada yaşayaraq, şəhərin yenidən qurulmasına, bərpa edilməsinə öz töhfələrini verməyi səbirsizliklə gözləyirlər. Şuşa şəhərinə olan bu dəyərə görə, bütün şuşalılar adından cənab Prezidentə öz təşəkkürümü bildirirəm”.

 

Xalq artisti Firəngiz Mütəllimova deyir ki, yeni ilin sevindirici xəbəri məhz bu ilin "Şuşa ili" elan olunmasıdır:
 


“Şuşada yaşamış vətəndaş olaraq Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Çox sevindim. Çünki bütün diqqət bu il Şuşaya yönələcək.

Şuşa işğaldan azad olunandan sonra ilk dəfə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı çərçivəsində gözəl şəhərimi ziyarət etdim. İlk gedişimdə gördüm ki, artıq planlı şəkildə quruculuq işləri aparılır. Hər bir şey pillə-pillə öz  qaydasına düşəcək. Bu ilin "Şuşa ili" elan olunması mənim üçün böyük fəxr, qürurdur. Şuşalı olaraq ən böyük arzum Şuşadakı evimizin qapısından içəri girmək, ocağımızı yandırmaqdır. Əminəm ki, mənim kimi bütün şuşalılar və qarabağlılar bu arzusuna çatacaq”.


Xalq artisti bu il Şuşada davamlı olaraq mədəniyyət tədbirlərinin, beynəlxalq festivalların təşkil olunmasını arzu edib.



Milli Məclisin deputatı, yazıçı-jurnalist Aqil Abbas bildirib ki, "Şuşa ili"ndə şuşalıların müəyyən hissəsi öz doğma evlərinə qayıdacaq:

 

“Möhtərəm Prezident 2022-ci ili "Şuşa ili" elan etməklə bir daha Qarabağa olan diqqətini, qayğısını göstərdi. Yəqin ki, bu il Şuşaya qayıdış ili olacaq”.

 

Deputat bu il Şuşada məscidlərin, abidələrin yenidən bərpa olunmasını, növbəti mərhələdə yaşayış evlərinin tikilib, bərpa olunaraq insanların doğma evlərinə qayıtmasını arzulayıb.



Xalq yazıçısı Kamal Abdulla Prezidentin bu addımını sevinclə qarşıladığını söyləyib. 
Onun sözlərinə görə, bu, bütün azərbaycanlıların ürəyindən olan təşəbbüs idi:

 

“İnanıram ki, "Şuşa ili"ni hamı mədəniyyət və yüksək ruh coşqunluğu ilə qeyd edəcək”.

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 2022 –ci ilin "Şuşa ili" olması xəbərinin onda  xoş ovqat yaratdığını bildirib.

AYB katibi bu sərəncamı təqdir etdiyini və Prezidentə sosial şəbəkə hesabı vasitəsilə təşəkkür etdiyini deyib:

 

“2021-ci ildə həyatımda ən önəmli hadisə mayın 12-də Şuşaya “Xarıbübül” festivalına getməyim oldu. O səfər haqqında da “Şuşa gör nələr elədi” adlı yazı yazmışdım. Yazımda cənab Prezidentin Şuşaya münasibəti, məhəbbəti və sevgisinin bütün xalqa sirayət etdiyini söyləmişdim. Mayın 12-nə qədər Prezidentin dəfələrlə Şuşada olması və ondan sonra bir neçə dəfə Şuşaya səfər etməsi onun bu şəhərə olan sevgisinin göstəricisidir. “Xarıbülbül” festivalında cənab Prezident Şuşa haqqında çox gözəl fikir bildirdi:

“Mən dünyanın bir çox gözəl şəhərlərində olmuşam. Amma Şuşaya bənzər şəhər görməmişəm. Bəlkə də yoxdur”, -deyə söyləmişdi.

Bu sözlər mənim gözlərimi yaşartdı.  İlk şeirimi 42 il əvvəl, 15 yaşımda Cıdır düzündə yazmışdım. 2021-ci il mayın 12-si səhər cənab Prezidentin sözlərindən təsirlənərək Şuşada, Cıdır düzündə yeni şeir yazdım. Əməkdar artist  Xumar Qədimova həmin şeirə mahnı bəstələdi”.
 


R.Məcid bildirib ki, indi hamı Şuşaya getməyi arzulayır:

 

“Elə bilirəm ki, 2022-ci ildə Şuşaya getməyən Azərbaycan vətəndaşı qalmayacaq. Eyni zamanda, xaricdə yaşayan dostlarımız, türkdilli  və digər ölkələrdən olan yazıçılar da gəlmək istəyirlər. Əminəm ki, bu il də Şuşada böyük tədbirlər həyata keçiriləcək. O cümlədən, yəqin ki, bu il Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq, “Xarıbülbül musiqi festivalı” və Vaqif Poeziya Günləri böyük təntənə ilə beynəlxalq səviyyədə keçiriləcək. "Şuşa ili"ndə çoxlu-çoxlu ədəbiyyat, mədəniyyət tədbirləri keçiriləcəyini düşünürəm”.

AYB katibi sonda bu il Şuşaya şuşalıların ilk qayıdışının şahidi olacağına da ümid etdiyini söyləyib:

 

“Şuşalıların qədim məskəni yenə də öz qoynunu həmin kolaritli Şuşa əhlinə açacaq. Bu qərara görə cənab Prezidentə öz təşəkkürümü bildirirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?